Moskva və Ər-Riyad neft qiymətlərini xilas etmək üçün bunu da etdilər

Rusiya və Səudiyyə Ərəbistanı dünya neft bazarında qiymətləri yüksək səviyyədə saxlamaq üçün daha bir addım atıblar.

Bu gün əvvəlcə Səudiyyə Ərəbistanı gündəlik hasilatın 1 milyon barel azaldılması öhdəliyinin sentyabrda da davam etdiriləcəyini elan edib. Beləliklə, ölkənin gündəlik hasilatı sentyabrda da 9 milyon barel təşkil edəcək. Ər-Riyad bu addımı könüllü şəkildə iyul-avqust aylarında qiymətlərin düşməsinin qarşısını almaq üçün atmışdı.

Rusiya isə avqustda gündəlik neft ixracını 500 min barel azaltmaq barədə könüllü öhdəliyini sentyabrda 300 min barel olaraq davam etdirəcəyini açıqlayıb. Bu barədə baş nazirin müavini Aleksandr Novak məlumat verib.

Qeyd edək ki, dünən ABŞ-da kommersiya neft ehtiyatlarının 17 milyon bareldən çox azaldığı açıqlansa da, bu, neft bazarına gözlənilən pozitivliyi gətirmədi. Əksinə, Brent neftinin qiyməti 85 dollardan 83 dollara qədər ucuzlaşdı. Çin, ABŞ və Avropa İttifaqı iqtisadiyyatlarından açıqlanan neqativ göstəricilər bazarlara da eyni təsiri göstərməkdədir. Bu baxımdan, Rusiya və Səudiyyə Ərəbistanının qiymətləri 80 dollar civarında saxlamaq cəhdlərinin sentyabrda indiki nəticəni verəcəyi real görünmür. Çünki hazırda yay mövsümü ilə əlaqədar hərəkətlilik, səyahətlər çoxalıb. Bu isə yanacağa tələbatı artırıb. Sentyabrdan bu hərəkətlilik kəskin azalacaq və yanacaq istehlakı da düşəcək...

Musavat.com

03.08.2023 18:57
583