NATO-nun yeni baş katibi Mark Rutte kimdir? 

NATO-nun baş katibi Yens Stoltenberq vəzifəsini tərk edib.

Musavat.com xəbər verir ki, bu münasibətlə alyansın mənzil-qərargahında mərasim keçirilib.

Qurumun saytında canlı yayımlanan tədbirdə çıxışı zamanı yeni baş katib Mark Rutte Ukraynaya dəstəyin, eləcə də müdafiə xərclərinin artırılmasını prioritet elan edib.

Niderlandlı siyasətçi alyansın 14-cü rəhbəri olacaq. Onun mandatı 5 ildir və uzadıla bilər.

Mark Ruttenin 57 yaşı var. NATO-nun baş katibi təyin olunana qədər o, 14 ilə yaxın Niderlandın baş naziri vəzifəsində çalışıb. Yeni baş katib Avropa siyasətində praqmatizmi və ən çətin vəziyyətlərdə belə kompromis tapmaq bacarığı ilə tanınır. Rutte 2018-ci ildə Ağ Evdə keçirilən görüşdə Donald Trampa qarşı kəskin etirazı ilə də yadda qalıb və hətta onun sözünü belə kəsib.

Mark Ruttenin Rusiyaya münasibəti 2014-cü ilin iyulunda Ukraynada "Boeing 777"nin qəzaya uğramasından sonra xeyli dəyişdi. O vaxtdan bəri Niderland Rusiya tərəfini Avropa İnsan Haqları Məhkəməsində məsuliyyətə cəlb etmək üçün əlindən gələni edir.

Mark Ruttenin zamanında Haaqa məhkəməsində Rusiyaya bir sıra beynəlxalq cinayət işi qaldırılıb.

Musavat.com

01.10.2024 11:45
783