Abşeron rayonunda 1961-ci il təvəllüdlü Mübariz özündən 33 yaş kiçik olan sevgilisi Xatirəni (adlar şərti verilib – red.) qətlə yetirib.
Mübariz kolleclərdən birində tədris hissə müdiri vəzifəsində işlədiyi müddətdə - 2022-ci ilin sentyabr ayından həmin kollecin "Meşə və park" fakültəsinə qəbul olmuş Xatirə ilə yaxın münasibətlər yaradıb.
Xatirə ona birlikdə olduqları dövrdə intim fotolarını çəkdiyini bildirib. Həmin fotoları Mübarizin ailəsinə göndərməklə, habelə yayacağı ilə hədələyib. Nəhayət, qızın təhsil müəssisəsinin rəhbərliyinə şikayət etməsi səbəbindən Mübariz öz ərizəsi ilə işdən çıxıb.
Xatirə ilə münasibətlərinə son qoymasına baxmayaraq, qız əl çəkməyib, ondan münasibətlərini davam etdirməyi tələb edib. Mübariz ailə və cəmiyyətdə nüfuzuna xələl gətirən məlumatlar yayılacağı hədələrindən bezib. Xatirə ilə söhbət etmək və qərəzli hərəkətlərinə son qoymasını tələb etmək qərarına gəlib.
12 dekabr 2023-cü ildə saat 16:30-da Sabunçu rayonu, “Zabrat” dairəsi adlanan ərazidə görüşdə Xatirənin ondan öz ailəsindən ayrılıb, daim birgə yaşamaq tələbini rədd edib.
Mübariz istifadəsində olan “Hyundai Elantra” markalı avtomobili ilə Mehdiabad qəsəbəsi istiqamətində hərəkət edib. Xatirə ondan əl çəkməyib, öz avtomobili ilə onu təqib edib, Mübarizin maşınının arxa hissəsinə bir neçə dəfə vuraraq zədələyib.
Fatmayı kəndi ərazisində köməkçi yolda avtomobilini dayandıran Mübariz Xatirənin maşınına yaxınlaşıb, onunla söhbət etmək istəsə də, qız avtomobilin qapısını bağlayıb. O, sürücü tərəfdən qapının açıq pəncərəsindən əlini içəri saldıqda Xatirə pəncərəni yuxarı qaldırıb. Barmaqları sıxılan Mübariz əli ilə avtomobilin şüşəni sındırıb.
Mübariz əlini avtomobilin sınmış şüşəsindən içəri salaraq Xatirənin boğazından tutub və avtomobildən çölə çıxarmaqla digər yan tərəfə sürüyüb. Qız əlləri ilə müqavimət göstərib.
Mübariz Xatirənin hərəkətlərindən bezdiyi onu öldürmək qərarına gəlib. Xatirənin başını bir neçə dəfə yerin asfalt örtüyünə, daha sonra yerdəki daş parçasına vurub. Ardınca boğaz nahiyəsini əlləri ilə sıxaraq boğub öldürüb.
İstintaq orqanı tərəfindən Mübarizin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Çətinliklə razılaşdım”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, 2017-ci ildən kollecdə müxtəlif vəzifələrdə, son 3 ildə isə tədris hissə müdiri kimi işləyib: “Kollecə qəbul olan zərərçəkmiş Xatirəni 2022-ci ilin sentyabr ayından tanımışam. Onu təsadüfən şöbə müdirinin otağında gördüm. Həmin gündən onunla tanışlığım başladı.
Xatirə rayonda qalmağa yeri olmadığını bildirdi, məndən Bakıya getməkdə ona köməklik göstərməyimi xahiş etdi. Onunla çətinliklə razılaşdım. Özüm rayonda kirayədə yaşayırdım, həftədə bir dəfə Bakı şəhərinə gedib-gəlirdim.
Xatirə də mənimlə gedib-gəlməyə başladı. Bu gediş-gəlişlərdə Xatirə ilə yaxın münasibətim yarandı”.
“Məni hədələdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, ilk dəfə Xatirə ilə 2023-cü ilin əvvəllərində rayonda kirayə yaşadığı evdə cinsi əlaqədə olub: “Onun əvvəllər evlənərək boşandığından xəbərim vardı. Həmin gün Xatirə yataqda mobil telefonla mənim şəklimi çəkdiyini dedi. O, cinsi əlaqədə olan zaman şəklimizi çəkmişdi.
Fotoda mənim üzüm tam görünürdü, Xatirənin üzü yox. Ondan şəkli nə səbəbə çəkdiyini soruşdum, “çəkmişəm də, şəkildi” deyə laqeyd cavab verdi.
Sonralar şəkli ətrafıma və ailəmə yayacağını bildirərək məni dəfələrlə hədələməyə başladı. Bu səbəbdən onun mobil telefonunu sındırdım, sonra ona mobil telefon aldım”.
“Mən ağlamamışam”
Mübariz qeyd edib ki, Xatirə onunla öpüşən vaxt bir şəkil də çəkib və yenə onu şantaj etməyə davam edib: “Hətta evimə və ailəmə də zəng etməyə başladı.
Xatirəni sakitləşdirmək, münasibətləri normal saxlamaq üçün onun istəklərini məcburiyyət qarşısında yerinə yetirirdim. Onu müxtəlif rayonlara gəzməyə aparırdım. Münasibətlərimiz bir az pisləşən kimi məni yenə hədələməyə başlayırdı.
Qətl hadisəsindən təxminən 20 gün əvvəl Xatirə kollecin direktoruna məndən şikayət etdi. Abrımdan utanaraq ərizə yazaraq işdən çıxdım. Sonrakı günlərdə də Xatirə mənimlə təhdidlə danışdı. Mənimlə bir evdə yaşamaq istədiyini dedi.
Xatirənin anası Sevilə “qızın məndən əl çəkmir” deyəndə, o, “mən atasına deyərəm, tənbeh edər” deyə cavab verdi.
Xatirə zəng etdi, soruşdu ki, “anama niyə zəng etmisən, anam mənə sənin telefonda ağladığını dedi”. Mən də cavab verdim ki, “mən ağlayıb eləməmişəm, anana demişəm ki, sən məndən əl çəkmirsən”.
“Qələt eləmişəm, bir də belə şey etməyəcəm”
Mübariz qeyd edib ki, Xatirə sentyabr ayından noyabr ayına kimi onun avtomobili ilə gedib-gəlib:
“Həmişə avtomobilin ön oturacağında əyləşirdi. Münasibətlərimizdə problem yaranandan sonra həftədə bir dəfə polis şöbəsinin qabağına gedərək məni hədələyirdi. Məni çox bezdirirdi. Axrıncı dəfə yenə məndən şikayət etdi. Daha sonra Xatirə mənə şərt qoydu ki, “mənimlə birlikdən yaşamalısan, arvadını boşamalısan, avtomobilini mənim adıma keçirməlisən”.
Ona bunların heç birinin mümkün olmadığını, istənilən vaxt yenə onunla danışmaq üçün görüşməyə hazır olduğumu bildirdim. Xatirə cavabda “mən də səninlə gəlirəm” deyə bildirdi. Maşınımla nəvəmi məktəbdən götürüb evə gətirmək istədim. Bir az uzaqlaşanda Xatirənin də öz avtomobili ilə arxamca düşdüyünü gördüm. O, yolda zəng edərək yenə də birlikdə getmək istədiyini təkrarladı və maşını yavaş sürməyimi istədi. Dediklərinə əhəmiyyət verməyib öz sürətimlə yola davam etdim.
Mehdiabad qəsəbəsi ərazisinə girəndə Xatirə maşınımın arxasından iki dəfə vurdu. Fatmayı kəndindən Pirşağıya gedən yolda Xatirə bir dəfə də maşınımın arxasından vuranda hər ikimiz avtomobili saxladıq. Avtomobilinə yaxınlaşıb sürücü tərəfdən Xatirə ilə söhbət etməyə başladım. Pəncərənin açıq hissəsindən əlimi içəri qoyaraq ondan “qapını aç, səninlə söhbət edim” dedim. Xatirə “burdan söhbət et” dedi.
O, maşının şüşəsini qaldırdı və əlim şüşənin arasında qaldı. Əlim pəncərənin arasında qaldığı üçün maşının sürücü tərəfdə olan şüşəsini güc verərək sındırdım. Əlimi içəri soxaraq Xatirənin boğazından tutub onu boğmağa başladım. Onu boğazından tutub maşının digər yan tərəfinə çəkdim.
Xatirə mənə “qələt eləmişəm, bir də belə şey etməyəcəm” desə də,mənə qarşı etdiyi nalayiq hərəkətlərə görə çox əsəbləşdiyimdən səbrimi cilovlaya bilmədim”.
“Dırnağıyla üzümü cırdı”
Mübariz deyib ki, Xatirə onu mütəmadi şantaj edib, ailəsini ataraq onunla yaşamasını və ona pul xərcləməsini istəyib: “Bütün bunlarla barışmayaraq Xatirənin hərəkətlərinə dözə bilmədim.
Hadisə günü qəsdən məni izlədi, fürsət tapdıqca avtomobilimi öz avtomobili ilə vurdu. Həmçinin mənimlə söhbətdən yayındı, əllərimi avtomobilin pəncərəsi arasında qəsdən sıxması ilə məni tamam hövsələdən çıxardı. Əsəbləşdim və əsəblərimi cilovlaya bilmədim. Onu öldürmək fikrim olmayıb. Əsəbi olmuşam, özümü idarə edə bilməmişəm.
Hadisə vaxtı onun ayağı ilişdi, başı daşa dəydi. Onun başını dəfələrlə daşa vurmam barədə yazılanlar doğru deyil. Xatirəni boğanda ikimiz də yerə yıxılmışıq.
Xatirəni avtomobilindən çıxaranda dırnağı ilə üzümə cırmaq atıb xəsarət yetirdi. Onun başını bir dəfə daşa vurdum. Bir dəfə boğdum, yerə yıxıldı. Başı daşa dəyəndən sonra da boğdum. Ardınca Xatirəni maşınıma, sərnişin oturacağına qoydum, evə gətirdim. Daxili İşlər Nazirlyinini 102 xidmətinə zəng edib adam öldürdüyümü dedim”.
“Gözümün su içmədiyini bildirdim”
İş üzrə zərərçəkmiş Xatirənin hüquqi varisi qismində ifadə verən anasının sözlərinə görə, qızıyla iki dəfə məktəbə gedib: “Qızım psixiatriyada işləyirdi. Həm işləyir, həm də məktəbə gedirdi. Özünün avtomobili vardı. Kompüter operatoru işləyirdi, sonra tibb işçisinin köməkçisi kimi çalışmağa başladı. İşə öz avtomobili ilə gedirdi. Ona polis idarəsi ilə üzbəüz ev tutmuşdum.
Mən kimdənsə kömək umması vəziyyətdə olmamışam. Mübariz mənim qızım üçün ev tutmayıb. Qızım ona yaxınlaşmayıb.
Xatirə bir neçə dəfə mənim yanımda Mübarizə zəng eləmişdi. Mən qızıma Mübarizdən gözümün su içmədiyini bildirmişdim. O isə mənə heç bir problemin olmadığını dedi”.
“Dedi, bir səhvdi, oldu-keçdi”
Hüquqi varis qeyd edib ki, Mübariz hadisədən təxminən iki həftə öncə zəng edərək ona qızından şikayət edib: “Dedi ki, "qızın məni təhqir edir, bezdirir, şantaj edir, işdən məni çıxartdırıb”. Onun səsindən yaşlı kişi olduğunu hiss etdim. Cavab verdim ki, “qızım səni bezdirirsə, at onu bloka, atasına deyərəm, bir əncam çəkər”.
Qızımla bu barədə danışdım. Dedi ki, “bir səhvdir, oldu-keçdi, qurtardı, nə vaxtsa məhkəmədə sübut edəcəm”. Daha atasına bir söz demədim.
Mən hər nə olur-olsun müəllimindən polisə şikayət etməməyi, şikayətini geri götürməyi tapşırdım. Qızım isə Mübarizin bütün təhqirlərinin telefonda olduğunu bildirdi”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mübariz 10 il müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com