Müəllimənin öldüyü qəza ilə bağlı hökm oxundu

Bu ilin fevralında Şəmkirdə ağır yol qəzası törətmiş 1989-cu il təvəllüdlü Mais Rəfiyevin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Şəmkir Rayon Məhkəməsində keçirilən prosesdə Mais Rəfiyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, M.Rəfiyevin ehtiyatsızlığından onun idarə etdiyi “Mercedes-Benz ML 350” markalı avtomobil Şəmkir-Şiştəpə yolunda 1971-ci il təvəllüdlü Təranə Nağıyevanın sürdüyü “Nissan”la toqquşub. Nəticədə T.Nağıyeva vəfat edib. Onun avtomobilində olan iki xanım sərnişin xəsarət alıb. Həmçinin M.Rəfiyevin avtomobilindəki sərnişinlərdən Əfqanıstan vətəndaşı Abdulvahab Alabi xəstəxanaya yerləşdirilib.

Məhkəmənin hökmü ilə Mais Rəfiyev bir il sürücülük hüququndan məhrum edilməklə dörd il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

Xatırladaq ki, qəzada ölən T.Nağıyeva və avtomobildə xəsarət alan qardaşı arvadı Şiştəpə kənd orta məktəbinin müəllimələri olublar.

18.12.2023 20:47
946