Namiq Qaraçuxurlunun 500 minlik maşını qalmaqal yaratdı

Son vaxtlar şou-biznes nümayəndələri tez-tez 400-500 minlik maşınları, bahalı villaları, bağ evləri ilə öyünürlər. Bu isə cəmiyyətdə bəzən ciddi etirazlara səbəb olub.

İddialara görə, bu vəziyyət davam edərsə, yaxın gələcəkdə təhsilli gənclərin sayı get-gedə azalacaq, onlar yaxşı yaşamaq üçün şou-biznesə qatılmaq istəyəcəklər.

Qeyd edək ki, meyxanaçı Namiq Qaraçuxurlu da bugünlərdə bahalı maşını ilə gündəmə gəlib. Hazırda onun idarə etdiyi 500 min manatlıq “Bentley” markalı avtomobili müzakirə mövzusudur.

Bəs görəsən, bu durumu dəyişmək mümkündürmü? Bunun günahkarı kimlərdir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı, publisist Xeyrəddin Qoca bildirib ki, uzun illər millət vəkili, baş konsul kimi çalışsa da, daim sadə yaşayıb:

“İstəyirəm məni tanıyanların xarici ölkələrdə də villaları, mənzilləri olsun, bunun nə ziyanı var? Əksinə, xeyri var ki, mən həmin ölkələrə gedəndə deyim “mənzilin açarını verin, üç gün orada qalım”.

Mən yazıçıyam, millət vəkili, baş konsul olmuşam, amma həmişə sadə insanlar kimi yaşamışam. Həmişə də çoxlu ehtiyaclarım olub. Bir maşını 14 il sürmüşəm. İndi istifadə etdiyim ”Ford-focus” markalı avtomobilin 11 “yaşı” var. Yəni çox köhnədir. Mən də bahalı, rahat maşın sürmək istərdim, deməli, bacarığım olmayıb ki, buna nail olmamışam! Hamı eyni yaşaya bilməz. Allaha şükür edirəm ki, yaxşıdır, bu da var. Olmayanlar nə etsinlər?”

Yazıçı qeyd edib ki, tez-tez var-dövləti, evi, maşını ilə öyünən şou-biznes nümayəndələrinə ulduz demək olmaz. O, bu mövzuda telekanalları və mətbuat orqanlarını günahlandırıb:

“Qaldı böyük-böyük sərvətləri olan müğənnilərə 90 faizi nə müğənnidir, nə “məşhurdur”, nə də ulduzdur. Sadəcə olaraq, pulunu haralara xərcləməyi bilməyən cahil insanlarımız onları toya çağırıb, ciblərini pulla doldururlar. Onlar da orada-burada müsahibə verib, görməmiş kimi var-dövlətlərini camaatın gözünə “soxurlar”.

06.03.2024 23:30
3145