Müşavirədə baldırını Xruşova göstərən yazıçı – O, sovet liderini susmağa məcbur edib…

1959-cu ildə Kremldə Nikita Xruşovun iştirakı ilə ideoloji məsələlərə həsr olunmuş müşavirə keçirəndə toplantı iştirakçıları “maraqlı” bir hadisə ilə üzləşiblər.

Həmin müşavirədə yüksək ranqlı dövlət məmurları ilə yanaşı, ölkənin tanınmış simaları, yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar da iştirak ediblər. Bir neçə çıxışdan sonra yazıçı Qalina Serebryakova da söz istəyərək tribunaya çıxıb.

serebr.jpg (228 KB)

Amma onun çıxışı heç də ədəbiyyatla bağlı olmayıb. Yazıçı cəzaçəkmə müəssisələrində vəziyyətin ürəkaçan olmadığından, məhbuslara qarşı qeyri-insani münasibətdən söhbət açıb. Xruşov onun sözünü yarımçıq kəsib:

- Sizin çıxışınızın bu müşavirəyə heç bir aidiyyəti yoxdur, söylədikləriniz isə həqiqətə uyğun deyil. Yazıçı həqiqəti söyləməlidir.

Xruşovun iradından sonra Serebryakova tribunadan iki addım kənara çıxıb, ətəyini qaldıraraq baldırlarını Xruşova və müşavirə iştirakçılarına nümayiş etdirib:

- Buyurun baxın, diqqətlə baxın, çapıqlara, armaturla vurulan zərbələrin yerinə diqqət yetirin və özünüz söyləyin, mənim dediklərim həqiqətdir, yoxsa yalan? Göstərdiklərim söylədiklərimin canlı sübutudur.

Xruşov bu mənzərəni gördükdən sonra bir neçə saniyə susmağa məcbur qalıb. Amma yazıçının cavabını da verməyi vacib sayıb:

- Bunlar Stalin rejiminin nişanələridir, biz heç vaxt belə şeylərə imkan vermərik. Qalina Serebryakova hələ gənclik illərindən cəsarətli olmağı ilə fərqlənib.

1905-ci ildə Kiyevdə inqilabçılar ailəsində anadan olan Serebryakova orta məktəbi bitirdikdən sonra ali tibb təhsili alıb. Əslində o, həkim olmaq istməyib. Sadəcə valideynlərinin arzusunu həyat keçirərək tibb institutunda oxuyub. İnstitutu bitirdikdən sonra Serebryakova bir gün də olsun belə həkim işləməyib. O, ilk əmək fəaliyyətinə yerli qəzetlərdə ədəbi işçi, müxbir kimi başlayıb, sonralar isə fəaliyyətini Moskvada “Komsomolskaya pravda” qəzetində davam etdirib. Jurnalistika fəaliyyətinin ilk illərindən imzası ilə tanınan Serebryakova Çinə, Fransaya, İspaniyaya, İsveçə ezamiyyətlərə göndərilib, maraqlı yazıları ilə diqqəti cəlb edib. Karl Marks haqqında yazacağı romana materiallar toplamaq üçün o, Kremlin xüsusi razılığı ilə Qərbi Avropaya səfər edib.

KARL.jpg (144 KB)

Serebryakovanı fərqləndirən cəhətlərdən biri də onun cazibədar xarici görünüşü olub ki, bu da yazıçıya kifayət qədər “problem” yaradıb. Bir çox dövlət məmurları, yazıçılar və şairlər, bəstəkar və rəssamlar Serebryakova qarşısında öz sevgilərini etiraf ediblər. Yazıçı isə öz seçimini çox ləngitməyib. O, Siyasi Büronun üzvü və SSRİ-nin ilk maliyyə komissarı (naziri) Qriqori Sokolnikovun evlilik təklifini qəbul edib və onunla ailə həyatı qurub.

Ailə qurduqdan sonra Qalina Serebryakovanın yaradıcılıq imkanları daha da genişlənib. Xarici ölkələrə səfərlərinə heç bir məhdudiyyət qoyulmayıb. Bu ərəfədə onun bir neçə kitabı nəşr olunub. Amma bu rahat, güzəştli və imtiyazlı həyat uzun sürməyib, repressiya dalğaları bu ailənin də rahatlığını pozub.

1936-cı ilin iyul ayında Qriqori Sokolnikov antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib. Həbsdən sonra o, İosif Stalinə bir neçə məktub ünvanlayıb, fəaliyyətində heç bir antisovet əməlinin olmadığnı anlatmağa çalışıb və xahiş edib ki, həyat yoldaşını bu məsələlərə qatmasınlar. Stalin Sokolnikovu əfv etməyib, amma həyat yoldaşının azadlıqda qalacağına söz verib. Beləliklə, Qriqori Sokolnikov 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qalina Serebryakova həyat yoldaşının azadlığa çıxması üçün bütün mümkün variantlara əl atıb. Ancaq heç bir ay ötməmiş onu da həbs edərək sürgünə göndəriblər.

GOZEL.jpg (36 KB)

1939-cu ildə Qriqori Sokolnikov türmədə öldürülüb. Ölüm haqqında rəsmi rəydə səbəb “qəfil ürəktutma” qeyd olunub. Sonralar məlum olub ki, sabiq maliyyə nazirinin ölümünü Lavrenti Beriya sifariş edib.

Qalina Serebryakovaya təyin edilən sürgünün müddəti əvvəlcə 3 il olub. Daha sonra bu müddət 5 il də uzadılıb. 8 ildən sonra isə yazıçıya daha 10 il sürgün həyatı hökmü oxunaraq Qazaxıstana göndərilib.

Serebryakova 18 il ərzində mənəvi və fiziki işgəncələrlə yaşayıb. Nəhayət, 1955-ci ildə azadlığın qapısı onun üzünə açılıb. Yazıçı Moskvaya qayıdan kimi Nikita Xruşova müraciət ünvanlayıb. Xruşov Serebryakovanın müraciətini müsbət cavablandırıb. Serebryakova uzun illərdən sonra partiyaya və Yazıçılar İttifaqına bərpa olunub. 1956-cı ildə onun Karl Marksa həsr olunmuş trilogiyası işıq üzü görüb.

Sürgün həyatı yazıçının səhhətində ciddi problemlər yaratsa da, Serebryakova ömrünün son illərinə qədər qələmini yerə qoymayıb. O, 1980-ci ildə, 74 yaşında vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

05.09.2023 15:10
10585