"Natəvanın heykəlinə qarşı edilmiş bu hərəkəti qınayırıq" - BƏYANAT

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Fransada tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı qeyri-etik hərəkəti qınayaraq bəyanat yayıb.

Musavat.com xəbər verir ki, bəyanatda Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti bəşər mədəniyyətinə böyük töhfələr vermiş Azərbaycanın öz zəngin mədəniyyəti və ədəbiyyatı ilə Şərq mədəniyyətinə mühüm təsir etdiyini qeyd edərək, son zamanlar mədəni dəyərlərə qarşı atılmış qeyri-etik hərəkətləri qınayır və bununla bağlı öz narahatçılığını bildirir. 

Qeyd edək ki, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti bəyanatın mətnini Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim edib. 

Bəyanatda Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın tanınmış şairəsi, ictimai xadim, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın Fransanın Evian-le-Ben şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qarşı edilmiş nalayiq hərəkətdən öz narahatlığını bildirir və ümumilikdə bu cür halları mədəni dəyərlərə qarşı hörmətsizlik kimi dəyərləndirir və qəbuledilməz sayır.  Dostluq Cəmiyyəti Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı edilmiş bu hərəkəti təəssüf hiss ilə qarşılayır, qınayır və bu kimi halların aradan qaldırılmasına çağırır. 

Sənəddə vurğulanır ki, Türk və İslam dünyasının mədəniyyət paytaxtı, Azərbaycanın qədimi şəhəri Şuşada doğulmuş, Qarabağ xanının qızı olan Xurşidbanu Natəvan böyük bir ədəbi irs yaratmış, özünün ədəbi, eyni zamanda sosial-ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda bütünlükdə Şərqdə zərif, kübar, mərhəmətli qadın obrazını yaradıb.  

Sitat: Xurşidbanu Natəvan bəşər tarixində özünəməxsus iz qoymuş qadınlardan biridir və istər mədəniyyət sahəsindəki xidmətləri, istərsə də insanlıq naminə gördüyü xeyriyyə işlərinə görə bu gün də onun əziz xatirəsi minnətdarlıqla xatırlanır. 

Qəbul olunmuş sənəddə Xurşidbanu Natəvan yaradıcılığı, onun ədəbiyyata verdiyi töhfələrdən söhbət açılır,  qeyd edilir ki, bütün həyatını ədəbiyyat, mədəniyyət, incəsənətin inkişafına, bəşəriyyətin sülh, əmin-amanlıq içində yaşamasına, insanların rifahına sərf etmiş belə bir tarixi şəxsiyyətin əziz xatirəsinə ucaldılmış xatirə abidəsinin hörmətə layiq olması və yalnız Azərbaycanın deyil, bütün Şərqin, habelə dünya mədəniyyətinin incisi hesab olunur.

Musavat.com

31.01.2024 09:38
739