Rusiyanın paytaxtı Moskvada qorxunc hadisə yaşanıb.
Ulyanovsk şəhərinin sakini, işsiz və sərxoş olan kişi hadisə şahidlərinin gözü qarşısında anasının qucağından körpə qızını oğurlamağa cəhd edib.
Bu barədə Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən bildirir.
Məlumata görə, 27 yaşlı Aleksey Kiriçenko öz ad günündən bir gün sonra insanların dincəldiyi parka gəlib və orada qucağında 5 aylıq körpə qızı ilə skamyada oturan qadını görüb. Kişi qadına nəsə deyib və o qaçmağa başlayıb. Kişi arxasınca düşüb, qadına çataraq onu yıxıb və qucağındakı körpəsini alaraq əks istiqamətə qaçmağa başlayıb.
Qadın ətrafdakıları köməyə çağırıb və onlar dərhal Alekseyin arxasınca qaçıblar. Bir neçə metrdən sonra Aleksey körpəni yerə atıb və gözdən itməyə çalışıb, lakin saxlanılıb.
Körpə qapalı kəllə-beyin travması, döş qəfəsinin əzilməsi kimi xəsarətlər alıb, bədənində çoxsaylı sıyrıqlar və qançırlar əmələ gəlib.
Hazırda Kiriçenkoya qarşı insan oğurluğu maddəsi ilə cinayət işi açılıb və onu 12 ilə qədər həbs gözləyir. Onun daha əvvəllər də dələduzluq maddəsi üzrə məhkum olunduğu məlum olub.