Yaxın Şərqin mübahisəli ərazilərindən biri də Suriyaya məxsus olan, amma 1967-ci ildən İsrailin işğalında qalan Colan təpələridir.
Bu günlərdə BMT Baş Assambleyası İsraili Colan təpələrini tərk etməyə çağıran qətnamə qəbul edib.
Qətnamənin qəbuluna dair müzakirələrə 91 ölkə qatılıb. Həmişə olduğu kimi, Rusiya, Braziliya, Hindistan, Çin, Səudiyyə Ərəbistanı qətnamənin lehinə səs verib. Yenə həmişəki kimi, ABŞ və Böyük Britaniya, eləcə də onların “dairəsi”nə daxil olan 6 ölkə İsrailə qahmar çıxıb.
Bu, onu göstərir ki, böyük dövlətlər üçün dünyada haqq-ədalət deyilən bir şey yoxdur, onlar həmişə tərəf tuturlar, beynəlxalq miqyasa çıxmış münaqişələrin həlli zamanı özlərinə, müttəfiqlərinə sərf edən qərarlar verirlər.
Bu qətnaməyə dair daha bir statistika var: 62 ölkə bitərəf qalıb. Bu da o deməkdir ki, bu 62 ölkə Rusiya-Çin tandemi və ABŞ-Böyük Britaniya cütlüyünün tərəf tutaraq qarşı-qarşıya durduğu intriqada birinə yaxınlaşaraq o biri ilə münasibətləri korlamaq istəmirlər. Yəni burada da hər kəs öz maraqlarını güdür və onların vecinə deyil ki, Colan təpələri Suriyaya məxsusdur, yoxsa İsrailə.
Qətnamənin həmmüəlliflərinin hansı dövlətlərdən ibarət olması da yeni bir mülahizə yürütməyə əsas verir. Bu dövlətlər Əlcəzair, Venesuela, Misir, İordaniya, İraq, Qətər, Şimali Koreya, Kuba, Küveyt, Livan, Mavritaniya, BƏƏ, Suriya və Tunisdir. Göründüyü kimi, bu 14 dövlətdən yalnız üçü (Venesuela, Şimali Koreya və Kuba) ərəb dövləti deyil. Onlar anti-ABŞ ovqatlı dövlətlərdir və bu sıraya Rusiyaya görə qoşulublar. O biri dövlətlər isə sırf “ərəb qardaşlığı” amilinə görə Suriyanın tərəfini tuturlar.
Hətta əksinə olsaydı, bu münaqişədə haqlı tərəf İsrail, haqsız tərəf Suriya olsaydı, ərəb dövlətləri yenə də məhz ikincinin tərəfini tutacaq, Suriyanın işğalçılığına haqq qazandıracaqdı.
Bütün millətlərin haqq-ədalət umduğu dünya birliyinin işləri belədir. Biz bunu öz təcrübəmizdə də görmüşük. Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli bu üzdən gecikirdi və artıq 30 ili keçmişdi. BMT-nin Təhlükəsizlik Şurasınıni daimi və rotasiyalı qaydada dəyişən müvəqqəti üzvləri işğalçı Ermənistana havadarlıq edir, Azərbaycanın Colan təpələrindən də böyük və bərəkətli torpaqlarının erməni işğalında qalmasına göz yumurdular.
Böyük dövlətlərlə məsələ məlum idi, onların üçü – ABŞ, Rusiya, Fransa tam olaraq ermənilərin tərəfindəydi. ABŞ-ın daş qoyduğu yerə baş qoyan İngiltərə sırf öz maraqları (bp-nin biznesi) naminə üzdə neytral mövqedəymiş kimi görünürdü, Çin isə öz milyard yarımlıq əhalisinin qayğılarını qoyub Qarabağın kimə məxsus olmasının dərdini çəkəsi deyildi. Ortaboylu və kiçik dövlətlər isə həmişəki kimi böyük dövlətlərin ağzına baxırdılar.
İndi BMT 42 ildən sonra qət edir ki, İsrail BMT Təhlükəsizlik Şurasının 1981-ci il tarixli 497 saylı qətnaməsinə əməl etsin. O qətnamə İsrailin Colan təpələri üzərində yurisdiksiyasını təsis edən qanunun ləğvini tələb edir. Həmin vaxt İsrail 1967-ci ildən bəri əkib-becərdiyi, məskunlaşdırdığı Colan təpələrini ilhaq edərək öz torpaqlarına qatıb və BMT bunun düzgün hərəkət olmadığı barədə bəyanat verib.
Bir şey aydındır ki, İsrail o torpaqları heç vaxt xoşluqla tərk etməyəcək. Zorluğa qalsa isə, nə Suriyada elə bir qüdrət var ki, arsenalında atom bombası olan İsraili Colan təpələrindən çıxarsın, nə də İsrailin nüvə raketli müttəfiqləri ona silah qaldıran dövlətlərə belə bir imkan verərlər.
Tarixi gerçəkliyə qalsa, Colan təpələri qədim yəhudilərin, qədim ərəblərin, qədim yunanların və neçə-neçə başqa xalqların yaşayış məskəni olub. Sonra bu torpaqlar müxtəlif dövlətlərin, sülalələrin sərəncamına keçib. Osmanlı dövləti bir neçə yüz il bu torpaqlarda hökmranlıq edib. Osmanlı imperiyası dövründə Colan təpələri Fələstin vilayətinin torpağı olub. Nəhayət, böyük imperiyaların dağıldığı, yeni dövlətlərin əmələ gəldiyi, qanlı-qadalı 20-ci əsrdə Colan təpələri əvvəlcə Fransanın, sonra Livanın, daha sonra Suriyanın yurisdiksiyasına (1944-cü ildə) keçib. Suriyanın səhvi onda olub ki, 1967-ci ildə İsraili Yer üzündən silmək istəyən “ərəb koalisiyası”nın başlatdığı 6 günlük müharibəyə qoşulub və uduzub. İsrail Colan təpələrini hərbi qənimət kimi götürüb və bir daha Suriyaya qaytarmayıb.
Adı həm də Cövlan təpələri ((ивр. רָמַת הַגוֹלָן Ramat HaGolan, араб. هضبة الجولان Haḍbatu 'l-Jawlān) ) kimi qeyd olunan həmin ərazi 1800 kvadrat kilometrdir və Yaxın Şərqin ən gözəl, ən bərəkətli və sulu ərazisidir. Bu yüksəkliklər və dağətəyi torpaqlar İsrail üçün həyati əhəmiyyət daşıyır.
Hazırda ərazinin böyük hissəsi İsraildə, kiçik hissəsi Suriyadadır. Suriyadakı vətəndaş müharibəsi zamanı (2011-2018) Quneytra üsyançıları və mücahidlər Suriyaya məxsus olan nahiyəni tamamilə ələ keçiribmişlər. Yalnız 2018-ci ilin yayında Suriya ordusu yaraqlıları bölgədən sıxışdırıb çıxara bilib.
Beləliklə, bu presedentdən aydın olur ki, güclü olmaq beynəlxalq arenada haqlı olmaqdan daha ötə üstünlükdür. İsrail ötən əsrin 60-cı illərində zəif olsaydı, qətiyyətli və sərt hərəkətlər etməsəydi, bu gün dövlətçiliyi olmazdı, yəhudilər də dünyanın 150 ölkəsinə səpələnmiş halda yaşayardılar.
Biz 1988-94-cü illər arasında havadarlı Ermənistanın qarşısında zəif idik, başımıza gəlməyən müsibət qalmadı, böyük dövlətlər də, beynəlxalq təşkilatlar da başımızdan basdılar. 2020-ci ildə güclü olduq, 2023-də haqqımız olanı aldıq, indi hamı yavaş-yavaş yeni situasiya ilə barışır.
Colan təpələrindən fərqli olaraq Qarabağın kimə məxsusluğu daha mübahisə predmeti olmayacaq.
Araz Altaylı, Musavat.com