Navalnıya ianə verdi, ölkəsində terrorçu elan edildi-Rusiya həqiqəti

Rusiyada bloger və sahibkar, eyni zamanda brend təsisçisi Nikita Yefremov barəsində “ekstremist fəaliyyətin maliyyələşdirilməsi” ittihamı irəli sürülüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Moskva məhkəməsi istintaq orqanının vəsatəti əsasında ona qarşı “müəyyən hərəkətlərin qadağan olunması” tədbiri seçib.

Məlumata görə, Yefremov bir neçə gün əvvəl Türkiyədən geri dönərkən Şeremetyevo hava limanında saxlanılıb. İttihama əsasən, o, bir vaxtlar Aleksey Navalnının rəhbərlik etdiyi “Korrupsiya ilə Mübarizə Fondu”na (FBK) ianə edib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Yefremovun Moskvadakı və Sankt-Peterburqdakı mağazalarında axtarış aparılmış, minlərlə cüt ayaqqabı ekspertiza üçün müsadirə edilmişdi. O zaman sahibkar tanınmış markaların ayaqqabılarının saxtalaşdırılmasında günahlandırılmışdı. Yefremov isə ittihamları qəbul etməmişdi. ABŞ-a getməsinə baxmayaraq, sonradan Rusiyaya qayıtmaq qərarı vermişdi.

Musavat.com

19.08.2025 17:28
438