Müştəri səhv ünvana gedən “Prius” sürücüsünün qarnını dişlədi, sonra isə bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Pənahovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 8 may 2023-cü il tarixdə, saat 23:40-da paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Humay” marketin yaxınlığında qeydə alınıb.

Belə ki, Mahir Pənahov müştəri qismində taksi sürücüsü, zərərçəkmiş Daşqın Babayevin (şərti) idarə etdiyi “Toyota Prius” markalı avtomobilinə əyləşib. Sözügedən ərazidə təqsirləndirilən şəxs zərərçəkmişə sifariş verdiyi ünvana düzgün aparmadığına görə irad bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Sonra Daşqın onu yumruqla vuraraq üst dodağına xəsarətlər yetirib. Daha sonra Mahir zərərçəkmiş şəxsin sol qolundan, sinəsindən və qarın nahiyəsindən dişləyib. Eyni zamanda o, cibindən çıxartdığı bıçaqla Daşqının sinəsinin sol nahiyəsindən qəsdən bir dəfə zərbə endirərək ona xəsarət yetirib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. (Pravda.az)

06.12.2023 11:25
990