Nazilə: Fatimə zəng vurub dedi ki, "qızımı qaçırıb, ona toy edirlər" - VİDEO

"Fatimə ilə barışmağa qalsa, mən ehtiyac duymuram. Amma heç vaxt da heç vaxt demərəm. Bir gün elə bir hal ola bilər ki, hətta..."

Bu sözləri şairə və qiraətçi Nazilə Səfərli stilist və vizajist Anar Ağakiçiyevin aparıcısı olduğu "Dəyişən cavab" verilişində deyib.

Nazilə məhkəməlik olduğu rəqqasə Fatimə Fətəliyeva ilə aralarında yaşanan qalmaqaldan söz açıb. Səfərli bildirib ki, danışmadığı zamanlarda Fətəliyeva bir neçə dəfə ona zəng edərək, gedə bilmədiyi üçün öz məclisini ona verib:

"Hind rəqslərini oynayan bir rəqqasə var idi. Adı da rəqqasə Fatimə. Bu rəqqasə Fatimə mənimlə danışmırdı. Günlərin bir günü mənə zəng vurdu. Mən də bunun nömrəsini bilmirəm axı... Dedi ki, "salam, mənəm Fatimə". Mən də dedim ki, buyurun, eşidirəm. Danışmaya-danışmaya... Söylədi ki, "gümanım sənə gəldi. Mənim qızımı qaçırıblar və ona toy edirlər. Həmin gün isə mənim başqa yerdə toyum var. Toy sahibinə deyirəm ki, çıxım, amma o, mənə icazə vermir. Onun sözündən elə çıxdı ki, əvəzinə elə bir adam gətirməlisən ki, daha bahalı. Məni bu vəziyyətdən çıxararsan? Elə bir qiymətə o toyu danışmışam ki, o, mənim getdiyim qiymətin yarısıdır". Dedim ki, Allah qızını xoşbəxt eləsin. Ünvanı yazarsan, gedib mən o toyda çıxış edərəm, gətirib pulu da sənə verərəm. Dedi ki, "lazım deyil, halal xoşun olsun o pul". Getdim o toya və Fatiməni o çətin vəziyyətdən çıxartdım. Sən demə, mənim yarım saata getdiyim pul deyilmiş, saat yarım imiş. Məclis isə Sumqayıt şəhərində idi.

Danışmırdım onunla, amma bunu onun üçün etdim. Demək ki, mən mərd düşmənəm ki, mənə darda da zəng ediblər. Sonra yenə də bu hal eyni ilə yenidən təkrarlandı. Fatimə ilə danışmırıq. Amma salam versə, onun salamını alacağam. Fatimə mənə qarşı səhv edib. Hər dəfə bizim aramızda mübahisə olub ki, bir-birimizdən aralaşmışıq da...

Bir dəfə də "Maşın" şouda iştirak edirdim. Danışmaya-danışmaya Fatimə efirə gəlib dedi ki, "mən Naziləyə dəstək olmaq üçün buraya gəlmişəm". Həyatımın şokunu yaşadım (gülür). Bu dəfə amma aramızda başqa məsələlər oldu".

Qeyd edək ki, Apelyasiya Məhkəməsində qalib gələn Nazilə Səfərli Fatimə Fətəliyevadan üzr istəməsini tələb edib. Nazilənin 50 minlik təzminat davası 500 manata qədər endirilib və qarşı tərəfin bu məbləği ödəməli olacağı ilə bağlı qərar çıxarılıb./bizim.media

03.03.2024 13:47
1011