Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, müttəhimlər kürsüsünə Nizami Məmmədovla yanaşı, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə çıxarılıblar.
Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Şirin Şükürov ifadə verib.
O bildirib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində maliyyə xidmətinin rəisi vəzifəsində işləyib: “Mən mayor rütbəsində xidmətdə olmuşam. Hamı kimi biz də eyni qaydada işləmişik. Hər kəs kimi bizə qarşı da hər hansı bir güzəşt, ayrı-seçkilik olmayıb. Biz də 70-30 faizə işləmişik. Hərbi hissənin maliyyəsi ilə bağlı hesab açmışıq, artıq məbləğlər yazmışıq. Bütün sifarişləri biz yazırdıq”.
Şirin Şükürov qeyd edib ki, 2017-2021-ci illərdə aparılan ümumi təftişlər zamanı 1 milyon 600 min manat mənimsəmə müəyyən edilib. Onun sözlərinə görə, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib, həmin yoxlamaların nəticəsi ilə razı olub.
Şahid bildirib ki, 2017-2021-ci illərdə hərbi hissələrdə ümumilikdə 4-5 dəfə təftiş aparılıb, artıq çıxan vəsaitin 70 faizini təftişçilərə verib.
Şahid deyib ki, xidmət etdiyi hərbi hissə birbaşa nazirliyə tabe olub. O, heç kimdən bu işlərin görülməsi üçün hər hansı bir tapşırıq almadığını qeyd edib.
Şirin Şükürov bildirib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı onun tərəfindən 600 min manat dövlət vəsaitini mənimsəməsi müəyyən edilib: “Bu vəsaitin çox az bir hissəsini, 33 min manatını ödəmişəm. Mənim tərəfimdən vəsaitin tam ödənilməsi üçün vaxt istəmişəm. Yaxın zamanlarda tərəfimdən vurulan ziyanı tam ödəyəcəm. Hamı kimi mənə də aydındır ki, öhdəmizə düşən mənimsədiyimiz pulu ödəməliyik. Yaxın vaxtlarda ödəyəcəm”.
Şahid qeyd edib ki, sonradan başqa bir hərbi hissədə maliyyə xidmətinin rəisi işləyib. Onun sözlərinə görə, həmin hərbi hissədə aparılan yoxlama zamanı 140 min manatın mənimsənilməsi müəyyən edilib: “Bu hərbi hissə korpusa tabe olub. Korpusun maliyyə xidmətinin rəisi Ceyhun Musayev olub. Burada da 60-70 faizə işləmişik”.
Daha sonra ifadə verən şahid Tərlan Əliyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında maliyyə xidmətinin rəisi olub.
Onun sözlərinə görə, Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı 1 milyon 500 min manat mənimsəmə müəyyən edilib. Şahid bildirib ki, onun tərəfindən də vurulmuş 500 min manat ziyan tam ödənilib. Tərlan Əliyev qeyd edib ki, mənimsənilən 1 milyon manatı müxtəlif vaxtlarda təftişə gələn şəxslərə verib.
Şahid deyib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfova 4 dəfəyə hər dəfə 30-35 min manat olmaqla pul verib:
“Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Rafael Xələfovla üzləşməmiz olub. R.Xələfov 2 dəfə pul götürdüyünü deyib. Lakin mən ona ayrı-ayrı vaxtlarda 4 dəfə pul verdiyimi demişəm. Üzləşmə zamanı dedim ki, birinci dəfə nazirliyin qabağında özünə, ikinci dəfə isə maşınla gələn şəxsə vermişəm. İki dəfə Rövşən Əliyev tərəfindən Rafael Xələfova pul göndərmişəm. Rafael Xələfov iki dəfə göndərdiyim pulları etiraf etmirdi”.
Proses iştirakçılarının suallarını cavablandıran şahid işlədiyi dövrdə 16 nəfər qohumunun adına əməkhaqqı kartı açdığını etiraf edib: “Amma onlardan bir neçəsi hərbi akademiyada işləyib, qalanları isə işləməyib”.
Təqsirləndirilən şəxs Cəlal Kazımov şahid Tərlan Əliyevdən digər hərbi hissənin maliyyə xidmətinin rəisi olmuş Füzuli Ələkbərlinin onun adına əməkhaqqı kartı açdığını, həmin karta pul köçürüldüyünü deyib.
Şahid isə bundan xəbərsiz olduğunu bildirib. Deyib ki, onun belə bir kartdan xəbəri olmayıb.
Hakimlər tərəfindən səslənən istintaq ifadələrindən məlum olur ki, şahid Tərlan Əliyev 25 nəfər qohumunun adına əməkhaqqı kartı açıb. Həmin kartlar həyat yoldaşı, qardaşı, bacısı və digər yaxın qohumları olub.
Daha sonra şahid qismində ifadə verən Elçin Mustafayev bildirib ki, maliyyə xidmətinin rəisi işlədiyi hərbi hissədə aparılan maliyyə yoxlaması zamanı 528 min manat ziyan müəyyən edilib. Şahidin sözlərinə görə, bu vəsaitin 170 min manatı ona çatıb. Şahid qeyd edib ki, tərəfindən vurulmuş 170 min manat ziyandan cəmi 25 min manat ödəyib. O, dövlət büdcəsindən mənimsədiyi vəsaitin qalan hissəsini də qısa zamanda ödəyəcəyinə söz verib.
Məhkəmədə sualları cavablandıran şahid deyib ki, “ölü canlar” olan kart hesablarına əlavə vəsaitlər yazılıb, həmin kartların sayını dəqiq xatırlamır. Qeyd edib ki, “ölü kartlar”ı yaratmağı ona Cəlal Kazımov göstəriş verib: “Amma müəyyən müddətdən sonra Cəlal Kazımov dedi ki, daha bu kartlardan istifadə etməyək. Bu kartlar vasitəsi ilə 15 min manat əlavə əməkhaqqı yazılıb. Bunun da 13 min manatını Cəlal Kazımova vermişəm”.
Cəlal Kazımov isə şahidin yalan danışdığını, ona belə bir göstəriş vermədiyini deyib. O bildirib ki, ümumiyyətlə Elçin Mustafayevin fəaliyyətini yoxlamayıb. Qeyd edib ki, Elçin Mustafayevin fəaliyyətini birinci dəfə Nəriman Cabbarov təftiş edib, 20 faiz də vəsait ona verilib. Onun sözlərinə görə, ikinci dəfə yoxlamanı Rafael Xələfov aparıb.
Cəlal Kazımov Elçin Mustafayevdən də Füzuli Ələkbərli tərəfindən onun əməkhaqqı kartına 4500 manat pulun hansı məqsədlə köçürüldüyünü soruşub. Şahid isə deyib ki, Füzuli Ələkbərli ona borclu olub, həmin vəsaiti də onun kartına köçürüb.
Məhkəmədə məlum olub ki, Füzuli Ələkbərlinin göndərdiyi vəsait dövlət büdcəsindən ayrılan pul olub. Ona “siz bir-birinizə olan borcu dövlət büdcəsindən ayrılan pullar hesabına ödəyirsiz” sualına şahid cavab verə bilməyib.
Növbəti proses martın 1-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər birinə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Cinayət işi üzrə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
E.Məmmədəliyev,
Musavat.com