Prezident İlham Əliyev haqsız rəqabətin bizim üçün böyük yara olduğunu xüsusi qeyd edib və bununla mübarizə aparılması barədə tapşırıqlar verib.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Sağlam rəqabət ölkədə iqtisadi inkişafı təmin edən əsas amillərdəndir. Ədalətli rəqabətdən, qiymətlərin azalmasından, məhsul çeşidinin genişlənməsindən təkcə sahibkarlar, dövlət deyil, həm də istehlakçılar, sadə vətəndaşlar qazanır. Rəqabətin qarşısında süni maneələrin olması bir qrup sahibkarın maraqlarına xidmət edir", - deyə nazir əlavə edib.
"İşgüzar mühitdə, xüsusilə də vergi-gömrük rejimində, sahibkarlarla ünsiyyətdə dəyişiklik olmadan rəqabətin səmərəli və effektiv şəkildə təmin edilməsi gözlədiyimiz effekti verməyəcək. Bunun sadə səbəbi var. Rəqabət bərabər şərait deməkdir. Əgər biz bu şəraiti fiskal çərçivədə vergi yükündə əks etdirə bilmiriksə, o zaman müəyyən dövrə qədər rəqabətin başqa hansı fərqli elementlərindən danışmağa dəyər? Uzun müddət idi ki, bizə Rəqabət Məcəlləsinin qəbul olunmaması ilə bağlı müəyyən suallar ünvanlanırdı. Düşünürəm ki, bu suallara əsas cavabım belə olardı", - deyə M.Cabbarov əlavə edib.