NATO-dan Rusiya ilə bağlı ŞOK PLAN - Ölkənin daxilini...

Kremlin taktiki nüvə başlığından istifadə edə biləcəyini nəzərə alaraq, anqlosakson dünyası özünə aid uzaqmənzilli raketlərlə rus şəhərlərini vurmağa icazə verməkdə tərəddüd edir; alyans isə qadağanı ləğv etməyin tərəfdarıdır, hətta Ukrayna öz ballistik raketlərini işə sala bilər - analitiklərin təhlili

Rusiyanın dərinliklərinə Qərb istehsalı olan uzaqmənzilli raketlərlə zərbələr endirilməsinə ABŞ və Böyük Britaniya razılıq vermədilər. Kreml əvvəldən xəbərdar etmişdi ki, bu qərar NATO-nun münaqişədə birbaşa iştirakı kimi qiymətləndiriləcək və adekvat tədbirlər görüləcək. 

Əgər bu razılıq olsaydı, nüvə eskalasiyasına bir addım da yaxınlaşmış olacaqdılar. Amma gələcəkdə Vaşinqtonun və Londonun mövqeyini dəyişməyəcəyinə zəmanət yoxdur. Müharibənin əvvəlində də müttəfiq ölkələrin məhdudiyyətləri geniş idi, sonradan aradan qaldırmağa başladılar. Sonda "F-16" qırıcılarını belə verdilər, Rusiyanın Kursk vilayətinə diversiya əməliyyatını dəstəklədilər, indiyə qədər də ayrı-ayrı şəhərlərinə dron hücumları olur. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, bu gün siyasətimizdə dəyişikliklərlə bağlı heç bir açıqlama yoxdur. Sentyabrın 12-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli Qərb silahlarından istifadə NATO, ABŞ və Avropa ölkələrinin ölkəsinə qarşı müharibədə birbaşa iştirakı deməkdir. 

Putin qeyd edib ki, münaqişənin mahiyyətinin belə dəyişməsi ilə Rusiya yaranacaq təhlükələrə əsaslanaraq müvafiq qərarlar qəbul edəcək. Sentyabrın 16-da NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, NATO ölkələri Kiyevə Qərb silahları ilə Rusiya ərazisini vurmağa icazə verərsə, alyans Ukrayna münaqişəsinin bir hissəsi olmayacaq. Onun sözlərinə görə, NATO İran və Şimali Koreyanı Moskvaya hərbi yardımın tədarükü ilə bağlı münaqişənin bir hissəsi hesab etmir. Bununla belə, alyansın baş katibi Ukraynanı Rusiya ərazilərini vurmağa çağırıb və deyib ki, bu, Ukraynanın özünümüdafiə hüququdur. “Ukraynanın özünü müdafiə edə biləcəyi yeganə yol Rusiyanın dərinliklərinə - rusların demək olar ki, hər gün hücumlar üçün istifadə etdiyi hərbi bazalara, artilleriyaya, raket-buraxılış sistemlərinə və aerodromlara zərbələr endirməkdir”. NATO-nun Baş katibi Yens Stoltenberq Amerikanın “Foreign Policy” jurnalına müsahibəsində belə deyib. Stoltenberq hesab edir ki, Ukraynanın Rusiya ərazisinə zərbə endirməyə tam hüququ var: “Şübhə yoxdur ki, Ukraynanın Rusiya ərazisindəki qanuni hədəflərə zərbə endirmək hüququ var. Biz yadda saxlamalıyıq ki, bu, Rusiyanın qonşusu Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsidir. Bu, Rusiyanın seçdiyi müharibədir. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ukraynanın özünümüdafiə hüququ var və özünümüdafiə bu halda təcavüzkar olan Rusiyanın ərazisindəki hədəflərə zərbələr endirməkdən ibarətdir”.

Stoltenberq əlavə edib ki, o, Qərb silahlarının Rusiyaya zərbələr endirilməsi üçün istifadəsinə qoyulan məhdudiyyətlərin yumşaldılmasının tərəfdarıdır. Yeri gəlmişkən, norveçli baş katib gələn ay bu postu ilə vidalaşır və onu Niderlandın baş naziri Rutte əvəz edəcək. O da münaqişəyə münasibətdə prinspial siyasətçidir və Ukraynanı dəstəkləyir. Nəzərə alaq ki, Niderland ABŞ-ın təlimatı əsasında Kiyevə "F-17" qırıcıları tədarük edib və yeni partiyasının tranşı da nəzərdə tutulur. Rutte Respublikaçıların prezidentliyə namizədi Donald Trampla sıx əlaqələrə malikdir və belə ehtimal olunur ki, əgər ABŞ-ın yeni lideri o seçilərsə, NATO-nun təzə baş katibi münaqişədə Ukraynaya dəstəyin artırılması ilə bağlı dostu Trampa təsiri ola bilər. Hər halda, status-kvo bundan ibarətdir: anqlosaksonlar hələ ki Rusiyanın içərilərini uzaqmənzilli raketlərlə vurmağa icazə vermirlər, ağır döyüşlər iki cəbhədə - Kursk və Donbasda gedir, NATO-nun hazırkı baş katibi isə koalisiyanı qadağaları ləğv etməyə və Kiyevi dərinliklərə zərbə endirməyə çağırır. 

Belə şəraitdə isə sülh üçün heç bir formul yoxdur və Türkiyə lideri Ərdoğanın son sözlərinə istinad etsək, atəşkəs üfüqdə belə görünmür. Yalnız noyabrın 5-dən sonra ABŞ seçkilərinin nəticələri müəyyən təsəvvürlər yarada bilər. Hətta seçkidə qalibin kimliyi də yanvara qədər gedişata təsir edə bilməyəcək. Çünki ayrılan vəsaitlərin köçürülməsi davam edəcək və qələbə qazanmış namizəd andiçməyə qədər səlahiyyətlərinin icrasına başlaya bilməyəcək. Üstəlik, narahatlıq Trampla bağlıdır. ABŞ prezidenti olacaqsa, Rusiya ilə danışıqlar aparıb, Kiyevə dəstəyi azaldacaqsa, Britaniya və NATO onu kompensasiya edə bilər. Hazırkı sülh şərtləri isə maksimalistdir. Son olaraq Çin və Braziliyanın təklifləri Zelenski tərəfindən rədd edilib. 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun qənaətinə görə, bütün hallarda Putin özünün və ölkəsinin imicini qorumaq üçün Rusiya ərazisinə atılan Qərb raketlərinə qarşı nəsə etməlidir: “Rusiya müstəqilliyini qazandıqdan bu yana nüvə sınaqları keçirməyib. Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər. Kreml nüvə sınaqları vasitəsilə Qərbi Ukraynaya hərbi dəstəyi artırmaqdan çəkindirməyə çalışacaq. Bundan başqa, Putinin əmri ilə Ukrayna infrastrukturlarına raket zərbələrinin sayı artırılacaq. Məqsəd qış aylarında Ukrayna vətəndaşlarının elektrik və istilikdən istifadələrini məhdudlaşdırmaqdır. Putin yaxın keçmişdə olduğu kimi ABŞ və Avropa ölkələrinə kiberhücumların sayının artırılmasını da əmr edə bilər”. 

Onun sözlərinə görə, buna baxmayaraq, Kremlin cavab tədbirləri Rusiyanın Ukrayna müharibəsində qələbəsini təmin etməyəcək: “Vaşinqtonun Ukraynaya Rusiya ərazilərinə ABŞ raketləri zərbələr endirməsinə icazə qərarı məsələsini İranın Rusiyaya ballistik raketlər verməsi sürətləndirdi. Mövcud qarşıdurmanın dayandırılmasının tək yolu var: Putin Rusiya ordusunun Ukrayna ərazisinə hücum əməliyyatlarını dayandırmağı əmr verməlidir. Kreml sahibi hələ belə əmr verməyə hazır deyil”.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Rusiyanın taktiki nüvə başlığından istifadə edə biləcəyini nəzərə alaraq, kollektiv Qərb bu qərarı verməyə tərəddüd edir. Onun hesablamalarına görə, müharibə mərhələli şəkildə Rusiya ərazilərinə transformasiya edilməklə daxildə destabiliziyasiya yaratmaq cəhdlərinə yol verilir. Ekspert hesab edir ki, əgər müharibənin Rusiyanın içərilərində davam etdirilməsini uzatmağa nail ola bilsələr, növbəti etapda uzaqmənzilli raketlərlə hərbi aerodromların, müxtəlif hərbi infrastrukturların, silah istehsal edən obyektlərin hədəfə alınması mümkündür. R.Məmmədova onu da xatırladır ki, Ukrayna bu yaxınlarda özünün istehsal etdiyi yeni ballistik raketi uğurla sınaqdan keçirib və bu sistemlərlə də Rusiyaya zərbələr endirə bilər: “Üstəlik, bu zaman Kiyevin tərəfdaşlarından icazə almağa ehtiyacı qalmayacaq. Zelenski deyə bilər ki, sizin verdiyiniz yox, öz istehsalımız olan raketlərlə Rusiyanın uzaqlarını vururuq. Sadəcə, təkcə siyasi qərarın verilməsi kifayətdir. Əlbəttə, bunun nəticələri Ukrayna üçün xoş olmayacaq. Ölkənin siyasi-hərbi rəhbərliyi bu nöqteyi-nəzərdən saf-çürük edir, ölçür-biçir. Çünki Rusiya amansızdır və ərazilərinə raket zərbələri olarsa, bunun acığını çox pis şəkildə çıxa bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

19.09.2024 08:45
1149