Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini olmuş Zamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Mərkəzin baş direktoru və müavini əlbir olaraq alkoqolizmdən və narkomaniyadan əziyyət çəkən xəstələrin müalicəsinin təşkil edilməsi, müalicə olunma müddətinin uzadılması, müalicəsini birnəfərlik palatada davam etdirməsi, daha keyfiyyətli müalicə üçün xəstə yaxınlarından rüşvət alıb.
Bundan başqa, Elşən Mustafayev müavininin əli ilə Mərkəzin həkim narkoloqlarından birindən işini davam etdirməsində maneə yaradılmaması və yaş həddi ilə bağlı təqaüd məsələsinin qabardılmaması məqsədilə pul istəyib. Belə ki, onun qarşısına xəstələrdən aldığı puldan rəhbərliyə çatdırılması tələbi qoyulub. Bu danışıqdan sonra həkimin evə buraxılarkən hər xəstədən aldığı 5 manat və yaxınlarının minnətdarlıq kimi 100 manat məbləğində etdikləri “hörmət”in 50 manatını Zamin Əliyevə verib.
Mərkəzin direktoru müstəntiqə verdiyi ifadəsində müavininin kimlərdən, hansı yolla pul almasından məlumatlı olmadığını, razılaşmaya əsasən, həftədə bir dəfə ona pul çatdığını etiraf edib.
E.Mustafayev Z.Əliyevin ümumilikdə ona 3800 manat pul verdiyini deyib. Hər evə buraxılan xəstədən 5 manat, yaxınlarından 100 manat alınmasına gəlincə, sabiq direktor bundan xəbərsiz olduğunu bildirib.
Daha sonra ittihama münasibət bildirən təqsirləndirilən Zamin Əliyev özünü təqsirli bilməyib. Digər təqsirləndirilən Elşən Mustafayev isə özünü qismən təqsirli bilib.
Növbəti proses oktyabrın 8-də davam edəcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com