Heç bir ölkədə ölən rəhbərlə ölmürlər. Adam vəfat edir və ya həlak olur, bir neçə gün yas tuturlar, lazımi prosedurları həyata keçirirlər, ondan sonra həyat qaldığı yerdən davam edir, boşalan yerlər tutulur, bəzi adamların üzünə gün doğur, bəzilərinin isə dövranı dönür.
Aviaqəzada həlak olan İran prezidenti İbrahim Rəisi ilə bağlı da elə oldu. Vitse-prezident Məhəmməd Mohber onun yerinə keçdi. Rəisi ilə birlikdə həlak olan xarici işlər naziri Hüseyn Əmir Abdullahyanın, Şərqi Azərbaycan vilayətinin qubernatoru Mələk Rəhmətinin yeri də boş qalmadı. Faciənin sutkası tamam olmamış boşalan postlar tutuldu. Görünür, elə olmalıdır.
Preizdentin ölüm xəbəri təsdiqlənən kimi İranın ali dini lideri ayətullah Əli Xamneyi yeni seçkilər təyin etdi və iyun ayının 28-də artıq İranın yeni prezidentinin adı məlum olacaq, ya da bu iş seçkilərin ikinci turuna qalacaq.
Yaxın günlərdə prezidentliyə namizədlərin göstərilməsi və qeydə alınması prosesi başlayacaq.
Ali dini liderin yaşının çox irəliləmiş olmasını və səhhətini nəzərə alsaq, bu növbədənkənar seçkilər İran dövləti və xalqı üçün həyati əhəmiyyət daşıyır. 28 iyun seçkisində həm İranın yeni prezidenti seçiləcək, həm də gələcək ali dini liderin siyasi varisi müəyyən olunacaq.
Xarici ekspertlər bildirirlər ki, dövlət rəhbərliyinə namizədlər sırasında Xamneyinin oğlu Müctəbanın da adı var və onun hərbi qüvvələr arasında dayağı daha güclüdür.
İranın siyasi həyatını bilən ekspertlərdən biri qeyd edir ki, əslində Rəisidən sonra İran prezidenti postuna əsas namizəd general Qasım Süleymani olub. Xamneyinin onu öz doğma oğlu qədər sevdiyi bildirilir. Ancaq Süleymani İraqda ABŞ hərbçiləri tərəfindən qətlə yetirildikdən sonra bu plan məcburən dəyişib. Rəisi özü isə ali dini lider postuna keçməyə əsas namizəd olub. Bu plan da məlum səbəbdən “qəzaya uğrayıb”. İndi yeni situasiya yaranıb və ortaya yeni adlar çıxacaq.
Müctəba Xamneyinin atasından sonra dini lider olması ideyası çoxdan müzakirə olunur. Ancaq onun atası kimi təcrübəli, savadlı, iradəli olmadığı, zəif və iradəsiz fiqur olduğu bildirilir. Fəqət bu aldadıcı görümtü, yanlış qənaət də ola bilər. Hakimiyyətə iddia edən və zəif görünən şəxs hakimiyyətə yiyələnəndən sonra tamam başqa birinə çevrilməsi, hamını şaşırtması halları az olmayıb.
Ancaq Müctəba Xamneyi İran prezidenti seçilsə, bu, bir maraqlı tarixi paraleli diqqət mərkəzinə gətirəcək. İranın 3-cü prezidenti Əli Xanneyi də növbədənkənar prezident seçkilərindən sonra bu posta gəlib. Bu hadisə 1981-ci ildə baş verib. Həmin vaxt İranın ikinci prezidenti Məhəmməd Əli Rəcai 48 yaşındaykən sui-qəsd nəticəsinə öldürülüb və İranda yeni prezident seçkisi təyin edilib.
Rəcai bu postda cəmi 28 gün qalıb. Ondan əvvəl isə o, 1 il İranın baş naziri postunda çalışıb.
Məhəmməd Əli 4 yaşında yetim qalmış, zülm-zillətlə böyümüş bir şəxs olub. Əslən Qəzvindən olan Rəcai 13 yaşında orta məktəbi əla qiymətlərlə bitirib, Tehranda bazarda işləyən qardaşının yanına gəlib, hərbi məktəbə girib, orduda qulluq edib, sonra gizli fəaliyyət göstərən inqilabçılara - “İslam fədailəri”nə qoşulub.
İranın gələcək baş naziri Mehdi Bəzirganın (1907-1995) partiyasına keçməsi və onun yaxın ətrafına daxil olması Rəcainin həyat yolunu müəyyən edib. Sonradan onların yolları ayrılıb.
İslam inqilabı qalib gələnə qədər Rəcai həbs və mühacirət həyatı yaşayıb. 1979-cu ildə ayətullah Xomeyni hakimiyyətə gələndə alovlu və dönməz inqilabçı kimi ad çıxarmış Məhəmməd Rəcai təhsil naziri təyin edilib. O, Qərbin mədəni təsirinin yayıldığına inandığı universitetləri və digər qurumları bağlatdırıb. maarifləndirici kitabların məzmununu dəyişməyə çalışıb, onların məzmununu islamlaşdırmaq cəhdləri edib.
1980-ci ilin avqustunda Rəcai baş nazir təyin edilib, 1981-ci ilin mart-avqust aylarında isə paralel olaraq xarici işlər naziri vəzifəsini də icra edib.
1981-ci il iyunun 21-də İran parlamenti ali dini lider Ruhulla Xomeyni ilə arası dəymiş prezident Əbülqasım Bənisədrə “İslam ruhanilərinə qarşı yönəlmiş fəaliyyətinə görə” ittihamı ilə impiçment elan edəndən sonra Xomeyni Bənisədri İran prezidenti vəzifəsindən azad edib və yeni seçki təyin olunub.
1981-ci il iyulun sonunda Məhəmməd Rəcai 88% səslə İranın prezidenti seçilib. Andiçmə mərasimindən iki həftə sonra isə bir toplantıda törədilən partlayış nəticəsində Rəcai, hökumət başçısı Məhəmməd Cavad Bahonar və daha üç nəfər həlak olub.
Qatilin dövlət təhlükəsizlik məmuru adı altında baş nazirin kabinetinə daxil olan Məsud Kəşmiri olduğu müəyyən edilib. Kəşmiri “İran xalqının mücahidləri təşkilatı”nın üzvü olub.
Beləlikllə, hazırda İranda, məşhur ifadə ilə desək, “biri ölməsə, biri dirilməz” situasiyasıdır. Yaxın günlərdə İran prezidenti postuna namizədlər irəli sürüləndə, ilkin mənzərə daha aydın olacaq.
Araz Altaylı, Musavat.com