Moskva yaxınlığında dəhşətli yanğın və partlayışlar: Kimya anbarı alova qərq oldu

Moskvaətrafı Balaşixe şəhərində güclü yanğın baş verib.

Musavat.com xəbər verir ki, hadisə şəhərin anbar sahəsində qeydə alınıb və qısa müddətdə böyük miqyas alaraq əhalidə ciddi təşviş yaradıb.

Şahidlərin sözlərinə görə, alovla bərabər bir neçə partlayış səsi də eşidilib. Qara tüstü göyə qalxaraq şəhərin müxtəlif hissələrindən görünüb. Hazırda yanğınsöndürənlər hadisə yerindədir, lakin alovu tam söndürmək mümkün olmayıb.

İlkin məlumatlara əsasən, yanğın Balaşixe Təcrübə Kimya Zavodunun və məişət kimyəvi məhsulları ilə məşğul olan TDK şirkətinə məxsus anbar sahələrini əhatə edib. Alovun sahəsi təxminən 5 min kvadratmetr olaraq göstərilir.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hələlik xəsarət alan və ya tibbi yardıma müraciət edən olmayıb. Lakin yanğın artıq qonşu binalara da keçib və vəziyyətin ağırlaşma ehtimalı var.

Hazırda yanğının səbəbləri araşdırılır, şəhərdə fövqəladə vəziyyət rejimi gücləndirilib.



Musavat.com

31.08.2025 11:57
880