Müttəhim “Formula-1”in mənimsəmə formulasından danışmaq istəmir – prokuror “biz onu dindirə bilmərik” deyir  

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Çingiz Mehdiyev “Formula 1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilir.  O, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri olub. Əməliyyat Şirkətinin icraçı direktoru mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimov olub. Çingiz Mehdiyev isə onun sağ əli olub. Prosesdə Çingiz Mehdiyev ittiham üzrə özünü təqsirli bilmədiyini açıqlayıb. Deyib ki, hazırkı mərhələdə ifadə vermək istəmir və susmağa üstünlük verir.

Çingiz Mehdiyev deyib ki,  zərərçəkmiş tərəf kimi  “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ziyanın nədən ibarət olduğunu müəyyən etsin. O, zərərçəkmiş tərəfin məhkəməyə gəlməsini, izahat verməsini istəyib: "Zərərçəkmiş şəxs təqdim eləsin görək ona dəymiş zərər nədən ibarət olub? Bir də ekspert zərəri necə hesablayıb? Onun idman oyunları ilə bağlı məlumatı nə qədərdir? Mən hələ ki susmağa üstünlük verirəm, suallara cavab vermək istəmirəm. Qoy zərərçəkən tərəf ilk olaraq ifadə versin”.

Dövlət ittihamçısı Orxan Səmədov bildirib ki, burada zərərçəkmişin özü yox, hüquqi nümayəndəsi iştirak edir:
"Mən bilmək istəyirəm Çingiz Mehdiyev zərərçəkmiş qismində həyat yoldaşını nəzərdə tutur, yoxsa MMC-ni? MMC-ni nəzərdə tutursa, biz onu dindirə bilmərik. Biz məhkəməni əsas sübutlar, şahidlər və sənədlər əsasında aparacağıq. Həmin dövrdə hansı vəzifəni tutmusuz və nəyi həyata keçirmisiz?"

Təqsirləndirilən şəxs vəkilləri ilə məsləhətləşdikdən sonra prokurorun suallarını cavablandırmağa razılaşıb. Bundan sonra prokuror Orxan Səmədov təqsirləndirilən şəxsə suallar ünvanlayıb. Suallara cavabda Çingiz Mehdiyev qeyd edib ki, yarışı həyata keçirəndə əsasən Marşal komandası ilə işləyib. Kurasiyasına tibb, yanğınsöndürmə və təhlükəsizlik əməkdaşları daxil olub. Təqsirləndirilən şəxs qeyd edib ki, anası Leyla xanım 2012-ci ildə “Dayton” şirkətini təsis edib. Şirkəti anası idarə edib, ona isə işləməsi üçün etibarnamə verib.

Dövlət ittihamçısının “Leyla xanım yarış üçün hər hansı materialların alınmasında iştirak edibmi” sualına Çingiz Mehdiyev belə cavab verib:

 “Xeyr, o, iştirak etməyib. Məndən başqa Azərbaycanda bu materialların alınmasında heç kimin təcrübəsi yox idi. Bu yarışda işləri görmək üçün bir şirkət lazım idi. Xarici şirkətlər üçün müqaviləyə ehtiyac yoxdur, sadəcə internet vasitəsilə birbaşa istədiyin məhsulu alırsan.  Xarici şirkətlər bu işi 2 dəfə baha görürdü. Bizim öhdəliyimiz həmin məhsulları Azərbaycana vaxtında çatdırmaq idi. Müqavilə bağlamadan şirkət olaraq ilkin avans ödənişi edirdik. Çünki yarışı həyata keçirmək öhdəliyimiz vardı. "Dayton" şirkəti may ayında "Formula" yarışı başlayana kimi bütün hazırlıq işlərini öz hesabına görürdü. Ödəniş yay aylarında tədbir formalaşandan sonra edilirdi. Mən həmin şirkəti rəhbərliyə özüm təqdim etmişəm, çünki qohumlarımın şirkəti idi. Bilirdim ki, yüksək səviyyədə xidmət göstərəcəklər. Mən təklifləri Bakı Səhər Halqası Əməliyyat şirkətinin rəhbəri Arif Rəhimova bildirirdim. "Dayton" şirkətini də mən təklif etmisəm. "Dayton" Satınalmalar departamenti ilə işləyirdi. Şirkət 2012-ci ildə fəaliyyətə başlamşdı. Bütün işlər əvvəldən görülürdü. Ancaq şirkətə ödəniş 3-6 ay ərzində edilirdi. "Dayton" əsas risk zonasına daxil olan məhsulların gətirilməsini təmin edirdi. Şirkətə ümumi büdcənin 0,2 faizi, təxminən 900 min manat civarında pul köçürülürdü. Mənə tələb qoyulmuşdu ki, bu yarışı yüksək səviyyədə keçirək. Çünki yarışı dünyada 1,5 milyarddan çox insan izləyirdi".

Dövlət ittihamçısının "Siz spesifik malların alınmasında iştirak etmisiz" sualına Çingiz Mehdiyevin cavabı belə olub:

"Dünyada bu malların çox kiçik bazarı var. Çünki tək-tük şirkətlər bu işi görə bilir. Mənə 2015-ci ilin mart ayında dedilər ki, "Formula-1" yarışı keçiriləcək. 2015-ci ilin dekabr ayında isə bildirdilər ki, yarış üçün spesifik mallar tapılmalıdır. "Dayton" adından spesifik malları 2016-cı ilin yanvar ayında sifariş etmişəm. Mənə bu tapşırığı Arif Rəhimov vermişdi. Azərbaycandan "Formula" üzrə beynəlxalq yarışlarda spesifik malların təşkili ilə məşğul olan yeganə şəxs idim. Buna görə mənə lisenziya verilmişdi. Bir müqavilənin təkcə yazışma işi 2-3 ay çəkirdi. "Dayton" şirkəti Seyşel adalarında yaranıb. Bakı şəhər Halqası bir iş üzrə 36 səhifəlik müqavilə hazırlayırdı. Şirkətə isə əsas ilkin ödəniş lazım idi, müqaviləni sonra da bağlaya bilərdilər".

İttihama görə, Çingiz Mehdiyev İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib.

Bundan başqa Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of Amerika" bankındakı hesabına 1.436.735,18 manatı köçürməklə leqallaşdırıb.

Qeyd edək ki, 2016-2018-ci illərdə “Formula-1” yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur. Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir.

Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib. Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.

İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adıyla anasının şirkəti, sürücüsüylə müqavilələr bağlanıb.

Cinayət baş verən vaxtda Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.

Növbəti proses iyunun 10-da davam edəcək.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

03.06.2024 14:24
1052