Rus poeziyasının günəşi adlandırılan, bu xalqın könül rübabını şahanə misralarla dilləndirən Puşkinin kitabını vərəqləyirəm. Onun ölməz misraları bu gün də müasir səslənir, insanı düşündürür və duyğulandırır.
Puşkinin poetik incələməsində dünyada sonsuz bir xoşbəxtlik yoxdur – nə məşhur bir soy, nə gözəllik, nə güc-qüvvət, nə zənginlik insanı fəlakətdən qurtara bilməz. Bu pərişan anlatmanın arxa planında başqa bir məna gizlənib: Dünyanı elm, xeyirxahlıq, mükəmməllik və gözəllik xilas edə bilər. Lakin bəşər övladı bu gerçəyin fərqində deyil.
Qorqud Dədənin gəlimli-gedimli, son ucu ölümlü dediyi dünyamızda bir gün həyatda olmayacağını ağlına gətirməyənlər özü, ailəsi, bəzən də yaxın çevrəsi üçün yaşayır. Amma elə müdrik, daxilən zəngin və kamil insanlar var ki, onlar insanlığı yaşatmaq, xeyirxahlığı göyərdib artırmaq, həyatı şərəfləndirmək üçün yaşayır. Cəmiyyəti yüksəldən və irəli aparanlar da məhz belə ictimai düşüncəli insanlardır.
Belə təbii seçilmişlərin varlığı daim xoşbəxtlik yaradır. Onlarla bir cəmiyyətdə yaşamaq qədirbilən insanlara həyat eşqi gətirir.
Azərbaycan səhiyyəsinin döyünən ürəyi, bilik-bacarığını, uzman peşəkarlığını insanlara uzun ömür bəxş edərək yüksək duyğu-düşəncələrlə tərbiyələnib məşhurluq qazanmış məşhur soydaşımız Rəşad Mahmudov məhz belə mütərəqqi seçilmişlərimizdəndir.
Doktor Mahmudov həyatı sevir, onun nə olduğunu dərindən anladığına görə yaşamağı təhlükədə olanlara da yeni ömür payı verir.
Rəşad həkimin çağdaş təbibliyi bir yana, zəngin mənəviyyatı, insansevərliyi, xeyirxahlığı, yüksək mədəniyyəti, əlindən gələni heç kəs üçün əsirgəməməsi özü bir dərman, əlavə müalicədir.
Bütün varlığı şəfqət saçan Rəşad həkimin adi söhbəti belə insana rahatlıq, könülxoşluğu gətirir. Bu səmimilik ürəyimizin ritminə belə təsir edir, özümüzü arxalı, sağlam, güvənli hiss edirik. Əmin oluruq ki, ürəyimiz uzun illər döyünəcək, xəstəlik bizə yaxın düşə bilməyəcək.
Rəşad Mahmudov müasir dövrümüzdə İbn Sina, Loğman, Hippokrat yolunu davam etdirən müəllim, ustad təbiblərdəndir. O, peşəkar ürək-damar cərrahı kimi ölkəmizdə 10 minlərlə vətəndaşımızı əməliyyat edib. Yeni ömür qazanan bu insanların doğmalarının əhatəsində sağlam həyatını yaşaması böyük xoşbəxtlikdir. Mən fəxr edirəm, fərəhlənirəm ki, Azərbaycanda Rəşad Mahmudov kimi həkim var. Dünyanın nüfuzlu hospitalları Rəşad Mahmudov kimi yüksək təhsil almış, zəngin təcrübə toplamış həkim üçün əliçıraqlı gəzir. Amma O, Vətənində çalışır, ölkəsinə xidmət edir. Çünki Rəşad Mahmudov əsl vətəndaşdır!
Onun xalqına olan sevgisinə hamımız COVID-19 pandemiyasının tüğyan etdiyi ağrılı-acılı günlərdə bir daha şahid olduq. O, fədakar, qəhrəman həkim kimi xəstələrin yanında, ictimai xadim kimi dövlətimizlə birlikdə bu bəlanı dəf etmək üçün mübarizə meydanında idi. Rəşad Mahmudov təkcə şəfa vermirdi, eyni zamanda günün maarifçisi, yolgöstərəni idi. Onun yüksək ictimai fəallığı bizə o imkanı yaratdı ki, COVID-19-a yoluxmamaq üçün məlumatlı, tədbirli olaq, birgə mübarizə aparaq.
Rəşad Mahmudovun çoxyönlü fəaliyyəti təkcə səhiyyəmiz üçün deyil, cəmiyyətin geniş humanitar sferası üçün də önəmlidir. O, eyni zamanda, cəmiyyətin ən güclü və yetkin siyasi özəyi olan YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı kimi siyasi sistemdə fəal mövqe sərgiləyir. Ulu öndərin əbədiyaşar ideyalarına, partiya sədri, Prezident İlham Əliyevin dünyanı heyrətə gətirən siyasi kursuna sadiq əsgər kimi Azərbaycan dövlətinə yorulmadan, usanmadan şərəflə xidmət edir.
Həyatının bütün dövrlərində – istər tələbə, istər həkim, istərsə də millət vəkili olanda hər zaman başının üstündə həyat müəllimi saydığı ümummilli lideri Heydər Əliyevin şəklini asıb. Xalqa atalıq missiyasını şərəflə yerinə yetirərək əbədiiyyətə qovuşan Heydər Əliyevə mənəvi övladlıq borcunu ləyaqətlə yerinə yetirir. Onun parlamentdə deputat kimi uğurlu fəaliyyəti, seçicilərlə müntəzəm görüşləri cəmiyyətdə sosial-siyasi məmnunluq doğurub. Bütün bunlara görə hakim YAP özünün ən ləyaqətli və yetkin təmsilçilərindən biri kimi onun Milli Məclisə yenidən seçilib fəaliyyətini davam etdirməsini gərəkli sayıb.
Ölkəmizdə keçiriləcık növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb. Əminəm ki, Rəşad Mahmudov mütləq səs çoxluğu ilə yenidən seçicilərinin etimadını qazanacaq, rəqiblərinə qalib gələcək. O, növbəti 5 ildə də seçicilərinin maraqlarını yüksək tribinadan səsləndirməyə qadirdir. Bu haqqı ona xalqına, dövlətinə və Heydər Əliyev yoluna layiqli xidməti və sədaqəti verib.
Bəhram Şiriyev,
Əməkdar müəllim