Müştərilərin depoziti ilə “TikTok”da hədiyyə alırmış... - Banka 158 min manat ziyan vurub

“Bank Respublika”nın Sabirabad filialının əməkdaşı Rail Hüseynovun məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, o, sözügedən bankda korporativ müştərilər üzrə baş mütəxəssis vəzifəsində çalışarkən əmanətçilərin 158 min 969 manatı mənimsəməkdə ittiham olunub.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, 2022-ci ilin əvvəllərindən “TikTok”da “azrail.313” adlı səhifə açıb. Bu zaman Rail göndərilən hədiyyələrin nağdlaşdırıla biləcəyini öyrənib. Bundan başqa, ona pul qoyulmaqla alınan virtual hədiyyənin dəyəri olan pulu 2 ay ərzində geri qaytara biləcəyi də məlum olub.

Belə ki, hədiyyə alınandan 2 ay ərzində qeyd edilən sosial şəbəkəyə müraciət edib həmin hədiyyənin səhvən alındığı bildirilib pulun geri qaytarılması xahiş edilir, bundan sonra həmin hədiyyənin dəyəri tam şəkildə istifadəçiyə qaytarılır. Belə olan halda, istifadəçi həm hədiyyəyə xərclədiyi, həm də ayrı-ayrı istifadəçilərdən aldığı hədiyyənin pulunu alır.

O, bu formada daha çox qazanc əldə edəcəyini düşünüb, hətta qeyd etdiyi prosesi bir neçə dəfə az məbləğlərlə yoxlayıb və uğurlu olub. Bundan sonra o, daha böyük məbləğlərlə bu işi görmək qərarına gəlib.

Müştəriləri seçərkən o, depozit hesabını yeni açmış və bitmə müddətinə müəyyən qədər qalmış müştəriləri seçib.

Bu məqsədlə, o, bankda əməliyyatlar zamanı istifadə edilən və bütün müştərilərin məlumatları qeyd edilmiş “Sfera proqram”ında qeyd edilən 8 şəxsin depozit müqavilələrini xitam verib. Əslində isə qaydalara əsasən, belə xitam üçün vətəndaşın müvafiq müraciəti olduqdan sonra, onun müqaviləsinə “Sfera proqram” təminatında xitam verilir. Həmçinin xitamdan sonra avtomatik xitam ərizəsi çap edilir və həmin vətəndaşa imzalatdırılaraq iş qovluğuna qoyulur.

O, həmin şəxslərin müqavilələrini xitam edəndən sonra ərizələrini özündə saxlayıb ki, onlar banka müraciət edəndə onlara imzalatdırsın.

Rail 2023-cü ilin yanvar-may ayları ərzində yuxarıda qeyd edilən formada ayrı-ayrı müştərilərin bankda olan depozit müqavilələrini xitam edərək depozit hesabdakı pul vəsaitini öz hesabına köçürüb “TikTok” sosial şəbəkəsində hədiyyələr alıb. Qeyd olunan şəxslərin depozit müqavilələri xitam edildikdən sonra, cari hesabdakı pulun hamısını məxaric etməyib, bir hissəsini saxlayıb və aylıq ödəniş məbləğində həmin şəxslərin kart hesablarına göndərib ki, şübhələnməsinlər.

Sonradan o, pul köçürüb hədiyyələr aldıqdan sonra köçürdüyü pul vəsaitini geri qaytarmaq istəsə də, buna nail ola bilməyib. Buna səbəb onun həmin hədiyyələri platformanın elektron mağazasından deyil, saytından alması olub.

O, belə bir qaydanın olduğunu əvvəlcədən bilməyib və bu səbəbdən də, aldığı hədiyyələri qaytarmaq mümkün olmayıb. Bundan sonra, o, götürdüyü pul vəsaitini də geri qoya bilməyib.

Daha sonra bankın monitorinq xidməti tərəfindən aparılan yoxlama zamanı qeyd edilən faktlar aşkarlanıb və bu səbəbdən o, işdən çıxarılıb.

Etdiyi bu əməl nəticəsində işlədiyi banka təxminən ittihamda göstərilən miqdarda - 158.969,0 manat ziyan dəyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib.

22.02.2024 00:30
1286