"Təpəgöz" uşaq, siyam əkizləri, mumiyalanmış qadın və kişilər, həmçinin insan külü... Bütün bunlar Bakıda yerləşən İnsan Anatomiyası Muzeyindədir.
Tibb Universitetinin tələbələri üçün bura muzeydən çox dərs otağıdır. Onlar hər gün yollarını buradan salır, günlərini insan eksponatlarının arasında keçirirlər.
Onlardan fərqli olaraq bizim üçün bu muzey qeyri-adi və təəccüblüdür.
Muzey "Dayaq hərəkət", "Anomaliya", "Kəllə sinir" və "Daxili orqanlar" olmaqla, 4 otaqdan ibarətdir.
Burada döl formasında və anomaliyayla doğulan uşaqlar var. ''Coclopiya", yəni "Təkgözlülük" sindromundan əziyyət çəkdiyi üçün dünyasını dəyişən uşaq və siyam əkizi olan bacılar ən diqqət çəkən eksponatlardandır. Anormal görkəmdə doğulan körpələrin meyitləri bankada, formalin məhlulunun içərisində saxlanılır.
Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən muzeydə 5200-ə yaxın canlı orqan var. Burada hətta 1922-1926-cı illərdə Bakı Universitetinin tibb fakültəsinin normal anatomiya kafedrasına rəhbərlik etmiş professor Malinovskinin külü də saxlanılır. 1919-1922-ci illərdə kiçik bir otaqda sırf tədris üçün yaradılan muzeyin indi 550 kv.m sahəsi var.
İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev deyir ki, kafedra qədim kökə malikdir:
“Azərbaycanda ilk ali təhsil ocağı Bakı Dövlət Universitetidir. Onun yaradıcısı professor V. İ Razumovski həm də bu kafedranın müdiri olub. Tibb Universiteti o zaman Bakı Universitetinin nəzdində olub, 1930-cu ildə ayrılıb və müstəqil institut kimi fəaliyyət göstərib. Razumovskini bu vəzifədə professor K.N.Malinovski əvəz edib. Muzeyin girişində onun külü var. Malinovski sidik kisəsinin xərçəngindən vəfat edib. Onun böyrəkləri də eksponat kimi muzeyə qoyulub.
Bu boyda kafedra yaranarkən cəmi iki otaqda yerləşirdi. Malinovskinin dövründə muzeyin yaranmasına çox böyük diqqət ayrılmışdı. Anatomiya kafedrasına rəhbərlik edən ilk milli kadr isə Kamil Balakişiyev olub. O, 1973-cü ilə qədər kafedraya rəhbərlik edib. Azərbaycanda anatomiyanın inkişafında onun çox böyük xidmətləri olub. 17 il ərzində kafedraya professor Hacıyev rəhbərlik edib. 1995-ci ildən 2020-ci ilə qədər əməkdar elm xadimi Vaqif Şadlinski kafedra müdiri olub. 2020-ci ildə onun tövsiyəsi ilə kafedra müdiri vəzifəsini mən icra etməyə başladım.
Dünyada anatomiya kafedraları çoxdur. Amma çox az kafedra belə bir muzeyi ilə öyünə bilər. Çünki bunların hazırlanmasına böyük zəhmət, əmək lazımdır. Kafedra İkinci Dünya müharibəsində bir neçə dəfə yerini dəyişib. 1990-cı illərin sonunda akademik Şadlinski Şəki rayonunda arxeoloji qazıntılarda iştirak edib. Bu qazıntılar zamanı bir qrup kəllə tapılıb. Kəllənin də müəyyən etnik xüsusiyyətləri var idi. Müəyyən olunmuşdu ki, bu kəllələr türk tayfalarına aiddir. Həmin kəllələr də muzeydə saxlanılır”.
Muzeydə hər kəsi heyrətləndirən eksponatlardan biri də əllərini yumub, diz üstə çökərək dua edən edən uşaqdır. O, doğularkən ölüb, 100 ilə yaxındır ki, burada saxlanılır. Bu muzeydə təpəgöz uşağa da rast gəldik.
Baş, qulaq, göz bəbəkləri, bağırsaq, döllər formalın məhlulunun içərisində saxlanılır. Muzeydə 700-dən artıq insan başı var. Yaşı 2 əsri keçən mumiyalanmış 3 meyit də diqqətimizdən yayınmır. Onlardan ikisi kişi, biri isə qadındır. Onların heç bir orqanı çıxarılmayıb.
Burada dəyəri 200 min manatdan çox olan xüsusi bir eksponat da var. Həmin eksponat ana bətnində olan dölün ikinci həftəliyindən doğulana kimi olan müddəti əhatə edir.
Şahanə Rəhimli
Musavat.com