Natiq Mehdinin ölümünə Müsavatdan MÜNASİBƏT 

“Natiq Mehdi çox mehriban insan idi. Onu kim niyə öldürsün bu ağlasığmazdır. Bir neçə gün öncə görüşmüşdük. O, heç bir problem barədə danışmamışdı”.

Bunu Lent.az-a Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib. Onun sözlərinə görə, Natiq Mehdinin ölüm xəbəri partiyada şok effekti yaradıb.

Sosial şəbəkələrdə Natiq Mehdinin ölümü ilə bağlı qəribə iddialar səsləndirilib. Mərhum Natiq Mehdinin bir müddət öncə partiya başqanlığına namizədliyini irəli sürüb, sonradan namizədliyini geri götürməsi şübhəli məqam kimi vurğulanıb. Mustafa Hacıbəyli bu iddialara cavab vermək istəmədiyini deyərək, istintaqın ən incə detalları belə nəzərdən keçirəcəyinə ümidvar olduğunu bildirib.

“Bu məsələ dərindən araşdırılmalıdır. Ağla gələn bütün versiyalar nəzərdən keçirilməlidir. Bizim istədiyimiz budur”, - deyə o əlavə edib.

Xəbər verdiyimiz kimi, bu il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub. Baş Prokurorluğun açıqlamasına görə, Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.

Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, Natiq Mehdi Müsavat Partiyasının üzvü idi və bir müddət öncə partiya sədrliyinə namizədliyini irəli sürmüş, sonra geri addım atmışdı.

15.05.2024 12:56
1136