Musavat.com problemi işıqlandırdı, sakinlərin telefon xətti bərpa olundu  

“Aztelekom” İstehsalat Birliyi Nizami rayonunda sakinlərin telefon xəttinin kəsilməsi barədə narazılığa cavab verib. Xatırladaq ki, saytımızda oktyabrın 9-da yayımlanan “İnternet istəmirik deyə telefon xəttimizi də kəsiblər”- Paytaxt sakinləri etiraz edir” yazısında qeyd edilib ki, sakinlər problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər.

“Aztelekom” İstehsalat Birliyinin mətbuat xidmətindən Musavat.com-un sorğusuna cavab olaraq bunlar bildirilib:

“Uzun illər istifadədə olan mis xətlərin köhnəlməsi, sıradan çıxması, dövrün tələblərinə cavab verməməsi və hazırda bərpası üçün texniki imkanın məhdud olması səbəbindən qeyd edilən ərazidə köhnə texnologiya vasitəsilə göstərilən telekommunikasiya xidmətlərinin təqdim edilməsi qurumun texniki imkanları xaricindədir. Lakin hazırda qurum tərəfindən mis xətlər üzərindən təqdim edilən rabitə xidmətlərinə alternativ olaraq GPON texnologiyası əsasında telekommunikasiya şəbəkəsinin qurulması və həmin şəbəkə üzərindən fiber-optik xətlər vasitəsilə daha keyfiyyətli telekommunikasiya xidmətlərinin (telefon, internet və s.) təqdim edilməsi ilə bağlı müvafiq işlər həyata keçirilməkdədir.

Xidmətlər passiv xətt olan GPON texnologiyası – fiber-optik xətt üzərindən verildiyinə görə modem olmadan işləmir.

Qoşulma şərtləri barədə ətraflı məlumatla “Bakı Telefon Rabitəsi” MMC-nin saytında tanış olmaq mümkündür. Vətəndaşlardan bütün hallarda yarana biləcək sual və təkliflərlə bağlı 24/7 rejimdə fəaliyyət göstərən Çağrı mərkəzlərinə – “Aztelekom” üzrə “170”, “Baktelecom” üzrə “155” qısa nömrəsinə müraciət etmələri xahiş olunur”.

Qeyd edək ki, Musavat.com-a müraciət edən sakinlərin telefon xətti ilə bağlı problemi həll olunub.

 

Afaq Mirayiq,
Musavat.com

14.10.2024 16:46
331