May ayı Ukrayna üçün kifayət qədər kritik sayıla bilər. Ən azından ona görə ki, bu ay qısa zamanda daha bir neçə kənd Rusiyanın nəzarətinə keçib və ciddi say üstünlüyünə malik işğalçı orduda cəbhə boyu hücum ovqatı müşahidə edilir.
Bu arada ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya döyüş meydanındakı vəziyyəti dəyişə biləcək böyük həcmdə yardımın gələcəyini vəd edib. Bunu o, Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə deyib.
“Hamımız sizin hədsiz möhkəmliyinizə, dözümlülüyünüzə, gücünüzə və liderliyinizə heyranıq. Bilirik ki, çətin vaxtdır, amma onu da bilirik ki, kömək yoldadır, bəziləri artıq gəlib və çoxu da gəlməkdədir. Və bu, döyüş meydanında Rusiyanın davam edən təcavüzü ilə mübarizədə fərq yaradacaq”, - Blinken bildirib.
Doğrudanmı artıq yolda olan silahlar döyüş meydanındakı vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər?
“Ukrayna ordusunun ehtiyatı qalmayıb”.
Bu sözləri Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov eyni gündə dilə gətirib.
“Bütün qoşunlarımız ya Çasov Yarda, ya da başqa yerdədir. Mən nəyimiz varsa, hamısını istifadə etmişəm. Təəssüf ki, ehtiyatda heç nəyimiz qalmayıb”, - Budanov vurğulayıb.
“The New York Times” isə yazıb ki, Ukrayna və Rusiya bir neçə aydan sonra sülh danışıqlarına başlaya və cəbhə xəttində müharibəni dayandıra bilərlər.
“Bayden administrasiyasında növbəti bir neçə ayın həlledici ola biləcəyinə dair artan bir hiss var, çünki müəyyən bir nöqtədə hər iki tərəf, nəhayət, 1953-cü ildə Koreyada aktiv hərbi əməliyyatlara son verənə bənzər danışıqlar yolu ilə atəşkəsə keçə bilər. Bir tərəfdən, Amerika rəsmiləri hesab edirlər ki, ABŞ-a yardımı gəlməyə başlayandan və Ukrayna cəbhəyə daha çox gənc əsgər göndərəndən sonra Ukrayna indiki ərazi itkilərinin çoxunu geri ala biləcək. Digər tərəfdən, onlar hətta bir neçə aydan sonra cəbhə xəttinin harada olacağı və ya Zelenskinin gələn il uzun müddətdir təxirə salınmış əks-hücumunu başlaya biləcəyi ilə bağlı proqnoz verməkdə tərəddüd edirlər”, - məqalədə bildirilir.
Qəzetin yazdığına görə, Baydenin bir sıra köməkçiləri Rusiyanın münaqişədən hansı texnologiyaların özünü yaxşı, hansının zəif göstərməsinə dair dərslər çıxarmasından, həmçinin Amerika silahlarına qarşı mübarizədə texnoloji irəliləyişlərə nail olmasından narahatdır.
Öz növbəsində Britaniya müdafiə naziri Qrant Şapps bildirib ki, qarşıdakı yay Ukrayna ordusu üçün çətin keçəcək, lakin o dayana biləcək. O, digər məsələlərlə yanaşı, rus qoşunlarının Xarkov yaxınlığındakı yeni hücumunu da şərh edib. Şappsın sözlərinə görə, Ukrayna həmişə dünyanın gözləntilərini üstələyib, lakin 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri ölkə üçün vəziyyət çətin olaraq qalır.
İngilis jurnalistlər müdafiə nazirinə sərt suallar da ünvanlayıblar. Onlara görə, əgər ABŞ Ukraynaya yardımı 6 ay ərzində gecikdirməsəydi, bəlkə də Xarkov ətrafında bu vəziyyət yaranmazdı. Nazir cavabında bunu qismən təsdiqləyib. Onun fikrincə, Ukraynaya həqiqətən son dövrlərdə diqqətin azalması müşahidə olunub. “Lakin indi diqqəti gələcəyə yönəltmək lazımdır, çünki siz artıq baş verənləri dəyişdirə bilməzsiniz”, - deyə o əlavə edib.
Bəs döyüşən orduda canlı qüvvə çatmırsa, müasir hərbi texnika və sistemlər nə dərəcədə kömək edə bilər? Yoxsa 5-ci nəsil savaşda hərbçi sayı həlledici deyil?
Emin Həsənli: “Bunların işi-gücü ancaq Zelenskiyə “bəy tərifi" etmək oldu”
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-in sədri, hərbi analitik Emin Həsənli Ukraynanın mövcud duruma düşməsində ən Qərb ölkələrini günahkar sayır: “Çox çətin bir vəziyyət yaranıb. Rusiyanın Ukraynanı işğal edəcəyini ən yaxşı Qərb ölkələri bilirdi. Hətta müharibənin başlayacağını əvvəldən bilməmiş deyildilər. Bir ölkənin digər bir ölkənin ərazisinə irimiqyaslı hücum başlatması üçün ən azı bir ay vaxt lazımdır. Bu hazırlığı isə, indiki müasir dövrdə iri dövlətlərin kəşfiyyat orqanlarının bilməməsi mümkünsüzdür. Həmin dövrdə Ukraynanın müdafiəsi üçün nə etdilər? Heç nə. Rusiya nə üçün savaş açdı? Çünki Ukrayna NATO-ya üzv olmaq, Qərbə inteqrasiya etmək istəyirdi. NATO Kremlin sərhədlərinə yaxınlaşırdı. Ukraynanı isə həvəsləndirən Amerika idi. Ukraynanın işğalının qarşısını almaq üçün konkret tədbirlər görülmədi. Savaşın ilk günləri Zelenskini Avropaya çağırdılar. Hər cür dəstək verəcəklərini bildirdilər. Doğrudur, rus ordusu Kiyevi işğal edə bilmədi. Ukraynana edilən kömək imitasiya xarakterli oldu. İlkin dövrdə çox zəif silahlar verdilər. Sonrakı dönəmdə də elə silahlar verdilər ki, Rusiya ərazisi vurulmasın. Hətta bunun üçün şərtlər də qoydular. Necə ola bilər ki, ərazin işğal olunsun, amma sən düşmən tərəfə heç nə etməyəsən. İndi Ukraynaya havadan müdafiə sistemləri verilir. Amma bu ölkədə dağılmayan şəhər qalıb? Niyə bunu vaxtında vermirdilər? Bir sözlə burada məqsədlər güdüldü. Plan o oldu ki, bu iki ölkə arasında dərin düşmənçilik toxumu səpilsin, bu ölkələr ağır itkilər versinlər. Hər iki tərəf 300 mindən çox itki verib, bir milyondan çox yaralıları var. Ukrayna şəhərləri darmadağın olub, insanların evləri dağılıb. Bütün bunların baş verməsində Qərb də günahkardır. F16-lar 150 ədəd vermək istəyirlər. Niyə vaxtında vermədiniz? 30-40 ədəd vaxtında verilsəydi, Ukrayna o cür darmadağın edilməzdi. Təsəvvür edin ki, 6 ay Ukraynaya yardım dayandırıldı. Pulları, silahları olmasa, başa düşərsən. Geniş imkanlara malik oldular, amma daha çox seyrçi mövqe sərgilədilər. İndi Amerika 61 milyard ayırıb, vaxtında ayırsaydı, belə ağır durum yaranmazdı. Avropa Birliyi 67 milyard ayırdı. İki il öncə bu imkanları yox idi? Bunların işi-gücü ancaq Zelenskiyə ”bəy tərifi" etmək oldu. İki gündən bir İngiltərənin baş naziri Kiyevə gəlir, şəkillər çəkdirir, poz verib qayıdırdı".
Hərbi analitik Ukrayna ssenarisini II dünya müharibəsinə bənzədir: “Qərb II dünya müharibəsində də eyni mövqe sərgilədi. Məqsədləri isə SSRİ və Almaniyanı zəiflətmək idi. Nəticə nə oldu? SSRİ 13 milyondan çox, Almaniya da 7 milyondan çox insan itirdi. Hətta müxtəlif rəqəmlərdə SSRİ-nin 20 milyondan çox itki verdiyi deyilir. Qərb vaxtında ikinci cəbhə açsaydı, SSRİ o qədər itki verməzdi. İndi də Ukrayna ilə bağlı eyni ssenari gedir. Halbuki, Ukrayna Qərb ölkələrinə inanıb bu savaşa girdi. Artıq Avropa ölkələrində də Ukraynaya edilən yardımlarla bağlı etirazlar var və bu etiraz dalğası durmadan güclənir. Məqsədlərdən biri də Amerikanın xilaskar, Rusiyanın işğalçı imicini yaratmaq idi. Son nəticə budur ki, ABŞ qazanan tərəfdir, itirən tərəf Rusiya və daha çox da Ukraynadır. Bu müharibə hələ davam edəcək. Ukraynanın özünə gəlməsi üçün uzun müddət vaxt lazım gələcək”.
Səxavət Məmməd: “Qərb bir qədər də ləngisə, Ukraynanı çox acınacaqlı tale gözləyir”
Hərbi ekspert Səxavət Məmməd isə Ukraynanın taleyinin durmadan ağırlaşdığını bildirdi: “Rusiya-Ukrayna müharibəsi hazırda ən ağır və gərgin dövrünü yaşayır. Buna səbəb Qərbin Ukraynaya silah, sursatı vaxtında verməməsi ilə yanaşı, Rusiya ordusunda aparılan islahat və Qərb texnologiyasına qarşı mübarizə üsullarının tapılmasıdır. Ukraynanın ən böyük problemlərindən biri Qərbdən asılı olmasıdır. Ukraynanın silah sənayesi müharibəyə çox az kömək ola bilir. Ukrayna geyimdən tutmuş gülləyə qədər Qərbdən asılıdır. Ona görə də, Qərb nə qədər dəstək olur, onlar da o qədər döyüşə, müdafiə oluna bilirlər. Ukrayna 2014-cü ildən sonra silah sənayesini işə salmalı idi. İndi isə çox gecdir. Rusiya demək olar ki, bütün silahları özü istehsal edə bilir. Hətta Rusiya müharibədən əvvəlki dönəmə baxdıqda, 3-4 dəfə daha artıq silah, hərbi texnika, raket, bombalar istehsal edir. Bundan əlavə Rusiyanın səfərbərlik kimi bir problemi də yoxdur. Müharibənin ilk dövrünə baxdıqda, Rusiyada ordudan yayınmaq yox, orduya gedənlərin sayında artım var. Buna səbəb isə maliyyədir. Kim nə deyir desin, yüksək maaş almayan, evindən, ailəsindən nigaran qalan əsgər döyüşməz. Rusiya bütün bu məsələləri həll edə bildi. Müharibənin ilk dövrlərində Qərb silahlarını, raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərinə qarşı effektiv mübarizə apara bilməyən ruslar, artıq hər gün Qərbin ən yüksək texnologiyalı silahlarını sıradan çıxara, ABŞ-ın ”Patriot" raket sistemini vura bilir. Müharibənin ilk dönəmlərində Rusiyanın silahı bitir kimi bir fikir ortaya atılmışdı. Ruslar hər gün bir neçə istiqamətə ballistik raketlər atırlar. Bundan əlavə FAB 1500 bombalarından çoxlu sayda istifadə edirlər. Bununla yanaşı ruslar artıq FAB 3000 bombalarının istehsalına da başlayıblar. Dolayısı ilə Rusiya ilə bağlı proqnozların hamısı alt-üst olmuş durumdadır. Hazırda sahədə Rusiyanın irəlilədiyini görməkdəyik. Xarkov çətin vəziyyətdədir. Bunu ukraynalılar da etiraf edir. Qərb bir qədər də ləngisə, Ukraynanı çox acınacaqlı tale gözləyir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”