Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə daha 2 maliyyə xidmət rəisi həbs olunub.
Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi çərçivəsində müxtəlif hərbi hissələrdə maliyyə xidməti rəisi vəzifəsində çalışmış Cəbrayıl Orucov və Vahid Novruzlu təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Musavat.com xəbər verir ki, hər 2 xidmət rəisinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. DTX-nin İstintaq baş idarəsi tərəfindən sabiq maliyyə xidməti rəisləri barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib. Bakı Hərbi Məhkəməsi tərəfindən hər iki şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs istintaqı və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı hazıradək ödəmədiyi üçün barələrində hüquqi məsuliyyət tədbirlərinin görüldüyü məlum olub. Cəbrayıl Orucov Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmədə ifadə vermiş çoxsaylı şahidlərdən biri olub.
Musavat.com xəbər verir ki, Cəbrayıl Orucov məhkəmədəki ifadəsində bildirmişdi ki, 2 hərbi hissədə və hərbi polisdə maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb. Onun sözlərinə görə, qanunsuz ödənişlərə yol veriblər, mənimsəmə faktları olub. Demişdi ki, hərbi hissələrdə maliyyə hesabı açılıb: “Dövlət büdcəsindən həmin hesablara ödəniş edilib. Biz də həmin pulları nağdlaşdırıb götürmüşük. Vəsaitin 60 faizini rəisimə vermişəm, 40 faizi isə özünə qalıb”.
Bildirmişdi ki, “ölü kart”lar yaradılıb, həmin kartların sahibləri olmayıb: “Pullar həmin kartlara köçürülüb. Hər ay 25 nəfərin adına ödəniş olub. Onlardan da 14-ü qadın olub. Bu əməkhaqqı cədvəlinin siyahısını hərbi hissə komandiri təsdiqləyib. Amma bu qanunsuzluqdan hərbi hissə komandirin xəbəri olmayıb”.
Cəbrayıl Orucov demişdi ki, 2 hərbi hissədəki mənimsəmələrdən ona ümumilikdə 800 min manat qalıb, qalan pulu isə təftişə gələnlər götürüb. O əlavə etmişdi ki, sonuncu yoxlama 2021-ci ilin yanvarında aparılıb, həmin yoxlama qrupuna isə rəhbərliyi Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rəfael Xələfov olub: “Həmin yoxlama zamanı bilinməyən məbləğlər olurdu ki, bunu da ancaq biz özümüz bilirdik. Bunu da heç kimə məruzə etmirdik. Rəfael Xələfov bunu müəyyən etdi və həmin məbləğin 60 faizini götürdü”.
Qeyd edək ki Nizami Məmmədov, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin, nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com