MSK-ya sədrlik: Məzahir Pənahov ancaq bu şərtlə qalır

Müxalifət Rövzət Qasımovu ali seçki qurumuna rəhbər görmək istəyir

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisindən sonra Azərbaycan hökumətinin tərkibi yenidən formalaşdırılıb. Artıq bu tərkibdə ədliyyə naziri Fikrət Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yer almayıb. Nazir vəzifəsi müvəqqəti olaraq Azər Cəfərova, komitə sədri vəzifəsi isə Səyyad Salahlıya həvalə edilib. İslahatlar mərhələli şəkildə davam etdiriləcək, bəzi vəzifəli şəxslər istefaya göndəriləcək və ya daha aşağı posta keçiriləcəklər.

Pravda.az-a istinadla xəbər verir ki, bu islahatlar Mərkəzi Seçki Komissiyasını (MSK) da əhatə edəcək. 24 ildir MSK-ya sədrlik edən Məzahir Pənahov postu ilə vidalaşacaq.

Azərbaycan qanunvericilinə əsasən, MSK üzvlərini yeni formalaşmış Milli Məclis seçir. Yəni parlament seçkiləri keçirildikdən sonra MSK-nın tərkibi formalaşdırılacaq.

Qurumun tərkibi 18 nəfərdən ibarətdir, 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil etməlidir.

VII çağırış Milli Məclisə keçirilən seçkilərdə də hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlamentdə daha çox yer qazanacağı şübhəsizdir. Hazırkı islahatların kursuna uyğun olaraq, MSK-nın tərkibi əhəmiyyətli dərəcədə dəyişəcək. Milli Məclis seçildikdən sonra YAP-ın daha Məzahir Pənahovun, Şaitdin Əliyevin, Ramiz İbrahimovun, Hüseyn Paşayevin namizədliyini irəli sürməyəcəyi bildirilir. Məzahir Pənahovun namizədliyi irəli sürülsə də, daha sədr olmayacaq.  

Rövzət Qasımov: Bəzi namizədlər cəmiyyəti çaşdırır

Rövzət Qasımov

MSK sədri vəzifəsinə hazırda Məzahir Pənahovun müavini olan Rövzət Qasımovun gətiriləcəyi bildirilir. Uzun müddətdir xidmətlərinə görə onun MSK sədri gətiriləcəyi bildirilsə də, nədənsə hələ bu baş verməyib. Amma indi situasiya fərqlidir.

1978-ci il təvəllüdlü R.Qasımov 26 ilə yaxındır ki, MSK-da çalışır. İxtisasca ingilis dili üzrə tərcüməçi, dövlət və bələdiyyə idarəetməsi mütəxəssisidir. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən MSK katibliyinin müdiri olub, 2019-cu ildən isə MSK sədrinin müavinidir. O, əvvəllər heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdisə, artıq indi YAP-ı təmsil edir. R.Qasımov kifayət qədər təcrübəli, ciddi əlaqələrə malik şəxsdir, seçki mütəxəssisidir. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisində də kifayət qədər aktivlik nümayiş etdirdi.

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan  Əlizadə – Yeni Çağ Media

Arzuxan Əlizadə

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, hazırda mövcud olan qanunuvericiliyə müvafiq olaraq Azərbaycanda növbəti parlament seçkiləri bu il noyabrın 3-də keçirilməlidir: "Amma diqqətə alsaq ki, ölkədə noyabrın 11-də COP-29 tədbirinin keçirilməsi nəzərdə tutulub və buna görə 100 minə yaxın qonağın gəlməsi gözlənilir, o halda seçkinin noyabrın 3-də keçirilməyəcəyi, vaxtın dəyişdiriləcəyi ehtimalı artmış olur. Bunu isə növbədənkənar seçkiyə getməklə həll etmək mümkündür və belə ediləcəyi ehtimalı yüksəkdir. Cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, parlament seçkilərinə qədər referendum keçirilməsi məqsədəuyğundur. Çünki parlamentin say tərkibində dəyişikliyə, eləcə də konstitusiyamızda digər dəyişikliklərə ehtiyac yaranıb. Belə bir təcrübə də var ki, 2020-ci ildə növbədənkənar parlament seçkiləri keçirilmişdi. İndi də növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu isə noyabr ayından xeyli əvvəl ola bilər. Əgər konstitusiyada dəyişiklik olmayacaqsa və  növbədənkənar parlament seçkiləri keçiriləcəksə, parlamentin tərkibində, məncə, elə də böyük dəyişikliklər olmayacaq. Şübhəsiz ki, yeni Milli Məclisin tərkibinə uyğun da Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları formalaşdırılacaq. Ölkə üzrə 125 dairə seçki komissiyasının və beş mindən artıq məntəqə seçki komissiyalarına müstəqil deputatların komissiya üzvləri təqdim etməsi qaydası normal deyil. Ona görə bu məsələdə də qanunvericiliyə dəyişikliklər edilməlidir. Parlamentdə çoxluqda və azlıqda olan siyasi partiyalar seçki komissiyalarının formalaşmasında daha böyük üstünlüyə malik olmalıdır. Eləcə də MSK-nın hazırkı tərkibi hörmətli Məzahir Pənahovun rəhbərliyi ilə uzun müddətdir fəaliyyətdədir. MSK-nın üzvlərinin böyük əksəriyyətinin MSK üzvlüyü müddəti elə Məzahir Pənahovun MSK sədrliyi müddəti ilə demək olar eynidir. Yeni parlament seçkilərindən sonra MSK-da dəyişikliklər olacağı barədə deyilənlər reallaşa bilər. Məzahir Pənahov sədr olmayacaqsa, Rövzət Qasımovu şəxsən mən həmin vəzifəyə layiqli namizəd hesab edirəm. Rövzət Qasımovun bu sahədə böyük təcrübəsi var. MSK-nın tərkibində dəyişikliklər olacağı qaçılmazdır. Amma istənilən halda ilk növbədə seçkilərə yanaşma fəlsəfəsində ciddi dəyişikliklər olmalıdır. Bu olmayacaqsa, MSK-nın tərkibində şəxslərin dəyişməsi nəyisə ciddiyə dəyişə bilməz”.

Elşad Musayev İlham Əliyevi təbrik etdi - GlobalInfo.az

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə xəbərlər intensiv yayılır. Lakin noyabr ayında COP-29 kimi böyük beynəlxalq tədbir Azərbaycanda keçiriləcək: "Ona görə də noyabr ayında, eləcə də ondan əvvəlki bir neçə ayda seçkilərin olacağı mümkün görünmür. Dekabr ayında isə bələdiyyə seçkiləri keçiriləcək. Ona görə də növbədənkənar parlament seçkiləri olacaqsa, iyul ayına qədər keçirilməlidir. O vaxta qədər keçirilməyəcəksə, gələn ilin fevralında keçiriləcək. Əslində buna da cəmi 1 il vaxt qalıb. Şübhəsiz ki, nə zaman yeni Milli Məclis seçiləcəksə, o zaman yeni MSK formalaşdırılacaq. İndiyə qədər MSK bir partiyanın üstünlüyü ilə formalaşdırılıb. Bundan sonra necə olacağını isə zaman göstərəcək. Amma ən əsası odur ki, seçkilərin tamamilə demokratik keçirilməsi üçün siyasi qərar, siyasi iradə ortaya qoyulsun. Belə olanda seçki komissiyasının tərkibində kimlərin olub-olmaması həlledici amil olmur. Həlledici amil qanun olur. Bu zaman isə istənilən seçki komissiyası üzvü və ya sədri qanunun sərt üzündən çəkinəcək və qanun nə tələb edir ona uyğun da hərəkət edəcək. Biz bundan sonra çalışmalıyıq ki, bələdiyyə və parlament seçkilərini də yüksək seçici aktivliyi, yüksək əhval-ruhiyyə ilə, doğru-düzgün keçirək. Biz proporsional seçki sisteminin bərpa olunmasını da vacib hesab edirik”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

21.02.2024 09:15
5304