Ölkənin Avropayönümlü camiəsinin üstünlük təşkil etdiyi sosial şəbəkə seqmentində son günlərdə bir trend peyda olub, zərbəçi və aparıcı cümləsi belədir: “Müharibə əleyhinə status yazan gənclərə 30 sutka həbs cəzası verilib”.
Adlar da çəkilir: Nurlan Qəhrəmanov (Libre), Rail Abbasov, Afiəddin Məmmədov, Nemət Abbasov, Əmrah Təhməzov və Emin İbrahimov.
Təqdimatdan belə aydın olur ki, bu müxalif ovqatlı gənclər müharibə əleyhinə status yazıblar, özlərini “novar”çı pasifistlər kimi aparıblar və haqq etmədikləri halda cəzalandırılıblar.
Onların cəzası elə də böyük deyil – dördününkü 30 sutka inzibati həbsdir, ikisininki isə 4 aylıq həbs qətimkan tədbiridir. Sonuncuları cinayət əməlində təqsirləndirirlər. Yenə də iddia var ki, o iş quramadır.
İndi diqqət edək ki, bu gənclər müharibə əleyhinə olaraq nə ediblər, nə yazıblar.
Təfərrüatı bilməyən, onların nə yazdıqlarından xəbəri olmayan adamlar düşünə bilər ki, gənclər ümumi şəkildə sülhpərvərlik ediblər, münaqişə tərəflərinin hamısına eyni ritorika ilə müraciət ünvanlayıblar. Məsələn, görək, bu gənclər Qarabağın dağlıq hissəsində 35 ildən bəri silah toplayan, bunkerlər düzəldən, yollara, keçidlərə mina döşəyən, pusqular quran, kolluqlarda snayper gizlədən ermənilərə də sülh çağırışı edirlərmi? Etmirlər.
Onlar Qarabağın erməni əhalisinin blokadada saxlanmasından danışırlar, özləri də bilirlər ki, ermənilər Laçın keçidinin ona görə açıq və nəzarətsiz olmasını istəyirdilər ki, Xankəndi və onun ətrafındakı qəsəbə və kəndlərə silah toplaya bilsinlər.
Ancaq gənclərimiz Azərbaycan dövlətinə yüklənirlər. Biri öz yanından Azərbaycan dövlətinin xəritəsində dəyişiklik edir, onun ərazində 5-6 xırda dövlət yaradır, bunu paylaşır və bu mənzərənin onun “ülvi arzusu” olduğunu yazır, o biri Azərbaycanı Rusiyanın əlində maşa olmaqda, öz ərazi bütövlüyünü bərpa etmək üçün Kremllə sazişə getməkdə ittiham edir və s.
Yaxşı, deyək ki, bunlar müxalifətçidir və hazırkı iqtidara qarşı barışmaz mövqedədirlər. Məgər adam da pis iqtidara görə dövlətinin daha da parçalanmasını, yaxud parçalanmış halda qalmasını istəyər? Sabah bu iqtidarın yerinə başqa iqtidar komandası gəlsə, həmin torpaqları geri qaytarmaq, ərazi bütövlüyünü bərpa etmək istəməyəcək? İstəməyəcəksə, onda ta o siyasi qüvvə hakimiyyətə niyə gəlir? İstəyəcəksə, müharibə olmayacaq? Hər halda ermənilər deməyəcəkdilər ki, yox, bunlar demokratlardır, işğal etdiyimiz torpaqları qaytaraq, ayıb olar...
Bu gənclərin içində ən ağıllısı kimi görünən Nemət adlı gənc yazır ki, “insan ölümlərini legitimləşdirən istənilən cür zehniyyət axmaq və yaramazdır”.
Bu sözlər müharibəni başlayan, ölkəmizin 20 faizini işğal edən və onu 28 il işğalda saxlayan aqressora yönəlmiş olsa, yeri vardı. Amma Nemət öz ölkəsinin rəhbərliyini ittiham edir, deyir ki, “mövcud hakimiyyətin digər suveren ərazilərdə hansı amansızlıqlarla yadda qaldığı hər birimizə məlumdur”.
O, ayrı-ayrı bölgələrdə bəzəin insanların qızışdırılaraq kütləvi iğtişaş törətmələrini, bu zaman hüquq-mühafizə orqanlarının iğtişaşların qarşısını almalarını nəzərdə tutur. Başqa necə olmalıdır ki? Hakimiyyət bir azca yumşaq, qətiyyətsiz tərpənsə, hər rayonda, kənddə “biz müstəqil dövlət qurduq” deyən bir bandit dəstəsi peyda olmazmı?
“Sülh tərəfdarı” kimi qələmə verilən gənclər “əmin-amanlıq, dayanıqlı və davamlı təhlükəsizlik şəraitində birgəyaşayış”dan danışırlar. Bunu bu ölkədə hamı istəyir. Amma insan ayağı dəyə biləcək hər yerə hələ də mina döşəyən separatçılar, hərbi canilər səninlə birlikdə yaşamağı ağıllarının ucundan keçirmirlərsə, düşmən saydıqları xalqın sonuncu nəfərinə qədər qırılmasını öz təhükəsizlikləri üçün vacib sayırlarsa, sənin “sülhpərvər”liyinə qoz qoymurlarsa, cəbhə xəttindən 350 kilometr aralıda yazılan pasifist statusların banan qabığı qədər dəyəri yoxdur. Sülh istəyi qarşılıqlı olmalıdır, sən də istəməlisən, qarşındakı da. O istəmirsə, sülh olmayacaq, onun sənin üzərində hökmranlığı bərqərar olacaq.
Deyirlər, bu da alternativ fikirdir, hər kəsin öz fikrini sərbəst ifadə etmək haqı var. Belə fikirlər ziyanlıdır axı. Bu cür söhbətlər döyüşən ordunun fəaliyətini, haqlılığını şübhə altına alır, ictimai fikri çaşdırır, arxa cəbhədə çatlaq səslərin xora çevrilməsini təmin edir, ümumi işə ziyan gətirir.
1941-45-ci illər müharibəsində arxa cəbhədə kimsə bu gənclərin indi publik şəkildə yazdıqları sözlərin yüzdə birini pıçıltıyla qonşusuna desəydi, heç 3 saat çəkməzdi, onu əlli-ayaqlı götürərdilər və 30 sutka cəza verməzdilər, 3 günün içində güllələyərdilər. Bax, əsl qəddar rejim o idi, amma o rejim əmin idi ki, qələbənin qazanılmasına əngəl ola biləcək istənilən söz və hərəkət cəzasız qala bilməz.
Bəs indiki “qəddar rejim” nə edir? 30 sutka cəza verir.
İnşallah, Azərbaycan öz ərazi btüövlüyünü bərpa etsin, müharibəyə birdəfəlik son qoyulsun, ondan sonra bütün xalqımız 7-dən 77-yə “novar”çı olacaq.
Amma biri qapının ağzında dayanıb səninlə dalaşmaq istəyirsə, qaçıb çarpayının altında gizlənmək “sülhpərvərlik” deyil, qorxaqlıqdır və üzünə söyülən söyüşləri, indiki gənclərin sevimli ifadəsi ilə desək, ənsəyə atmaqdır.
Araz Altaylı, Musavat.com