"Avropa rəsmiləri və diplomatları arasında təhlükəsizliyin necə artırılması sualı ətrafında müzakirələr səngimək bilmir, sanki köhnə qitədə NATO-ya inam azalıb".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Avropa Parlamentinin sədri Roberta Metsolanın Avropa Müdafiə İttifaqının yaradılması təşəbbüsü ilə çıxış etməsi buna misaldır:
"Metsola deyib ki, Avropa İttifaqının quracağı müdafiə və təhlükəsizlik ittifaqı NATO-nun tamamlayıcı bir qüvvəsi olacaq: "Avropa İttifaqı həmişə daha güclü olmalıdır. Başqalarından gözlədiklərimizi əvvəlcə özümüz təmin etməli və ardıcıl, təsirli addımlar atmalıyıq". Avropa Müdafiə İttifaqının yaradılması zəruridirsə, onda belə çıxır ki, NATO Avropanı qorumaq iqtidarında deyil.
Bu arada, Avropa İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq paktının imzalanması köhnə qitənin maraqlarının sərhədləri aşdığını göstərir. Bu pakt gələn ilin yanvarın 1-də qüvvəyə minəcək. Tokioda təhlükəsizlik paktını imzalayan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Josep Borrell Yaponiyanın paytaxtında eyni zamanda strateji dialoqun ilk iclasında iştirak edib. Borrell Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ilə görüşdə Avropa İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi məsələlərini müzakirə edib. Avropa İttifaqının rəsmisi Yaponiyanın müdafiə naziri Gen Nakatani ilə görüşdə dəniz və kibertəhlükəsizlik, eləcə də kosmos sahəsində əməkdaşlığı müzakirə edib. Borrel müzakirələrdən sonra şəxsi səhifəsində təhlükəsizlik paktının əhəmiyyətini belə izah edib: "Avropa İttifaqı ilə Yaponiya arasında münasibətlərin dərinləşməsi hər iki tərəfin əhalisini daha təhlükəsiz gələcəyə doğru aparacaq"".
Politoloq bildirib ki, Yaponiyanın təhlükəsizliyi ilə bağlı artan narahatlığı bir neçə amillə əlaqəlidir:
"Çin bölgədə hərbi gücünü artırıb, dəniz qüvvələrini gücləndirib, yeni sualtı gəmilər istehsal edib, Rusiya ilə dənizlərdə birgə hərbi təlimlərin sayını artırıb. Şimali Koreyanın raket sınaqları narahatlıq doğuran digər amildir. Yaponiyanın ABŞ-la strateji müttəfiqliyinə və bu dövlətlə müxtəlif regional birliklərdə iştirakına baxmayaraq, Tokio əlavə təhlükəsizlik təminatlarına ehtiyac duyur. Rusiyanın Ukrayna ilə apardığı müharibə fonunda Çinlə hərbi ittifaqı gücləndirməsi Tokionu ciddi narahat edir. Məsələ burasındadır ki, Rusiya-Ukrayna müharibəsi Tokionun Kremllə münasibətlərini xeyli dərəcədə gərginləşdirib. Rusiyanın Çinlə birgə Yaponiya sahillərində hərbi təlimlərinin miqyası genişlənib. Kreml Çinin Tayvan adasını nəzarətə götürmək siyasətinə dəstəyini artırıb.
Avropa İttifaqı hərbi təşkilat deyil, silahlı qüvvələri yoxdur. Bu baxımdan Avropa İttifaqının Yaponiyanı necə qoruyacağı sual altındadır. Yaponiyanın birgə hərbi təlimlərə, hərbi əməkdaşlığı dərinləşdirməyə ehtiyacı var. Bu, Avropa İttifaqının imkanı xaricindədir. Buna baxmayaraq, Tokioda hesab edirlər ki, Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, Vaşinqtonun Yaponiyanın müdafiəsinə marağı azala bilər. Buna görə Tokio alternativlər axtarmaq məcburiyyətindədir. Ancaq Avropa İttifaqı hərbi blok deyil və bölgədə vəziyyətin gərginləşəcəyi halında Yaponiyanı qoruyacaq alətlərə malik deyil. Avropa Müdafiə İttifaqı ideya kimi irəli sürülüb, bunun reallaşması çətindir".
Xalidə Gəray
Musavat.com