Zelenski Kurskun mərkəzi Suca şəhərinin nəzarətə götürüldüyünü açıqladı, ordu 80-dən çox yaşayış məntəqəsini kontrolda saxlayır; analitiklər Putinin strateji uğursuzluğunun səbəbləri və Kremlin son anda atacağı addımları təhlil edib.
Ukrayna ordusu Rusiyanın Kursk vilayətinin Sudja (Suca) qəsəbəsini nəzarətə götürüb. Bu barədə avqustun 16-da prezident Volodimir Zelenski məlumat verib. Zelenski açıqlamasında deyib: “Biz yeni irəliləyiş əldə etdik. Baş Qərargah rəisi Aleksandr Sırski Sudjanın ələ keçirildiyini bildirdi. Hazırda orada Ukrayna hərbi komandanlığı yaradılır. Daha bir neçə yaşayış məntəqəsi də geri alınıb. Onların sayı artıq 80-ni ötüb”. Ukrayna ordusu PUA-larla Belqorod vilayətinə də hücum edib. Vilayətin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, hücum nəticəsində Qrafovka kəndinə ziyan dəyib. Drondan atılan partlayıcı qurğu özəl sektorlardan birinə düşüb. Nəticədə iki avtomobil tamamilə yanıb. Həmçinin iki fərdi evin pəncərələri sınıb, dam örtüyü, fasad və hasarlar dağılıb. Ukrayna Qara dənizdə də hücuma keçib. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Qara dənizlə Krım yarımadasına doğru hərəkət edən iki pilotsuz qayıq da zərərsizləşdirilib.
ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib ki, Ukrayna ordusunun Kursk vilayətində əməliyyatın mümkün olmasının səbəblərindən biri Rusiyanın Ukraynanı lazımınca qiymətləndirməməsidir. “2022-ci ilin payızından Kreml və Rusiya hərbi komandanlığı Ukraynanın şimal-şərqi ilə sərhədə "yatmış" cəbhə kimi baxıb və çox güman ki, öz ərazisini qorumaq üçün kifayət qədər tədbirlər görməyib. Əgər Rusiya Ukraynanın hücumuna qarşı özünü müdafiə etməyi planlaşdırsaydı, onlar tez bir zamanda daha vahid və aydın struktur yaradardılar. Bu hücum çox güman ki, Kremlin sərhəddə Ukraynanın daha hansı növ əməliyyatlarının mümkün olduğuna dair anlayışını genişləndirəcək və Putin və Kremlin strateji uğursuzluqdan əziyyət çəkdiyini ortaya qoyacaq", - hesabatda qeyd olunub.
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi artıq əndazədən çıxır. Kursk, Belqorodda davam edən döyüşlərin fonunda bəşəriyyət üçün böyük təhlükələr meydana çıxır. Hətta kiçik bir dövlət olan Estoniya bəyan edib ki, Ukraynaya dəstəyini davam etdirəcək. Həmçinin bu məlumat da dünya boyunca yayıldı ki, Ukrayna qoşunları Rusiya Federasiyasının Kursk vilayəti ərazisinə hücum zamanı Britaniyanın “Challenger 2" tanklarından istifadə edib. Bu barədə "Sky News" telekanalı məlumat yayıb. Əgər məlumat təsdiqlənsə, bu, Ukrayna hərbçilərinin Rusiya torpaqlarında döyüşlərdə ilk dəfə Britaniya tanklarından istifadə etməsi anlamına gəlir. Böyük Britaniyanın Müdafiə Nazirliyi əməliyyat təfərrüatlarını şərh etməkdən imtina edib. Ukrayna Silahlı Qüvvələri də buna rəsmi münasibət bildirməyib. Böyük Britaniya hökuməti, sadəcə, Ukraynanın Rusiya ərazisində Britaniya silahlarından istifadə etməkdə sərbəst olduğunu təsdiqləyib. Kanalın mənbəsi bunun “Challenger 2" tanklarına aid olduğunu bildirib və onların Ukraynanın avqustun 6-da başlayan əməliyyatı zamanı istifadə edildiyini bildirib.
Baş verənlərdən hansı nəticə çıxır? Qarşıdakı günlərdə şiddətli savaşlar davam edərsə, Rusiya ərazisinə hücumlar dayanmazsa, Moskva nüvə silahından istifadə təhdidlərini gerçəkləşdirə bilərmi? Rusiya Telegram kanallarında adının çəkilməsini istəməyən diplomatik mənbəyə istinadən bu mövzuda maraqlı məlumat yayılıb. Rusiyalı həmin mənbə bildirib ki, Kursk hadisələri ilə əlaqədar Moskvanın nüvə silahına əl atması mümkün deyil. O deyib ki, nüvə silahının tətbiqi beynəlxalq səviyyəli fövqəladə hadisə olar və Moskva bu addımın həm dünya siyasətinə təsirlərini, həm də nüvə dövlətlərinin mövqeyini nəzərə almalıdır. Rusiyanın tərəfdaşları Çin və Hindistan, ümumiyyətlə, bu məsələnin qoyuluşuna qarşıdır. Vaşinqtonun mövqeyi məlumdur - onlar bu halda qeyri-nüvə xarakterli zərbə ilə cavab verəcəklər. Britaniya isə Ukraynaya taktiki nüvə silahı verməyi nəzərdən keçirəcək.
Hazırda ATACMS taktiki ballistik raketləri ilə Rusiya ərazisinə zərbə endirilməsinə icazə verilməsi üçün Kiyev və Vaşinqton arasında danışıqlar gedir. ABŞ xüsusən Kursk vilayətində ATACMS raketlərindən istifadə edilməsinin əleyhinədir. Vaşinqton hesab edir ki, həmin raketlərdən Krımda istifadə olunması daha vacibdir. ABŞ rəsmiləri həmçinin onu da qeyd ediblər ki, ATACMS raketlərindən istifadəyə qadağa qoyulması heç də Rusiyadan çəkinməklə bağlı deyil. Sadəcə, bu qərarın verilməsinə səbəb həmin raketlərin məhdud sayda olmasıdır. Kanadanın Müdafiə Nazirliyi isə açıqlama yayıb ki, Ukrayna göndərdiyimiz silah-sursat və hərbi texnikadan Rusiya ərazisində istifadə edə bilər. Bildirilib ki, rəsmi Kiyevə bununla bağlı məhdudiyyət qoyulmayıb. Nazirliyin açıqlamasında Ukrayna hökumətinə 8 ədəd “Leopard 2A4" tankı, onlarla zirehli maşın, yüzlərlə zirehli patrul avtomobili və bir neçə ədəd "M-777" artilleriya qurğusu göndərildiyi bildirilib.
“Ölkənin şərqindəki Ukrayna qoşunları indi ehtiyac duyduqları hər şeyi alırlar”. Ukrayna prezidenti Volodimir Zelenski deyib. Ukraynanın şərqində Rusiya qoşunlarının artan təzyiqi səbəbindən Kiyev Donetsk vilayətində müdafiəyə maksimum diqqət yetirir. Zelenski gündəlik videomüraciətində Rusiya hücumlarının əksəriyyətinin Toretsk və Pokrovskda baş verdiyini bildirib. Onun sözlərinə görə, təcili ehtiyac duyulan ləvazimatlar cəbhəyə artıq gəlib - “indi lazım olan hər şey”. Bununla belə, Zelenski şiddətli döyüşlər gedən bölgələrə əlavə qoşunların göndərilib-göndərilmədiyini dəqiqləşdirməyib.
Elxan Şahinoğlu
Baş verənləri şərh edən analitik Elxan Şahinoğluna görə, Putin Ukraynaya qarşı işğalçı müharibəyə qərar verməmişdən öncə köməkçilərinə, müşavirlərinə və nazirlərinə mümkün ssenarilər barədə hesabat hazırlamaq tapşırığı verməyib: “Müharibənin uzanacağı halda bunun Rusiya üçün hansı fəsadlar yaradacağı proqnozlaşdırılmayıb. Kremlin yeganə yanlış ssenarisi o olub ki, bir həftəyə qoşunlar Kiyevə daxil olacaq və Ukraynada Moskvaya tabe olacaq hakimiyyət qurulacaq. Görünür, Kremli 2008-ci ildə bir neçə günün içərisində Gürcüstan müharibəsində qazandığı uğur və 2014-cü ildə bir güllə atmadan Krımın ilhaqı kefləndirib. Elə biliblər ki, Ukraynanın qalan hissəsini də asanlıqla özlərinə tabe etdirəcəklər. İlişiblər və Kremlin indiki ağır vəziyyətdən neçə çıxacağına dair aydın təsəvvürü yoxdur”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”