Müdaxilə və manipulyasiya: ABŞ-ın dünya ölkələrindəki böhranlarda rolu - ŞOK FAKTLAR

Amerikanın dünyadakı qarışıqlıq yaradan siyasəti, demokratiya adı altında bölgələrə fəlakət gətirməsi hər kəsə məlumdur.

1news.az saytı bu barədə təhlil materialı hazırlayıb.

Musavat.com mövzunun aktuallığını nəzərə alaraq həmin materialın tərcüməsini təqdim edir:

Müasir dünyada Amerika Birləşmiş Ştatlarının rolu danılmaz və çoxşaxəlidir. Aparıcı dünya dövləti kimi ABŞ qlobal proseslərə mühüm təsir göstərir. Eyni zamanda öz siyasəti ilə mübahisə və tənqidlərə səbəb olur.

Qlobal dəyişikliklər və yeni çağırışlar qarşısında Birləşmiş Ştatlar öz hegemonluğunu tətbiq etmək üçün tez-tez yararsız üsullara əl ataraq, dünya səhnəsinə uyğunlaşmaq və liderliyini qoruyub saxlamaq yollarını axtarmağa davam edir. Vaşinqtonun geniş şəkildə istifadə etdiyi bu üsullardan biri də ictimai narazılığı təşkil etməklə, xalq iğtişaşlarını ruhlandırmaqla, bəzən qondarma “rəngli inqilablar”a çevrirməklə konkret ölkədə bəyənmədiyi hakimiyyət orqanlarını devirməkdir.

Belə siyasətin ən son nümunəsi kimi Banqladeşdə baş verən hadisələri göstərmək olar. Burada Amerika hərbi bazasının yerləşdirilməsi ilə bağlı münaqişə ciddi siyasi dəyişikliklərin katalizatoruna çevrildi və baş nazir Şeyx Hasinanın ölkədən qaçmasına səbəb oldu.

Asiyanın ən kasıb ölkələrindən biri olan Banqladeşin müxtəlif şəhərlərində etirazlar iyunun sonunda başlayıb, lakin avqustun 4-də yenidən alovlanıb. Etirazların görünən səbəbi- etirazçılar 1971-ci ildə müstəqillik müharibəsində iştirak edənlərin qohumları üçün iş kvotalarının ləğvini tələb edir.

347228699846896.jpg (89 KB)

Etirazçı tələbələr 2018-ci ildə ləğv edilən bu təcrübənin geri qaytarılmasını ayrı-seçkilik kimi qiymətləndiriblər. Üstəlik, özəl sektorun fəaliyyətinin aşağı düşməsi və yüksək işsizlik fonunda dövlət xidməti yerli gənclər üçün cəlbedici iş yerinə çevrilib.

Banqladeşdə vəziyyət sürətlə gərginləşdi, etirazlar tədricən silahlı toqquşmalara çevrildi. Nəticədə etirazlar başlayandan bəri 300-ə qədər insan həlak olub. Qəzəbli kütlənin ölüm təhdidləri ilə üzləşən Şeyx Hasina ölkəni tərk etmək məcburiyyətində qalıb.

O, Hindistana qaçıb və Böyük Britaniyadan siyasi sığınacaq istəyib. O, tərəfdarlarına yazdığı məktubda ABŞ-ı etirazları qızışdırmaqda ittiham edib:

“Meyitlərin kortejini görməmək üçün istefa verdim. Onlar tələbələrin meyitləri vasitəsilə hakimiyyətə gəlmək istəyirdilər, lakin mən buna imkan vermədim və baş nazirlikdən istefa verdim. Sent-Marten adasının suverenliyindən imtina edib Amerikanın Benqal körfəzinə nəzarət etməsinə icazə versəm, hakimiyyətdə qala bilərdim”.

Qeyd edək ki, Banqladeş materikindən cəmi 9 kilometr cənub-qərbdə Benqal körfəzində yerləşən Sent-Marten adası strateji əhəmiyyətə malikdir və təbii sərvətlərlə zəngindir ki, bu da Amerika strateqlərinin diqqətini cəlb edib. Adada hava və dəniz bazasının yerləşdirilməsi ABŞ-ın Hind okeanı və Cənubi Asiyada öz təsirini gücləndirmək üçün daha geniş strategiyasının bir hissəsi kimi qiymətləndirilib ki, bu da regionda geosiyasi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər.

Bu arada, Banqladeş üçün ABŞ bazasının yerləşdirilməsi milli suverenlik və təhlükəsizliyə təhdid yaradacaq. Şeyx Hasina bu planın həyata keçirilməsinin strateji resurslar üzərində nəzarətin itirilməsinə və ölkənin daxili işlərinə kənardan təzyiqin güclənməsinə səbəb olacağından ehtiyat edərək onun qəti əleyhinə çıxdı. Hasina hökuməti də ehtiyat edirdi ki, baza Amerika müdaxiləsinin simvoluna çevrilə və Banqladeşin müstəqilliyini zəiflədə bilər.

original-10bj.jpg (152 KB)

Beləliklə, Vaşinqton Şeyx Hasina hökumətinin devrilməsini və bu ölkədə Amerikaya daha münasib hökumətin yaradılmasını göz önünə alaraq Banqladeşdə daxili siyasi vəziyyətin gərginləşməsinə səbəb oldu. Bu cəhddə ABŞ uğur qazandı: Şeyx Hasinanın qaçması böhranın kulminasiya nöqtəsi oldu və Banqladeşdə siyasi mənzərənin mümkün dəyişikliyinə işarə etdi.

Amerika administrasiyası öz növbəsində tamamilə proqnozlaşdırılan şəkildə, bu Asiya ölkəsində baş verənləri inkar etməyə çalışdı və oradakı etirazlarda iştirakını hər şəkildə inkar etdi.

“Bizim bununla heç bir əlaqəmiz yoxdur. Birləşmiş Ştatlar səlahiyyətlilərinin bu hadisələrdə iştirakı ilə bağlı hər hansı xəbər və ya şayiələr sadəcə olaraq yalandır. Bu, doğru deyil”, – Ağ Evin mətbuat katibi Karine Jan-Pyer dünən jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. O əlavə edib ki, Birləşmiş Ştatlar ölkədə hakimiyyət dəyişikliyini “Banqladeş xalqının seçimi” hesab edir.

Banqladeşdəki hadisələrə paralel olaraq, iyun ayında Keniyada da oxşar qaydada hadisələr baş verdi. Lakin bu Afrika ölkəsinin lideri Şeyx Hasinadan fərqli olaraq postunu qoruyub saxlaya bilib. Hakimiyyət orqanlarının bir sıra mal və xidmətlərə vergiləri artırmaq planlarına görə Keniyada etirazlar və iğtişaşlar dalğası başlayıb və onlarla insanın ölümünə səbəb olub. Keniya prezidenti Uilyam Ruto birbaşa Amerikanın Ford Fondunu bu hadisələri təşkil etməkdə ittiham edib.

“Biz zorakılığa sponsorluq edənləri tanıyırıq və mən Keniyadakı anarxiyanın arxasında duranların hamısını məsuliyyətə cəlb etmək istəyirəm.
Əgər onlar (Ford Fondu - red.) Keniyada demokratiya ilə maraqlanmırlarsa, ya üslublarını dəyişsinlər, ya da getsinlər”, - Ruto vurğulayıb. Eyni zamanda o, hökumətin etirazçılarla dialoqa başlamağa hazır olduğunu açıqlayıb.

Daha sonra Ruto ölkədə geniş etirazlara səbəb olan büdcə qanun layihəsini imzalamayacağını deyib, və qanun layihəsini geri götürmək üçün rəsmi prosesə başlayıb.

Banqladeş və Keniyadakı hər iki vəziyyət ABŞ-ın Vaşinqtonun tələblərini yerinə yetirməkdən və ya suverenliklərini təhvil verməkdən imtina edən hökumətlərə qarşı tətbiq etdiyi “rəngli inqilab” taktikası prizmasından şərh edilə bilər. Bu inqilablar çox vaxt siyasi mühitin sabitliyini pozmaq, əlverişsiz hökumətləri dəyişdirmək üçün etiraz aksiyaları və iğtişaşlar təşkil etməkdən ibarətdir.

8888.jpg (162 KB)

Məsələn, Nikolas Maduronun bu yaxınlarda yenidən yeni prezidentlik müddətinə seçildiyi Venesuelada olduğu kimi. Bu arada ABŞ rəsmi olaraq müxalifətin namizədi Edmundo Qonzalesi seçkinin qalibi elan edib. Və ölkənin dövlət katibi Antoni Blinken Venesuela hökumətini “Venesuela seçki qanunlarına və Venesuela xalqının istəklərinə uyğun olaraq hakimiyyətin hörmətlə, sülh yolu ilə keçidi ilə bağlı müzakirələrə başlamağa” çağırıb. Suveren ölkənin işlərinə qarışmaq deyilsə, bu nədir?

Yaxud, iyul ayında litium hasilatına qarşı etirazların başladığı Serbiyanı götürək. Ətraf mühit fəalları etirazların ətraf mühitin mümkün çirklənməsi ilə bağlı narahatlıqlardan qaynaqlandığını deyirlər. Amma litium hasilatının qarşısının alınması tələbi ilə başlayan mitinqlər tezliklə ölkə prezidenti Aleksandr Vuçiçin istefasını tələb etməyə başlayıb. Sonuncu bildirdi ki, o, ekoloji şüarlar adı altında keçirilsə də, prezident əleyhinə xarakter daşıyan kütləvi aksiyaların hazırlanması barədə məlumat alıb. Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin də oxşar fikri bölüşür: “Litiumla bağlı etirazlar o qədər də ətraf mühitlə bağlı deyil. Onların məqsədi hökuməti devirməkdir”.

Maraqlıdır ki, Serbiyada etirazlar əsasən Amerika QHT-ləri tərəfindən dəstəklənir. Və bu mitinqlərin kütləviliyini nəzərə alsaq, Vaşinqtonun bu Balkan ölkəsindəki daxili proseslərə hansı real siyasi təsir göstərdiyinə dair nəticə çıxara bilərik.

ABŞ-ın hər yerdə olmasından danışarkən, bizə yaxın olan Gürcüstanı nəzərdən qaçıra bilmərik. Respublika son vaxtlar “Xarici təsirin şəffaflığı haqqında” və ya sadə və başa düşülən dillə desək, “xarici agentlər haqqında” qanunun qəbul edilməsinə görə ABŞ və Avropa İttifaqı tərəfindən hər cür təqib və qınaqlara məruz qalıb.

Gürcüstan rəhbərliyinin fikrincə, Vaşinqtonun başçılıq etdiyi Qərb Tbilisini Moskva ilə yeni münaqişəyə sürükləmək, Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün Gürcüstandan tramplin kimi istifadə etmək cəhdlərindən əl çəkmir. Nəticədə, ABŞ və Gürcüstan arasında münasibətlərdə görünməmiş böhran yarandı və Gürcüstan hakimiyyətində Vaşinqtonun respublikada dövlət çevrilişi həyata keçirməyə cəhd etdiyinə dair şübhələr daha da kəskinləşdi. Öz növbəsində ABŞ Gürcüstana yardım proqramlarını dondurur, bir sıra yerli məmurlar üçün viza məhdudiyyətləri tətbiq edir və münasibətlərə yenidən baxılacağını elan edir.

Beynəlxalq münasibətlər nəzəriyyəçiləri və politoloqlar ABŞ-ın bu cür ssenarilərdən öz maraqlarını inkişaf etdirmək və təsirini genişləndirmək üçün istifadə etdiyini irəli sürürlər. Yuxarıdakı misallarda biz görürük ki, ABŞ-ın xeyrinə olan sazişlərdən imtina bu ölkələrdə daxili qarşıdurmalara, bəzən hətta hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Suveren dövlətlərin işlərinə müdaxilə, inqilablara dəstək və siyasi rejimlərin dəyişməsi Amerika təsirini gücləndirməyə yönəlmiş strategiyanın tərkib hissəsi oldu. Bu yanaşma bəziləri tərəfindən qlobal təhlükəsizliyin təmin edilməsi və Qərb dəyərlərinin təbliği baxımından əsaslandırılsa da, bu, çox vaxt gözlənilməz nəticələrə gətirib çıxarır və daxili münaqişələri kəskinləşdirir, vətəndaş müharibələrinə və dövlətçiliyin məhvinə gətirib çıxarır.

Musavat.com

14.08.2024 10:24
707