Müsavat başqanlığına namizəd direktor müavini tərəfindən BELƏ ÖLDÜRÜLÜB - Vəkil hər şeyi AÇIQLADI

Müsavat fəalı Natiq Ulubəyin dəhşətli qətlinin təfərrüatları ortaya çıxıb.

Musavat.com-un xəbərinə görə, qətllə bağlı vəkil Nemət Kərimli “Basta”ya açıqlama verib.

Deyib ki, Natiq Ulubəy ölümündən bir müddət əvvəl öz bacısına müraciət edərək çalışdığı 55 saylı orta məktəbdə direktor müavini Elsevər İslamov tərəfindən əsassız təzyiqlərə məruz qaldığını bildirib.

“Natiq Ulubəy ali təhsilli olsa da, ixtisasına uyğun işlə təmin edilməyib, ona görə məktəbdə gözətçi işləyib. Xüsusən işlədiyi son dövrdə direktor müavini və idman müəllimi Elsevər İslamov tərəfindən əsassız təzyiqlərə məruz qalıb. Məsələn, “niyə masanı bura qoymusan”, yaxud “otaqda niyə kofe dəmləmisən” adı altında qısnamalar ilə üzləşib. Natiq Ulubəy öz bacısına bu təzyiqlərə görə yaxın günlərdə işdən çıxacağını deyibmiş. Halbuki, çox hövsələli, sakit adam olub” - deyə vəkil bildirib.

ELSEVER.jpg (240 KB)

Elsevər İslamova gəlincə, o, direktor müavini olmaqla yanaşı, həm də idman müəllimi olub və aqressiv xarakteri ilə seçilib.

“Bir neçə dəfə valideynlər Elsevər İslamovun onların məktəbdə oxuyan övladlarını döyməsi ilə bağlı daxili yazışma qrupunda direktora şikayət ediblər” - deyə vəkil bildirib. Lakin indi məlum olur ki, onun barəsində hər hansı bir tədbir görülməyib.

Qətlin bəsit motivi fonunda direktor müavininin göstərdiyi qəddarlıq isə xüsusilə dəhşətlidir. O iddia edib ki, gözətçini gecə yarısı iş yerində yatdığı üçün öldürüb:

“Hadisə baş verən gün Elsevər İslamov gecənin yarısı içkili vəziyyətdə məktəbə gəlib. Natiq iş yerində yatıbmış. Direktor müavini onun yatdığı yerdə şəklini çəkib və bu, Natiqin etirazına səbəb olub. Mübahisə başlayıb və direktor müavini başlayıb gözətçini döyməyə. Çox vəhşicəsinə döyüb, təpiyin altına salıb, başına, üzünə təpiklə vurub. Bütün bunlar təhlükəsizlik kamerasına düşüb. Natiq fiziki cəhətdən də zəif olduğu üçün özünü müdafiə edə bilməyib. Çox qəddarcasına döydükdən sonra da direktor müavininin ürəyi soyumayıb. Gedib, maşından bıçaq götürüb gəlib, bir də bıçaqla vurub”.

Vəkil bildirib ki, Natiq Ulubəyin bıçaqlanana qədər, yoxsa ondan sonra öldüyünü ekspertiza müəyyənləşdirəcək.

“Görünür, Natiqi öldürəndən sonra direktor müavini etdiyi cinayəti anlayıb. O, qəddarcasına cəsədi doğrayıb, sellofan paketlərə yığıb və maşının baqaj yerinə qoyub. Doğranmış cəsəd 3 gün maşında qalıb. Ondan sonra etdiyi cinayətin izini itirmək üçün cəsədi evinin yaxınlığındakı bir ağaclıqda basdırıb” - deyə Nemət Kərimli təfərrüatları açıqlayıb.

Qeyd edək ki, Elsevər İslamov həbs edilib, onun barəsində CM-in 120.2.4 - xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Natiq Ulubəy qətlindən bir həftə sonra Nardaran qəbiristanlığında dəfn edilib.

E.Məmmədəliyev,
Musavat.com

29.05.2024 17:34
2586