NATO Ukraynanı “hərbi alət” elan etdi: Qərb artıq bu dövləti Rusiya üçün “hədiyyə”yə çevirir

Kollektiv Qərb üçün Ukraynanın gələcək taleyi qətiyyən önəm daşımır, NATO baş katibinin “Ukraynaya verilən dəstək xeyriyyəçilik və ya sevgi hislərinin ifadəsi deyil, alyans ölkələrinin təhlükəsizliyinə investisiyadır” açıqlaması Rusiya ilə hələ də savaşan bu ölkənin faciəsidir... Anlaşılan odur ki, indi kollektiv Qərb üçün Ukraynanın Rusiya qarşısında hələ bir müddət də tab gətirə bilməsini təmin etmək əsas hədəfdir, savaşdan sonrasa, bu dövlətin ərazisinin Kremllə “geopolitik bazarlıq” predmetinə çevriləcəyi istisna deyil...

Ukrayna savaşı ətrafında yaranmış situasiya artıq yeni mərhələyə keçməyə başlayıb. İndi artıq Ukrayna dövlətinin gələcək taleyinin necə olacağı ilə bağlı məsələ daha çox aktuallıq təşkil edir. Belə ki, Ukrayna savaşının ilk mərhələsinə rəsmi Kiyevə maksimum səviyyədə maliyyə və hərbi texnika dəstəyi verən kollektiv Qərb artıq buna o qədər də həvəsli deyil. Xüsusilə də, ABŞ Ukrayna ordusunun silah-sursat ehtiyaclarının maliyyələşdirilməsini dayandırıb. Avropa Birliyi isə yaxın dörd il üçün 50-60 milyard avroluq bir dəstək paketi qəbul edib.

Təbii ki, bu, Ukrayna dövlətçiliyi üçün real təhlükə və hətta fəlakət deməkdir. Çünki Ukraynanın NATO ölkələrinin intensiv dəstəyi olmadan Rusiyanın hərb maşını qarşısında o qədər də uzun müddət tab gətirmək imkanları mövcud deyil. Böyük Britaniyanın hərbi dairələrindən verilən son açıqlama da bunu təsdiqləyir. Belə ki, həmin açıqlamaya görə, ən qısa zamanda Ukraynaya hərbi yardımların bərpası və artırılması qaçılmazdır. Əks halda, Ukraynanın Rusiya üzərində hərbi qələbəsi barədə danışmaq yersiz olacaq. Və Ukrayna ən uzağı yay aylarında Rusiya qarşısında tam hərbi məğlubiyyətə uğrayacaq.

24d70acd8d1b6f62b68acce5b853356c.jpg (164 KB)

Belə anlaşılır ki, kollektiv Qərb Rusiya ilə müharibənin Ukrayna üçün necə nəticələnəcəyini artıq bilirlər. Əslində, savaş başlamazdan öncə də Ukraynanın hərbi məğlubiyyətinə şübhə etmirdilər. Ancaq kollektiv Qərbə rəsmi Kiyevin Rusiya ilə mütləq savaşa girməsi lazım idi. Ona görə də, rəsmi Kiyevi müxtəlif vədlərlə şirnikləndirərək, əvvəlcə Rusiya ilə sərt qarşıdurmaya, ardıncasa, açıq savaşa sövq etdilər. Və indi kollektiv Qərbi Ukraynanın gələcək taleyi deyil, məhz Rusiya ilə savaşın bir qədər də uzadılmasının təmin edilməsi daha çox maraqlandırır.

Ona görə də, kollektiv Qərbin avanqard siyasi mərkəzləri Ukraynaya hərbi dəstəyin bərpasının vacibliyini təbliğ etməyə cəhd göstərirlər. Üstəlik, bu təbliğatın hədəfləri barədə indiyə qədər gizli saxlanılan reallıqlar da açıq mətnlə gündəmə gətirilir. Hər halda, son vaxtlara qədər Ukraynanın ərazi bütövlüyündən, suveren hüquqlarından ağızdolusu danışan Qərb siyasi dairələri hazırda əsl real hədəfləri etitaf etməyə başlayıblar. Və bu, Qərbin riyakarlığını, Ukraynanın geopolitik maraqlar naminə qurban verildiyini növbəti dəfə açıq şəkildə biruzə verməkdədir.

Maraqlıdır ki, bu mövzuda ən qalmaqallı açıqlamaya NATO-nun baş katibi Yens Stoltenberq müəlliflik edib. NATO baş katibi vurğulayıb ki, Ukrayna savaşı sayəsində Rusiyanın döyüş potensialının əhəmiyyətli bir hissəsini məhv etmək mümkün olub: “Rusiyaya qarşı bu önəmli hədəfi reallaşdırarkən, biz bir NATO və ya ABŞ əsgərindən belə, istifadə etmək məcburiyyətində qalmadıq. Ona görə də, anlamaq lazımdır ki, Ukraynaya hərbi dəstəyin maliyyələşdirilməsi qətiyyən xeyriyyəçilik fəaliyyəti və ya sevgi hislərinin ifadəsi deyil. Bu, sadəcə, bizim öz təhlükəsizlik maraqlarımızın təmin edilməsinə investisiya yatırmağımız kimi başadüşülməlidir”.

15451276t1h43eb.jpg (46 KB)

Onu da qeyd etmək lazımdır ki, NATO-nun baş katibi Yens Stoltenberq hazırda Ukraynaya 100 milyard dollarlıq hərbi dəstək fondunun əsas ideya müəllifi kimi çıxış edir. Bu, onu göstərir ki, Ukraynaya dəstəyi dayandırmış ABŞ bu məsələni Avropa Birliyi ilə yanaşı, NATO-ya üzv olan bütün dövlətlərin üzərinə yükləməyə cəhd göstərir. NATO baş katibinin bu məsələdə əsas ideya müəllifi kimi çıxış etməsi isə Ağ Evin planlarının reallaşa biləcəyinin əlaməti sayıla bilər. Hər halda, bu ideyaya ilk reaksiya verən Almaniya Ukrayna ordusunun silah-sursat ehtiyaclarının ödənməsi məqsədilə 100 milyard dollarlıq fondun yaradılması cəlbedici təklifdir.

Ancaq digər bir maraqlı məqam da diqqəti çəkir. Belə ki, Beynəlxalq Valyuta Fondunun (BVF) təmsilçisi Culi Kozak Ukraynanın dövlət borclarının taleyi barədə danışarkən, rəsmi Kiyevi növbəti dəfə məyus edib. BVF-nun rəsmisi bildirib ki, bu qurum Ukraynanın dövlət borcunun 15 milyard dollarlıq bir hissəsini “silmək” niyyətində deyil. Yəni, Ukraynanın bir dövlət kimi mövcudluğu böyük təhlükə qarşısında qalıb, BVF isə öz paralarını geri almaqda israrlıdır. Eyni situasiya Ukraynaya dəstək vermiş əksər Qərb dövlətləri ilə bağlı da mövcuddur. Çünki Qərb ölkələri də Ukraynaya hərbi dəstək üçün sərf etdikləri maliyyə vəsaitini rəsmi Kiyevin “borc dəftəri”nə yazdırıblar.

9784939d450a6b96e96805fe2687e10c.jpg (210 KB)

Göründüyü kimi, kollektiv Qərb üçün Ukraynanın gələcək taleyi qətiyyən önəm daşımır. NATO-nun baş katibinin “Ukraynaya verilən dəstək alyans ölkələrinin təhlükəsizliyinə investisiyadır” açıqlaması hər şeyi olduğu kimi anlamağa imkan verir. Anlaşılan isə ondan ibarətdir ki, kollektiv Qərb üçün Ukrayna Rusiyanın zəiflədilməsi planında istifadə üçün seçilən “hərbi alət”dən başqa bir şey deyil. Və bu baxımdan, NATO Ukraynanın hələ bir müddət də Rusiya qarşısında tab gətirməsində maraqlıdır.

Kollektiv Qərbin öz təhlükəsizlik hədəflərinə nail olmasından sonrasa, Ukraynanın bir dövlət kimi mövcudluğu NATO-nu naraht etmir. Son vaxtlar Kreml də Ukraynanın ləğv olunaraq, Rusiyanın tərkibinə daxil ediləcəyini daha əminliklə, gündəmə gətirir. Halbuki kollektiv Qərb, xüsusilə də, NATO Kremlin Ukrayna üçün bu təhlükəli iddiasına heç bir adekvat reaksiya vermir. Bu, müəyyən mənada, Qərb tərəfindən Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün hesabdan silindiyini göstərir. Və savaşdan sonra Ukrayna ərazisinin kollektiv Qərblə Rusiya arasında “geopolitik bazarlıq” predmetinə çevrilə biləcəyi də qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

05.04.2024 16:45
2264