Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 33 il keçir. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. 1988-ci ildən başlanan müstəqillik uğrunda milli azadlıq hərəkatı 1991-ci ilin 18 oktyabrında Azərbaycanın SSRİ-dən ayrılması və müstəqiliyinin bərpa edilməsi ilə nəticələndi. Təxminən üç ilə yaxın davam edən xalq hərəkatı Azərbaycan xalqının vahid ideya ətrafında birliyini meydana gətirdi. Müstəqillik ideyası ətrafında birləşən xalq nəhayət dövlət müstəqilliyini bərpa etməyə nail oldu.
“Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.
1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılıb: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiqlənib.
1992-ci ildən 18 oktyabr Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi bayram edilib. 2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.
2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18 oktyabr-Dövlət Müstəqilliyi günü, 12 noyabr- Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.
Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) iş günü olan bayramdır.
Buna qədər Azərbaycanda 28 May-Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.
Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirib ki, 18 oktyabr Azərbaycanın tarixində böyük əhəmiyyət kəsb edən günlərdəndir. Azərbaycan bu tarixdə dövlət müstəqilliyini bərpa edib. Lakin müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma xalqımız bu ağır günlərdə qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi: “Əslində, Azərbaycan əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan möhkəm təməllər üzərində yeni inkişaf yolunu tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən Ulu Öndər Heydər Əliyev müasir dövlət quruculuğu istiqamətində işlərə başladı. Ümummilli Liderin yorulmaz səyləri nəticəsində qısa müddətdən sonra Azərbaycanın səsi dünyanın ən nüfuzlu təşkilatların yüksək kürsülərindən gəldi. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Liderin adı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. Azərbaycan yerləşdiyi bölgədə cərəyan edən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Ulu öndərin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər Heydər Əliyevin bu arzusunu da onun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. 2023-cü ilin 19-20 sentyabrında 23 saatlı anti-terror tədbiri nəticəsində Azərbaycanda erməni separatizminə son qoyuldu. Beləliklə, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”