“İğdır-Naxçıvan qaz xəttinin inşası yaxın zamanda tamamlanacaq”. Xəbər verildiyi kimi, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib. Nazir qeyd edib ki, iki ölkənin enerji sahəsində həyata keçirdiyi layihələr bütün Avrasiya məkanının enerji xəritəsini dəyişdirir.
Xatırladaq ki, Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu 2020-ci il dekabrın 15-də imzalanıb. Qaz kəmərinin təməlinin qoyulması mərasimi isə ötən il sentyabrın 25-də keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Layihə 2023-cü ildə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldıracaq. Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə təxminən 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Qeyd edək ki, layihəni Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ həyata keçirir.
Bu ilin aprel ayında Azərbaycan və Türkiyənin hesablama palataları İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinin paralel auditi barədə razılığa gəlib. Müvafiq protokol aprelin 29-da Türkiyənin İğdır vilayətinin Aralıq rayonundakı “BOTAŞ” neft-qaz şirkətinin stansiyasında iki ölkənin hesablama palatalarının rəhbərləri tərəfindən imzalanıb. Sənədi Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Türkiyə Hesablama Palatasının rəhbəri Metin Yener imzalayıb. Sənədin imzalanması mərasimində “BOTAŞ”ın baş direktoru Əbdülvahid Fidan da iştirak edib. “Bu təşəbbüs qardaş ölkələrin əməkdaşlığında yeni səhifə açacaq. Qaz kəməri layihəsinin auditi zamanı ən müasir nəzarət metodlarından və ən son texnologiyalardan istifadə olunacaq”, - M.Yener jurnalistlərə bildirib.
İğdır-Naxçıvan qaz xəttinin inşasının Naxçıvanın energetik təhlükəsizliyi üçün önəmi, asılılığının azalması baxımından önəmini ekspertlərlə müzakirə etdik.
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Naxçıvan Birinci Qarabağ müharibəsindən sonra kifayət qədər izolə olunmuş, hətta blokada şəraitində yaşamağa məcbur idi. Ekspert bölgədə Azərbaycan, Türkiyə və İran üzərindən enerji təhlükəsizliyinin təmin edilməsi üçün müxtəlif layihələrin həyata keçirildiyinə diqqət çəkdi: “Bu layihələrdən ən yaxşıları Türkiyə üzərindən həyata keçirilən layihələrdir. Türkiyə və Azərbaycanın dostluğu, qardaşlığı birgə layihələrin əhəmiyyətini artırır və təhlükəsizliyə təminat yaradır. Naxçıvanın Türkiyə üzərindən qazla təmin olunması muxtar respublikanın digər ölkələrdən, o cümlədən İrandan asılılığını xeyli dərəcədə azaldacaq. Naxçıvana ötürülən qazın Azərbaycan qazı olduğunu nəzərə alsaq, bu, Azərbaycana daha ucuz başa gələcək. Naxçıvanın illik qaz istehlakı təxminən 500 milyon kub metrdən bir qədər azdır. Bu böyük rəqəm deyil. Azərbaycan bunu öz gücü hesabına kifayət qədər təmin edə bilər. İğdır-Naxçıvan qaz kəmərinin gücü təqribən bu səviyyədədir. Buna görə də Naxçıvan üçün enerji təhlükəsizliyi baxımından qaz kəmərinin ciddi əhəmiyyəti var. Eyni zamanda yeni iş yerlərinin yaradılması, yeni sənaye müəssisələrinin yaranması və s. ümumilikdə Naxçıvan bölgəsinin inkişafına ciddi töhfə verə bilər”.
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov hesab edir ki, Naxçıvanın blokadada olmasının hiss edilməməsi, həyatın tam axarında getməsi üçün Azərbaycanın əsas hissəsi ilə, bu mümkün olmadıqda isə Türkiyə ilə nəqliyyat-kommunikasiya və digər xətlərin açılmasına ehtiyac var. “Yeni Müsavat”a şərhində ekspert xatırlatdı ki, Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu müharibə bitdikdən dərhal sonra, 2020-ci ilin dekabr ayında imzalanıb: “Layihə kifayət qədər maliyyətutumludur. Boru kəmərinin diametri 40 santimetrdir. Məsafənin 4/5 hissəsi Türkiyə ərazisindən çəkilir. 97,5 kilometrlik məsafənin 80 kilometri Türkiyənin, qalan hissəsi isə Azərbaycanın ərazisindən keçir. Ötürücülük gücünü isə kifayət qədər yüksək hesab etmək olar-gün ərzində 2 milyon kub metr, ildə isə təxminən 740 milyon kub metr. Düşünürəm ki, bunu rahat şəkildə 1 milyard kub metrə çatdırmaq olar. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin açılması mövzusu aktuallığını saxlayır, dəhliz açıldıqdan sonra Azərbaycanın əsas hissəsindən Naxçıvana müxtəlif kommunikasiya xətləri, eyni zamanda qaz boru kəməri çəkiləcək. Bununla da Azərbaycan qazı Naxçıvanı təmin etməkdən əlavə, Naxçıvan üzərindən yeni kəmər vasitəsilə əks istiqamətə, Türkiyəyə nəql edilə biləcək. İğdır-Naxçıvan boru kəməri uzun müddətdə aktual olacaq. Bu kəmər bir müddət İrandan asılılığı azaltmağa xidmət edəcək. İranın Astara tərəfdən qaz verməsi Azərbaycanı ciddi qaz itkisinə məruz qoyur. 1:1 nisbətində qaz mübadiləsi həyata keçirilmədiyindən Azərbaycan daha aşağı şərtlərlə bunu etməyə məcburdur. İran tərəfi isə mübadilə prosesində qazanan tərəfdir. Bir sözlə, İğdır-Naxçıvan qaz boru kəməri İranla bağlı məsələnin bilavasitə həllini tapmasına imkan verəcək. Yəni bu boru kəməri təkcə Naxçıvan üçün deyil, ümumilikdə Azərbaycan üçün də öz qazını daha səmərəli istifadə etməyə şərait yaradacaq və Azərbaycan qazının gələcəkdə yeni xətlə Türkiyə üzərindən Avropaya ötürülməsində əlavə fürsətlər yaradacaq”.
Qeyd edək ki, İğdır-Naxçıvan təbii qaz kəmərinin bu ilin sonu, ya da yeni ilin əvvəlində istifadəyə verilməsi gözlənilir. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bir neçə ay öncə mətbuata açıqlamasında bildirib ki, inşaat işləri ən qısa zamanda bitəcək. Nazir həmçinin qeyd edib ki, iki ölkə arasında imzalanan razılaşmaya əsasən, 2030-cu ilə qədər Türkiyə və Avropaya nəql edilən Azərbaycan təbii qazının həcmi artırılacaq.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”