NATO Baş katibi Ukraynanın Kursk vilayətindəki əməliyyatını qanuni adlandırıb

NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatın qanuni olduğunu və Ukraynanın beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququna malik olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə o Almaniyanın “Welt am Sonntag” həftəlik nəşrinə müsahibəsində deyib.

“Ukraynanın Rusiyanın Kursk vilayətinə daxil olması qanunidir və Kiyevin özünümüdafiə hüququnun tərkib hissəsidir. Ukraynanın özünümüdafiə hüququ var və beynəlxalq hüquqa görə, bu hüquq sərhəddə bitmir”, - o söyləyib.

Y.Stoltenberq NATO-nun Ukraynanın planları barədə əvvəlcədən məlumatlı olmadığını və bu planlarda heç bir rol oynamadığını xüsusi qeyd edib.

NATO Baş katibi vurğulayıb ki, Ukrayna Rusiya ərazisinə hücuma görə risk altındadır, lakin Kiyev hərbi kampaniyasını necə aparacağına qərar verməlidir.

“Prezident Zelenski açıq şəkildə bildirib ki, əməliyyat Rusiyanın sərhədi keçərək növbəti hücumlarının qarşısını almaq üçün bufer zona yaratmaq məqsədi daşıyır. Bütün hərbi əməliyyatlar kimi, bunun da riskləri var. Lakin Ukrayna özünü necə müdafiə edəcəyinə özü qərar verir”, - o deyib.

31.08.2024 10:42
212