Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert salonunda baş verən terror hadisəsinin İŞİD tərəfindən üstlənməsi Rusiyaya qarşı hazırlanmış uzaqhədəfli təxribatlara bənzəyir.
Musavat.com-a açıqlama verən siyasi şəhrçi Heydər Oğuz məlum terror aktını şərh edərkən belə deyib.
Heydər Oğuzun fikrincə, sözügedən terror aktını planlaşdıranların məqsədi, konsert izləməyə gələn mülki vətəndaşları güllə-barana tutmaq deyildi: “Əsas hədəf Rusiya ictimaiyyəti arasında dini güvənsizlik yaratmaq və Ukraynaya qarşı amansız müharibə aparan rus ordusunu zəiflətmək ola bilər. Məlumdur ki, Ukraynada döyüşən rus əsgərlərinin arasında xeyli sayda müsəlmanlar var. Rusiya Ukrayna savaşında ön cəbhəyə əsasən “qara millət” adlandırdığı müsəlman və ya qeyri-rus gəncləri göndərir. Orta Asiyadan və Qafqazdan bu ölkəyə bir tikə çörək pulu qazanmaq üçün gələn gənclərin zorla səfərbərliyə alınıb əlinə silah verərək ön cəbhəyə göndərilməsi hallarına da tez-tez rast gəlinir. Rus əsilli gənclər isə bu müharibədən yayınmağın yollarını tapa bilir, bəziləri hətta ölkəni tərk edib xaricə qaçırlar. Təsadüfi deyil ki, Ukraynada öldürülən işğal ordusunun əsgərlərinin mühüm hissəsi məhz Sibirdə və Orta Asiyada yaşayan xalqların nümayəndələridir. Zatən bu səbəbdən Rusiya müsəlmanları arasında ciddi narazılıqlar yaranır. Xüsusilə Dağıstan, Kabardin-Balkar və s. kimi Şimali Qafqaz diyarlarında, həmçinin Çuvaşıstanda tez-tez müharibəyə etiraz səsləri eşidilir. Terror aktı da məhz belə bir zamanda baş verdi”.
Həmsöhbətimiz vurğulayıb ki, İŞİD adına həyata keçirilən terror aktından sonra rus ordu hissələrində müsəlmanlara qarşı güvənsizliyin yaranması və getdikcə ölkənin dini qarşıdurmalara sürüklənməsi ehtimalı istisna olunmamalıdır və bu da Rusiyanın hərbi qüdrətinə ağır zərbə vura bilər: “Ən azı ona görə ki, müsəlman toplumuna güvənsizliyin Çar Rusiyasının ilk illərində olduğu kimi, təhlükəli şəxslərin hərbi görəvlərdən uzaq tutulması və işğalçı müharibənin ancaq rus əhalinin hərbi-vətəndaşlıq öhdəliyinə çevrilməsi kimi halların yaşanmasına gətirib çıxarma ehtimalı var”.
Siyasi şərhçinin iddialarına görə, Rusiya toplumunda bir-birinə güvənsizlik hissinin yaradılmasının bir neçə səbəbi ola bilər: “İlk növbədə, sözsüz ki, istənilən toplumda, o cümlədən Rusiyada dini güvənsizlik hissinin yaranması ölkədəki sabitliyə də ciddi zərbə vurur. Moskva daxili sabitliyi qorumaq üçün öz hərbi qüdrətinin müəyyən hissəsini içəridə saxlamağa və daxili qoşunlarının sırasını genişləndirməyə məcbur olacaq. Bu da nəticə etibarilə Ukraynada savaşan qüvvələrin sayının azalmasına yol açacaq”.
Heydər Oğuz xatırladıb ki, terror aktından bir müddət əvvəl Rusiya rəsmiləri daha iki ordu hissələri yaratmaq planlarını açıqlamışdılar: “Əlavə iki ordu yaratmaq hər birində 200 min-300 min əsgərin hərbi xidmətə alınması mənasına gəlir. Bu isə 400 min - 500 min əsgərin əsgərliyə çağrılması, dolayısıyla ümumi səfərbərlik elan olunması deməkdir. Rusiyanın isə bu potensialı getdikcə məhdudlaşır və gənclərin ölüm-dirim savaşı üçün silah altına alınması sosial narazılığı artırır. Bir də buna dini etimadsızlığı və daxili təhlükəsizlik amilini əlavə etsək, vəziyyət daha da mürəkkəbləşir. Zənnimcə, terraktı planlaşdıranların da əsas məqsədi bu ola bilər”.
Hazırda Rusiyanın əhalisinin 20 faizini müsəlmanlar təşkil etdiyini xatırladan siyasi şərhçi bildirib ki, şimal qonşumuzda gənclərin toplumdakı say nisbətinə görə də müsəlman əhali rusları qabaqlayır: “Müharibədən əvvəlki rəsmi məlumatlara baxsaq, ruslar arasında ölüm statistikası doğum sayını üstələdiyi halda, müsəlman əhalidə bu göstərici müsbət rəqəmlərlə ifadə olunurdu. Məsələn, London mərkəzli “The Economist” dərgisinin məlumatına görə, 2020-2023-cü illərdə Rusiyanın əhalisinin sayı 3 milyon azalıb. Bundan əlavə, xeyli sayda hərbə yararlı yaşda olan kişilərin müxtəlif səbəblərdən dünyasını dəyişməsi və ya xaricdə olması nəticəsində qadınların sayı kişilərın sayını təxminən 10 milyon nəfər üstələyib. Müsəlmanların sayı isə tam tərsinə 1 milyon artmışdır. Bu isə Rusiya müsəlmanlarının qeyri-müsəlmanlara nisbətən bir neçə dəfə çox doğum nisbətinə malik olduğundan xəbər verir. Ukrayna ilə müharibə başlayandan bəri 1 milyondan çox hərbi mükəlləfiyyət yaşına çatan gənc rusların ölkəni tərk etdiyini də nəzərə alsaq, ümumi səfərbərliyə hazırlaşan ölkədə ciddi problemlərin olduğu təsdiqlənər. Görünür, bu səbəbdən də Kremlin sözçüsü Dmitri Peskov hələ 2021-ci ildə Rusiyanın demoqrafik vəziyyətinin “çox pis olduğunu” etiraf etmiş və bunun düzəldilməsinin mümkünsüzlüyünü bildirmişdi. Rusiya prezidenti Vladimir Putin isə bir az da irəli gedərək, rus qadınlarının üzərində mənəvi bir öhdəlik qoymuşdu: “Nənələrimiz kimi 5-7 uşaq doğmaq””.
Heydər Oğuzun fikrincə, Moskvadakı terror aktını törədənlərin hamısının tacik olması da təsadüfi deyil: “Bilirsiniz ki, Rusiyanın xaricdəki ən böyük hərbi qüvvəsi Tacikistanda yerləşir. 201-ci hərbi baza adlanan bu hərbi sruktur İŞİD, Talıban kimi radikal qrupların Əfqanıstandan bu ölkəyə sızmasının qarşısını almaq üçün ordadır. Dünən baş verən terror aktı göstərir ki, Rusiya əslində öz istəyinə nail ola bilməyib. Təhlükənin qarşısını almaq üçün 201-ci hərbi bazadakı qüvvələrin sayı artırılmalıdır. Ukraynada ağır döyüşlərə girən və artıq bu hərbi aktivliyi açıq şəkildə “xüsusi hərbi əməliyyat” deyil müharibə olduğunu etiraf etmək məcburiyyətində qalan Rusiya əlindəki məhdud sayda qüvvələrinin bir hissəsini də Tacikistana ayrımalıdır. Əks halda, bu cür terror hadisələri ilə daha tez-tez üzləşəcək”.
Tacikistan ərazisinin ən azı 45 faizinin Bədəxşan vilayətindən təşəkkül tapdığını bildirən siyasi şərhçi vurğulayıb ki, Əfqanıstan sərhədində yerləşən bu əraziləri nəzarət altında saxlamaq imkansızdır: “Çünki Pamir dağlarının zirvələri üzərində yerləşən bu ərazilərdə hərbi texnikalardan istifadə etmək olduqca çətindir. Bir-birinin ardınca sıralanan zirvələrdə terrorçularla nizami ordu mənsubları, demək olar ki, eyni silahlardan istifadə edirlər. Bu da mülki vətəndaş kimi geyinən terrorçuların daha təhlükəsiz hala gətirir. Zira ordu mənsubları önlərinə keçən hər mülki şəxsə atəş yağdıra bilməzlər. Terrorçuların hədəfi isə bəllidir və bu da onları daha böyük avantajlı hala gətirir”.
Həmsöhbətimizin onu da vurğulayıb ki, Rusiyanın Tacikistanda qisas əməliyyatlarına başlaması faktiki olaraq Qərbin arzuladığı ikinci cəbhənin Pamir dağlarında açılması deməkdir və bu da Moskvanı tamamilə tükəndirə bilər.
E.Məmmədəliyev,
Musavat.com