“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yeni müharibədən qorxsa da, rəsmi Bakının 8 kəndin geri qaytarılması və Zəngəzur dəhlizi ilə bağlı tələblərini yerinə yetirmək istəmir. Ancaq Paşinyan onu da anlamamış deyil ki, tələblərin yerinə yetirilməməsi növbəti toqquşmaya səbəb olacaq ki, itirən yenə də Ermənistan olacaq”.
Musavat.com Medianews.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, N.Paşinyan Azərbaycanın tələblərinin yerinə yetirilməsi qarşılığında nə isə əldə etmək istəyir: “Paşinyan bununla erməni cəmiyyətinə əldə edəcəyinin ölkəsi üçün faydasını izah etmək niyyətindədir. Amma gəlin görək, Paşinyana nə təklif oluna bilər? Kəndlərin geri qaytarılması və Zəngəzur dəhlizinin açılması qarşılığında Ermənistanın müxtəlif regional layihələrə qoşulması təklif edilə bilər. Ermənistan rəsmiləri Qara dənizin dibi ilə çəkiləcək enerji xəttinə qoşulmaq istədiklərini bildiriblər. Həmin layihənin müəllifi Azərbaycandır. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan ötən ilin oktyabrında Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı iki ölkə arasında fikir ayrılıqları ortadan qaldırıldıqdan sonra ölkəsinin Azərbaycandan qaz almaq istədiyini deyib”.
Politoloqun qənaətincə, Qara dəniz layihəsinə qoşulmaq və Azərbaycandan qaz almaq təklifinin müəllifi Nikol Paşinyandır: “Erməni baş nazir özünün səsləndirə bilmədiyi təklifləri nazirləri və nazir müavinləri vasitəsilə gündəmə gətirir. Bunlar reallaşarsa Ermənistanın iqtisadi zəmində Azərbaycandan asılılığı artacaq. Rəsmi Bakı Paşinyanı Azərbaycanın tələblərini yerinə yetirməsinə həvəsləndirmək üçün bu səpgili açıqlama səsləndirə bilər: “İrəvan Azərbaycanın 8 kəndini geri qaytardıqdan və Zəngəzur dəhlizinə maneəsiz keçidə razılaşandan sonra Qara dənizin dibi ilə keçəcək alternativ enerji layihəsi və Azərbaycandan qaz alınması mövzularının Ermənistanla müzakirələrinə başlanıla bilər”.