Naxçıvan Dövlət Universiteti Avrasiya çempionatı keçirir

2 mart tarixində Bakı İdman Sarayında Naxçıvan Dövlət Universitetinin ölkə üzrə təmsilçisi olduğu "Robotex Azərbaycan" festivalının açılış mərasimi olub.

Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağcı, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər xanım Səttarova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azercell CEO-sunun bas müşaviri Okan Çimen, Təhsil Tələbə Kredit Fondunun rəhbəri Araz Paşayev eyni zamanda universitetlərin rektorları, məktəb direktorları iştirak ediblər.

Qeyd edək ki, 2-3 mart tarixlərində Naxçıvan Dövlət Universiteti və Robotex Türkiyənin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azercellin və Global Olympiad Center dəstəyi ilə keçirilən “Robotex Azərbaycan Avrasiya Çempionatı” Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir.

Nəzərinizə çatdıraq ki, Robotex Azərbaycan Avrasiya Çempionatında 6 univeristet, 41 məktəb, 10 özəl müəssisədən 250-dən çox komanda, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edir. Komandalar 18 kateqoriyada 4 yaş qrupunda (ibitidai, orta, yuxarı siniflər və univeristet tələbələri olmaqla) yarışaraq qaliblərin adını müəyyən edəcəklər. Hər kateqoriyada ilk 3 yeri qazanan komandalar ölkəmizi Antalyada təşkil olunacaq yarımfinal mərhələsində təmsil edəcəklər. Komandalardan ən yaxşı nəticəni göstərən 4-5-ci yerin sahibləri juri heyətindən xüsusi fərqlənmə almaqla yarımfinalda iştirak edə biləcəklər. Qeyd edək ki, 18 ölkənin iştirakı ilə Antalyada olacaq yarımfinal mərhələsində dərəcə göstərən komandalar noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak haqqı qazanacaqlar.

Məlumat üçün onu da bildirək ki, Robotex Azərbaycan Avrasiya Çempionatında dərəcə göstərən komandalara kubok və sertifikatlar təqdim olunacaq. Startap üzrə yarışa qatılan komandalar isə xüsusi üstünlüklər veriləcək. Belə ki, Türkiyə texnoparklarında şirkətlərini qurma, Türkiyə dövlətidən maliyyə yardımı ala biləcəklər. Eyni zamanda bu yarışda əldə ediləcək sertifikatlar gələcəkdə tanınmış dünya univeristetlərində təhsil almaq arzusunda olan şagirdlərin təqaüd ilə təhsil almasında eyni zamanda qəbul alma şansı artıracaq.

03.03.2024 16:18
1118