Milli Məclisə seçkilərin təşviqat mərhələsinin son günüdür
Bu gün-30 avqust seçki ilə bağlı təbliğat-təşviqat kampaniyasının sonuncu günüdür. Sabah - 31 avqust “sükut günü” olduğu üçün namizədlərin təbliğat-təşviqat kampaniyası aparıla bilməz.
Ölkədəki bütün məntəqə seçki komissiyaları seçkilərə tam hazır vəziyyətdədir.
Deputatlığa 1052 nəfərin namizədliyi qeydə alınsa da 61 nəfər sonradan namizədlikdən geri çəkilib. Bu səbəbdən parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib. 125 saylı Zəngilan seçki dairəsindən deputatlığa namizəd Nəsiman Yaqublu bir neçə gün öncə nəqliyyat qəzası nəticəsində həlak olduğu üçün hazırkı vəziyyətə görə seçkidə 990 namizəd mübarizə aparır.
Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə ilk dəfə səsvermə hüququ yaranan şəxslərin sayı 51 min 141 nəfərdir.
Seçki ekspertlərinin rəyinə görə, başa çatmaqda olan seçki kampaniyası Azərbaycanda indiyə qədər keçirilən parlament seçkiləri kampaniyaları sırasında ən sakit, gərginliklər yaşanmayan seçki kampaniyası oldu.
Namizədlərin sırasında aktiv, parlaq təbliğat-təşviqat kampaniyası aparanlar olsa da onların sayı elə də çox deyil. Namizədliyi ləğv edilən isə olmayıb.
Növbədənkənar seçkilərlə əlaqədar 604 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərin 227 nəfəri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləridir.
111 min 200-ə yaxın yerli müşahidəçi qeydə alınıb. 25 siyasi partiyanın 65 minə yaxın müşahidəçisi qeydiyyatdan keçib.
Onu qeyd etmək lazımdır ki, xüsusilə Naxçıvan Ali Məclisinə seçkilər fərqli siyasi ortamda keçməkdədir. Maraqlısı odur ki, indiyə qədər Naxçıvan Ali Məclisində siyasi partiyalar olaraq iki partiya - YAP və AXCP təmsil edilmişdir. Bu dəfə isə seçkilərə 3 siyasi partiyanın namizədləri qatılır. YAP, AG Partiya və AMİP. Lakin burada onu vurğulamaq lazımdır ki, AG Partiyanın Naxçıvan Ali Məclisinə 40 saylı Saltaq seçki dairəsindən namizədi Mətləb Aslanov məhz partiyasının rəsmi siyasi təşəbbüsü ilə qatılır.
AG Partiyanın Naxçıvanda siyasi proseslərdə iştirakı, ümumiyyətlə, muxtar respublikası üçün bir yenilikdir. AG Partiyanın bəyan etdiyi əsaslar ondan ibarətdir ki, müxalifət partiyalarının məclisdə təmsil edilməsi zəruridir. Ancaq AG Partiyanın mövqeyinə görə müxalifət milli xarakterli olmalıdır, özünün sosial və fəaliyyət əsasını xalqa dayandırmalıdır. Bu baxımdan, bir çox amilləri cəmləşdirərək belə hesab etmək olar ki, üzvlərinin sayının çoxluğuna, strukturunun demək olar ki, hər bölgədə mövcud olmasına, məhz yerli resurslara bağlı olduğuna görə Naxçıvan Ali Məclisinə qatılacağı təqdirdə AG Partiya yeni siyasi mühitin formalaşmasına öz töhfəsini verə bilər.
Tural Abbaslı
AG Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Naxçıvan Ali Məclisinin tarixində ilk dəfədir partiya tərəfindən namizəd irəli sürülüb: “Hətta Yeni Azərbaycan Partiyası da rəsmi namizəd irəli sürməyib. YAP-ın üzvləri öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüblər. AĞ Partiya isə ilkə imza ataraq partiya tərəfindən namizəd irəli sürüb. Bu, bir yeni addımdır və biz çox istəyirik ki, Naxçıvan Muxtar Respublikasında yeni siyasi mühitin formalaşmasına öz müsbət təsirlərini göstərsin, bir yaxşı presedentin əsası olsun. Biz muxtar respublikanın siyasi həyatında rol almaq üçün namizədimizlə orada seçkilərə qatıldıq. İnşallah, gələcək seçkilərdə daha çox sayda namizədlə iştirak edəcəyik. Əgər seçkilər demokratik keçiriləcəksə, namizədimiz Mətləb Aslanovun çox rahatlıqla Ali Məclisə üzv seçiləcəyinə əminik. Belə olacaqsa, AĞ Partiya Naxçıvan Ali Məclisində təmsil olunacaq. Bu, Azərbaycan üçün də bir yenilik olacaq”.
Aydın Quliyev
Siyasi ekspert Aydın Quliyev isə bildirdi ki, Naxçıvanda hakim Yeni Azərbaycan Partiyası ilə bərabər başqa siyasi partiyaların da seçkiyə qatılması, əlbəttə, əvvəlki dövrlərlə müqayisədə nisbətən fərqli bir əlamətdir: “Əvvəllər biz adətən Naxçıvan Ali Məclisinə seçkilərdə yalnız Yeni Azərbaycan Partiyasının üzvlərinin seçkiyə qatılmasının şahidi olardıq. Ancaq bu gün bildiyim qədər orada Yeni Azərbaycan Partiyasının üzvləri ilə yanaşı, Milli İstiqlal Partiyasının və AG Partiyanın da nümayəndələri namizəd kimi seçkidə iştirak edirlər. Seçkiyə qatılanların hər birinə uğur arzulamaq bizə qalan işdir. Lakin seçkidə Azərbaycan siyasi mühitində siyasi partiyaların perspektivi ilə bağlı dəqiq proqnoz vermək olduqca çətindir. Bütün hallarda mənim üçün çox çətindir. Ona görə ki, siyasi partiyaların siyasi mühitdə, seçkidə nə kimi mövqe tuta biləcəkləri onların təkcə özünün resurslarından asılı olmayan məsələdir. Burada siyasi partiyaların resurslarından başqa həlledici rol oynayan amillər var. Buna görə də siyasi partiyaların istər seçkidə iştirak eləsin, istər eləməsin, onların perspektivi ilə bağlı dəqiq proqnoz vermək çətin olur. Əgər hər şey siyasi partiyaların resurslarından asılı olsaydı, onda proqnozlaşdırmaq olardı”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”