Moskva Vaşinqton və Tehran arasında vasitəçi olmaq istəyir. Məqsəd İranı qorumaqdır, yoxsa balans siyasəti?
Musavat.com bildirir ki, politoloq Zeynal Əmrəliyev məsələyə bu cür şərh verib:
"Kreml ABŞ və İran arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bəyan edib. Bu təklif Vaşinqtonun Tehranı nüvə proqramı ilə bağlı danışıqlara başlamağa çağırdığı, əks halda hərbi əməliyyatlara əl atacağı ilə hədələdiyi bir vaxta təsadüf edir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, biz iranlı həmkarlarımızla daimi məsləhətləşmələr aparırıq:
"Tehran isə dünən Ağ Evin birbaşa danışıqlar təklifini yenidən rədd edərək yalnız vasitəçi təmaslara hazır olduğunu vurğulayıb".
Politoloqun fikrincə, Rusiyanın bu vasitəçilik təşəbbüsündə iki əsas məqsədi var:
"Birincisi, Rusiya ABŞ-nin Ukrayna üzrə apardığı danışıqlarda vasitəçi rolunu tarazlamağa çalışır. Moskvada yaxşı anlayırlar ki, əgər Ukrayna ilə sülh ABŞ vasitəçiliyi ilə əldə olunarsa, Vaşinqton bu müqaviləyə öz maraqlarını daxil etməyə çalışacaq. Bu isə Rusiya üçün iqtisadi güzəştlər və diplomatik zəiflik riski yaradır.
Digər tərəfdən, Donald Tramp hər nə qədər rəsmi Moskvanın maraqlarını müdafiə etsə də, Rusiya postsovet məkanındakı bir ölkə ilə danışıqlarda vasitəçinin ABŞ olmasını istəmir.
Rusiya üçün vasitəçiliyə marağın ikinci əsas səbəbi isə İrana qarşı mümkün hərbi müdaxilənin Moskva üçün sərfəli olmamasıdır. Sərhədləri daxilində artıq iqtisadi vəziyyəti gərgin olan Rusiya üçün bölgədə yeni müharibə daha ciddi problemlərə səbəb ola bilər. Eyni zamanda, İrana qarşı hərbi müdaxilə dünya neft bazarında təlatümə, həmçinin böyük qaçqın axınına gətirib çıxara bilər ki, bu da Moskvanın maraqlarına uyğun deyil.
ABŞ isə İranla problemi maksimum şəkildə təkbaşına həll etməyə çalışır. Lakin Rusiyanın Tehran üzərində artan təsiri və təzyiqi göstərir ki, Vaşinqton və Tehran arasında vasitəçisiz birbaşa danışıqlar hazırda mümkünsüz görünür".
Xalidə Gəray,
Musavat.com