Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir. Bu, Milli Məclisin 17 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu qanunun 15.2.2-15.2.5 maddələrində (15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5.həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında) nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.
Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edilib ki, qanun layihəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinədən keçirilməsi qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsini təşkil edən çağırış komissiyalarının qərarlarının verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yekun tibbi müayinənin aparılması nəzərdə tutulur. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Təklif olunan dəyişikliyin qəbulu nəticəsində müddətli həqiqi hərbi xidmətə çağırış prosesində şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, çağırışçıların sağlamlıq vəziyyətinin daha dəqiq dəyərləndirilməsi üçün zəruri şəraitin yaradılması, qeyd olunan fəaliyyətin elektron informasiya sistemləri vasitəsilə təşkili və icrası proqnozlaşdırılır.
Xatırladaq ki, Prezident İlham Əliyevin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 6 oktyabr 2023-cü il tarixli fərmanına əsasən, gələn il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.
Yekun tibbi müayinənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılması, yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsinin nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi üzərindən həyata keçirilməsi nəzərdə tutulub.
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, Qarabağ probleminin həll olunması, ərazi bütövlüyümüzün təmin edilməsi hərbi sahədə xeyli dəyişikliklərin olması zərurətini yaradıb: “Məsələn, 35 yaşlı Azərbaycan vətəndaşının sülh dövründə xidmətdə nə işi var? Qoy gedib ailə-uşağının problemi ilə məşğul olsun. Bu gün Azərbaycan peşəkar ordu sisteminə keçidə hazırdır. Getdikcə həqiqi hərbi xidmət keçənləri sayı azaldılacaq, əvəzində müqaviləli, peşəkar hərbçilərə üstünlük veriləcək. Türkiyədə bu sistem oturuşub və effektiv ordu modeli ortadadır. Azərbaycanda da eyni sistem olacaq. 18 yaşına çatanlar müəyyən müddətdə hazırlıq keçəcək. Mümkündür ki, bir neçə həftə və ya ay ərzində silahla davranma və hərbə aid elementar bilgilər öyrədilsin. Peşəkar orduya getmək istəyənlər də özləri qərar verəcəklər. Daha 35 yaşında vətəndaşın hərbiyə çağırılması kimi hallar olmamalıdır. Alternativ xidmət keçmək istəyənlərə də imkanlar yaradılacaq. Peşəkar ordu ilə alternativ xidmətin olması bir-birinə heç bir halda mane ola bilməz.
Azərbaycan Qarabağ məsələsinin həllinə nail oldu və belə bir vaxtda alternativ xidmətə keçid məsələsi də həllini tapmalıdır. Bu məsələ uzun illərdir ki, gündəmdədir. Qarabağ məsələsi həll edilmirdi deyə, bu məsələ də açıq qalırdı. Qarabağ problemi artıq keçmişdə qaldı. Ümid edirəm ki, “Alternativ xidmət haqqında” Qanuna yaxın vaxtlarda Milli Məclisdə baxılacaq və qəbul ediləcək. Bu məsələ ilə bağlı Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən müəyyən iradlar vardır və bu qanun ölkəmizin gələcəyi naminə qəbul edilməlidir. Qarabağ məsələsi çözülməyənə qədər bu məsələnin həlli istiqamətində addımlar atılmırdı, çünki belə ehtimallar vardı ki, bəziləri xidmətdən yayınmaq üçün bu qanundan yararlana bilər. Əslində isə alternativ xidmətin şərtləri həqiqi hərbi xidmətdən daha ağırdır. Alternativ xidmət müddəti 2 il və daha artıq olmaqla, belə xidmət keçənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin tabeliyindəki qurumların sərəncamına verilirlər. Dini inanclarına, cinsi oriyentasiyası, baxışlarına görə həqiqi xidmət keçmək istəməyənlərin alternativ xidmət keçmələrinə şərait yaradılmalıdır ki, Azərbaycana qarşı iradlara da son qoyulsun, baxışları fərqli olan vətəndaşlara da xidmət keçmək imkanı yaransın. Misal üçün, onlar hərbi hospitallarda, tikinti, rabitə hissələrində qulluq edə bilərlər. Və ya hər hansı bir hərbi hissədə təmizlik, ya da aşpazlıq işlərinə baxa bilərlər”.
Hərbi ekspert deyib ki, hərbi həkim komissiyası ilə bağlı yeniliklər heç bir halda vətəndaşın incidilməsinə xidmət etməməlidir: “Belə fikirlər var ki, çağırışçılar ayrı-ayrı dövlət qurumlarının tərkibindəki tibbi komissiyalardan keçiriləcək. Belə çıxır ki, çağırışçılar tibbi müayinənin yarısını Səfərbərlik Xidməti nəzdindəki hərbi həkim komissiyasında, yarısını isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəyyən etdiyi hərbi həkim komissiyasında keçəcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir neçə sınaq aparıb, İsveçrə modelini tətbiq edib, İsveçrədə olan meyarlar nədirsə, onu gətirib Azərbaycanda tətbiq etdilər. On minlərlə insanın təqaüdü kəsildi. İnsanlar narazılıq etdilər deyə, sistemi bir neçə dəfə dəyişdilər. Bu gün çağırışçılarla bağlı da eksprement aparılmasına hazırlıq görülür. Əslində isə Müdafiə Nazirliyinin hərbi həkim komissiyası var və bu komissiyanın verdiyi rəy əsas götürülməlidir. Dövlətin bir qurumunun verdiyi rəyi o biri qurumları da qəbul etməlidirlər. Yəni dəyişikliklər inamsızlıq mühitinin aradan qaldırılmasına xidmət etməlidir, əksinə bu mühitin dərinləşməsinə aparmamalıdır. Əgər hərbi həkim komissiyasının rəyinə inamsızlıq varsa, belə bir mühitin yaranmasının şərtləri aradan qaldırılmalıdır. Bunun əvəzinə ikitirəlik yaradılmamalı, bununla da çağırışçıların vaxtı mənasız yerə tükədilməməlidir”.
Üzeyir Cəfərov bildirib ki, hərbi sahədə dəyişikliklər ordumuzun hərbi və döyüş qabiliyyətinin artırılmasına xidmət etməlidir.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”