NATO generalı Bakıdan MESAJ VERDİ - "Ağıllı olun!"

Yanuş Adamçakın və nümayəndə heyətinin Hərbi Qənimətlər Parkında olmasının pərdəarxası...

Xəbər verdiyimiz kimi, NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak Bakıda səfərdə olub.

Səfər çərçivəsində NATO nümayəndə heyəti Şəhidlər Xiyabanı ilə yanaşı Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı düşməndən qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar.

NATO generalının və nümayəndə heyətinin Hərbi Qənimətlər Parkında olması NATO nümayəndə heyətinin üzərində “Qarabağ Azərbaycandır!” yazısı olan reklam lövhəsinin qarşısında dayanması xüsusi əhəmiyyət kəsb edir.

Bu, Azərbaycanın regionda yaratdığı yeni reallıqları NATO-nun qəbul etməsinin növbəti təzahürüdür. Bu, həm də dünyanın ən güclü hərbi blokunun Qarabağa iddia edən revanşistlərə “ağıllı olun” mesajıdır. Təsadüfi deyil ki, Ermənistanda hələ də reallığı qəbul etməyən, konstitusiyada ərazi iddialarından vaz keçmək istəməyən başlar internet resurlarında bu ziyarəti narazılıqla qarşılayıb.

Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq  istəyir” - İnformasiya.az

Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev NATO-da reallıqları görən insanların kifayət qədər çox olduğunu qeyd etdi: “NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru Yanuş Adamçakın ölkəmizə səfəri heç şübhəsiz ki, bu təşkilatla münasibətlərimizin daha da inkişaf etməsi və qarşılıqlı müzakirələr baxımından çox önəmlidir. Amma bundan da önəmli olan məqam Adamçakın reallıqları düzgün şəkildə dilə gətirməsi, Şəhidlər Xiyabanını, Hərbi Qənimətlər Parkını ziyarət etməsi və ”Qarabağ Azərbaycandır!" yazısı olan lövhənin qarşısında dayanaraq bütün dünyaya nümayişkəranə şəkildə açıq mesaj verməsidir!

Bir məqamı qeyd edim ki, mən, daha əvvəlki çağırışda, 5 il boyunca NATO nümayəndə heyətinin üzvü olmuşam və həmin müddətdə bu qənaətə gəlmişəm ki, orada adekvat insanlar yetərincədir. Təbii, məlum kontekstdə NATO-dakı səfirimizin, nümayəndə heyətinin rəhbəri olmuş Ziyafət Əsgərovun və digər üzvlərin də fədakar əməyini xüsusi qeyd etməliyəm. Fəqət, bununla bərabər bir daha təkrar etmək istəyirəm: NATO-da təmsil olunan çox sayda ölkələr var ki, onlar həqiqətən reallığı görürlər, qiymətləndirirlər və Adamçakın Azərbaycana səfər çərçivəsində sərgilədiyi münasibət, generalın ölkəmizə, ordumuza qoyduğu hörmət də əslində elə dediklərimin sübutudur.

Bu səfər, Adamçakın geniş spektr üçün verdiyi açıqlamalar əslində hansı anlama gəlməlidir? Adamçak əslində nəyi deyirdi? O, açıq mətnlə deyirdi ki, ay Ermənistan, ağlını başına yığ və sülhə get! O deyirdi ki, Azərbaycan məhz haqq mübarizəsində qalib gəlib. O deyirdi ki,  biz reallıq hissini itirməmişik. O deyirdi ki, biz AŞ PA-dan fərqli düşünürük. O deyirdi ki, “Qarabağ Azərbaycandır!”

Bir xüsusatı da vurğulayım ki, Adamçakın Azərbaycana səfərindən sonra ermənilərin kürkünə əməllicə birə düşüb. Ona görə də sosial şəbəkələrdə hay-küy salıblar, özlərinə əl qatıblar. Amma çifayda! Heç nə edə bilməyəcəklər! Çünki artıq de-fakto da, de-yuri də Qarabağ Azərbaycandır. Çünki biz təkcə torpaqlarımızı işğaldan azad etməmişik, həm də BMT-nin 4 qətnaməsini icra etmişik. Çünki biz Ermənistandan fərqli olaraq ədalətə, haqqa söykənmişik. Və ən nəhayət: Çünki bizim İlham Əliyev kimi ləyaqətli, qətiyyətli və müdrik liderimiz var".

Deputat Sona Əliyeva SÜKUTU POZDU: “Məni və övladlarımı öldürməklə təhdid  etdilər”-QALMAQAL

 Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, NATO-nun ali rəhbərliyi Bakı ilə münasibətlərdə orta yol tuta bilir: “Hazırda NATO ilə Azərbaycan arasındakı hərbi-siyasi əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. NATO Azərbaycanın regiondakı mövqeyinin və real hərbi gücünün fərqindədir. Bundan başqa, NATO rəsmiləri bundan sonrakı proseslərdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Görünən odur ki, Qərbdəki müəyyən siyasi dairələrin Azərbaycana qarşı qarayaxma kampaniyalarının icraçılarından fərqli olaraq NATO-nun ali rəhbərliyi Bakı ilə münasibətlərdə orta yol tuta bilir. Üstəlik, Azərbaycan NATO-nun ikinci hərbi gücü sayılacaq Türkiyənin müttəfiqidir. Bundan başqa, Bakı NATO-nun terrorizmlə mübarizəsində hər zaman bu hərbi blokun yanında yer alıb. İraqda, Əfqanıstanda, Kosovoda Azərbaycan hərbçiləri NATO əsgərləri ilə birgə addımlayıb. Bunu alyansda hər zaman yüksək qiymətləndiriblər. Məsələnin başqa bir tərəfi odur ki, bu hərbi ittifaq Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin nəticələrini tanıyır və qəbul edir. Hətta "Qarabağ Azərbaycandır" lövhəsinin qarşısında çəkilən foto da Ermənistana bu baxımdan hərbi-siyasi mesajdır. NATO rəsmilərinin Azərbaycana səfərinin bir ismarışı da odur ki, biz Qərbdəki bəzi dairələrdən fərqli olaraq Bakı ilə əməkdaşlıqda maraqlıyıq. Yəni NATO Azərbaycanı itirmək istəmir. Üstəlik, Rusiya ilə ABŞ arasında, yəni KTMT ilə NATO arasında anlaşılmazlıqların həlli prosesində Bakı həmişə görüş yeri kimi mühüm rol oynayıb. Tərəflər hər zaman Bakını neytral statuslu məkan kimi qəbul ediblər. Bunu Ermənistanda da anlamalı və bundan sonrakı eskalasiyalarında diqqətli olmalıdırlar. Çünki Azərbaycan Ordusunun gücünü NATO-dan olan rəsmilər daha dəqiq ifadə edir və onun savaş təcrübələrini öz dərsliklərinə salırlar".

Emin Həsənli: “Bu görüşlər qardaşlığımızın təməlinini daha da  möhkəmləndirir”

Emin Həsənli 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bir sıra suallar ünvanladı: “Bütün dünya, o cümlədən NATO və digər beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və tanımaq zorundadırlar. Bu, beynəlxalq hüququn normalarıdır. Heç kim buna qarşı açıq şəkildə fikir bildirə bilməz. Hətta vəziyyət elə yaranıb ki, sözdə də olsa Ermənistan bunu demək zorundadır. Düzdür, əməldə başqa işlər görürlər, hücum silahları alırlar. Sual olunur, Ermənistan bu silahları kimə qarşı istifadə edəcək? Ermənistan 4 ölkə ilə qonşudur və bunların heç biri ilə müharibə aparmaq gücündə deyil. 30 il silahlandı və hazırda o silahlar Qənimətlər Parkındadır. NATO nümayəndəsinə həm də o mesaj verildi ki, Ermənistanı başa salsınlar ki, bu gedişlə yeni alınan silahlar yeni yaradılacaq Qənimətlər Parkına gətiriləcək. Ermənistan odla oynayır. Bu dəfə də xam xəyallara düşsə, cəzası ağır olacaq. Bölgədə vəziyyəti gərginləşdirmək istəyən qüvvələr, Ermənistandan alət kimi istifadə etmək istəyənlər bunu fikirləşməlidirlər. Ermənistan Amerika, Fransa və bəzi NATO ölkələri ilə əməkdaşlıq edir. Amerikanın yüksək rütbəli hərbçiləri tez-tez Ermənistana gəlirlər. Eyni zamanda Ermənistandan Amerikaya səfərlər olur. Hərbi Akademiyada hərbçilərin təhsil almaları kimi məsələlər müzakirə olunur. Həmçinin Rusiya ilə əməkdaşlıq edilir və hələ də rus hərbi bazası Ermənistandadır. Amma istənilən halda Ermənistan bunu unutmamalıdır ki, dəmir yumruq yerindədir. Sülh məsələsinə gəldikdə isə bu açıq danışılmalıdır. Azərbaycana vurulan bu zərəri kim ödəyəcək? Ukrayna müharibəsi bitməyib və Amerika, Qərb ölkələri milyardlarla yardım edirlər və bərpasına da pul ayıracaqlar. Bəs Azərbaycanın da ərazi bütövlüyü işğal altında idi və azad olundu və Azərbaycana təzminat verilmir, Qərb, beynəlxalq təşkilatlar yardımlar etmirlər. Bu necə olur? Yüz minlərlə azərbaycanlı evini itirib. 30 mindən artıq şəhidimiz var. 50 mindən artıq vətəndaş yaralanıb. Bir milyona yaxın vətəndaş öz doğma yurdundan məcburi köçkün olub. Qərbi Azərbaycandan köç edənlərin taleyi necə olacaq? Azərbaycana qarşı cinayət törədən Köçəryan, Sərkisyan, Ohanyan kimi cəlladlar nə zaman təhvil veriləcək? Ermənistan konstitusiyasını nə zaman dəyişəcək? 1918-ci ildə Ermənistana 9 min kvadrat kilometr ərazi verilib, paytaxtlarını qurublar. Sonradan da bu rəqəm 20 min kvadrat kilometrə qədər artıb. Sovetlər birliyi ərazilərimizi Ermənistana verib. Bütün bunların taleyi necə olacaq? Bu barədə beynəlxalq aləm düşünməli və yaranan bu suallara cavab verilməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

11.10.2024 08:34
4949