Müdafiə nazirinin sabiq müavini vəfat etdi

Azərbaycanın müdafiə nazirinin siyasi və ictimai işlər üzrə sabiq müavini (1995–1999) Mehman Səlimov vəfat edib.

Bu haqda Moderator.az-a mərhumun oğlu Fərhad Səlimov məlumat verib.

O, polkovnikin bu gün səhər saatlarında Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya xəstəliyindən sonra ürək çatışmazlığından vəfat etdiyini bildirib.

Qeyd edək ki, Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində çalışıb. Mehman Səlimova 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.
2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

19.12.2023 14:29
1270