Moskvanın Basmannı rayon məhkəməsi 22 yaşlı İvan Trofimov və 21 yaşlı Alina Olexnoviçi ekstremist təşkilatın fəaliyyətində iştirak ittihamı ilə sentyabrın 24-dək ev dustaqlığına göndərib.
Musavat.com xəbər verir ki, bu barədə “Mediazona” portalı məlumat yayıb.
Universitetin saytında verilən məlumata görə, Trofimov və Olexnoviç Ali İqtisadiyyat Məktəbinin tələbələridir. Onlar Müasir İncəsənət Kafedrasında “kino və video sənət” sahəsi üzrə təhsil alırlar.
Tələbələrin saxlanılması barədə ilk məlumat Kremlpərəst jurnalist Vladimir Solovyov tərəfindən Teleqram kanalında yayılıb. O, Trofimovun əlləri qandallanmış fotosunu yerləşdirərək onları “Navalnının yeraltı qərargahının fəalları” adlandırıb.
Ekstremist təşkilatın fəaliyyətində iştirakla bağlı maddə 6 ilə qədər həbs cəzasını nəzərdə tutur. Ali İqtisadiyyat Məktəbinin tələbələrinin hansı təşkilata qatılmaqla günahlandırıldığı bildirilmir.
Qeyd edək ki, həbsdə olan müxalifətçi Aleksey Navalnı ilə əlaqəli bir neçə təşkilat, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə Fondu və Navalnının Baş Qərargahı Rusiyada ekstremist kimi tanınır. Navalnının qərargahının bir neçə keçmiş koordinatoru ekstremizmlə bağlı ittihamlarla mühakimə olunub və ya olunmaqda davam edirlər. Navalnının özünü “ekstremist cəmiyyət qurmaq” ittihamı ilə 20 il həbs cəzası gözləyir.
Rusiya müxalifətinin liderinin tərəfdaşları bu yaxınlarda Rusiyada anti-müharibə və anti-Putin təbliğatı ilə məşğul olacaq qərargahlar şəbəkəsinin yenidən qurulduğunu elan ediblər. Qərargah öz fəallarına qarşı repressiyaların qarşısını almaq üçün gizli fəaliyyət göstərəcək. Trofimov və Olexnoviçin həqiqətən də bu “yeraltı qərargah”ın fəaliyyətində iştirak edib-etmədiyi məlum deyil.
Musavat.com