Moskva 10 noyabr sənədini arxivə göndərmək istəmir

Azərbaycan və Ermənistanın Zəngəzur dəhlizini sonraya saxlamaqla bağlı razılaşması Kremli hərəkətə keçirib; Rusiya dəhlizə nəzarəti əldən vermək niyyətində deyil; politoloq: “Üçüncü ölkələr bu məsələyə qarışa bilməz”

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

Bu, 4 il əvvəl Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs razılaşmasından bu günə “sağ qalan” yeganə maddədir. 10 noyabr bəyanatının qalan 8 maddəsinin bir hissəsi yerinə yetirilib, bir neçəsi isə bölgədə yaranan yeni reallıqların təsiri ilə aktuallığını itirib. Azərbaycanın Qarabağ bölgəsində bu bəyanat nəticəsində çəkilmiş müvəqqəti xətlər silinib, Ermənistan və Rusiya ordusu ölkədən çıxarılıb, sona qədər Azərbaycanın qanunları altında yaşamaqdan imtina edən erməni əhalisi isə köçüb. Hazırda Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətlərindən biri 10 noyabr bəyanatının sonuncu bəndinin yerinə yetirilməsidir. Bölgədə nəqliyyat, kommunikasiya əlaqələri bərpa olunmalıdır, Ermənistan öz ərazisindən Azərbaycana Naxçıvan eksklavına maneəsiz keçidi təmin etməlidir. Bu maddə həm də Rusiyanın danışıqlar prosesində iştirakına hüquqi əsaslar yaradan yeganə üçtərəfli razılaşmanın bir hissəsidir. Azərbaycan Ermənistandan almaq istədiyi maneəsiz keçidə üçüncü ölkənin təhlükəsizlik qüvvələrinin nəzarət etməsində maraqlı deyil. Rusiya ən yüksək səviyyədə Azərbaycan və Ermənistan arasında münaqişədən “sağ qalmış” yeganə rıçaqını itirmək niyyətində deyil və bunu XIN rəsmisi Mariya Zaxarova tez-tez bəyan edir...

Bakı və İrəvanın mövqeyində Zəngəzur keçidi ilə bağlı fikir ayrılıqları olsa da, bu, prinsipial xarakter daşımır, daha çox Rusiyanı neytrallaşdırmaq üçün qarşılıqlı paslaşmaya bənzəyir. Bir neçə ay əvvəl tərəflərin bu məsələni sülh danışıqlarından çıxararaq, gələcəkdə müzakirə etmək barədə razılığa gəlmələri Moskvanı möhkəm qıcıqlandırmışdı. Çünki hər iki ölkə mövzunu 10 noyabr bəyanatı çərçivəsində deyil, ikitərəfli qaydada müzakirə edərək razılığa gələcəklərinə ümid bəsləyirlər.

Elə bugünlərdə Vladimir Putin azərbaycanlı həmkarı ilə telefon danışığında bu ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı əldə edilmiş razılaşmaları, həmçinin Rusiyanın baş naziri Mixail Mişustinin bugünlərdə Bakıya səfəri zamanı təmaslarını nəzərə alaraq, sənaye və nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin praktiki olaraq həyata keçirilməsi məsələlərini müzakirə etmişdi.

Hadisələrin gedişindən belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycan və Ermənistanın razılığa gəlməsi mövqelərdəki ziddiyyətlərdən daha çox geosiyasi amillərlə bağlıdır. Pressklub.az bu mövzuda təhlilində yazır ki, Rusiya-Ukrayna müharibəsinin bundan sonrakı aqibəti, Birləşmiş Ştatlarda hakimiyyətə gələn Donald Tramp administrasiyasının Cənubi Qafqaz siyasəti, Avropa İttifaqı və Türkiyənin regionda fəallığını artırması Bakı və İrəvanı konkret qərarlar qəbul etməyə sövq edəcək. Proseslər yekun mərhələdədir, sülh danışıqlarında yeni formullar tapılır, sərhədlərin delimitasiyası razılaşdırılıb, nəqliyyat əlaqələrinin bərpası, kommunikasiyaların açılması da eyni qaydada həllini tapa bilər. Amma Rusiyanın müqavimətinə, Ermənistana qarşı hədə-qorxularına baxmayaraq, artıq 10 noyabr bəyanatının “sağ qalan” 9-cu maddəsi aktual deyil, yeni reallıqlara uyğun gəlmir. Bakı və İrəvan ikitərəfli əsasda bu məsələdə ortaq məxrəcə gələ biləcəklər. Regiondakı digər aktorlar - Türkiyə, İran, ABŞ, Avropa İttifaqı da Orta dəhlizin əsas həlqələrindən biri olan Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər. Siyasi analitiklər situasiyanı necə dəyərləndirir? Rusiyanın məqsədi nədir?

Arzu Nağıyev komitə sədri seçildi – SumqayitXeber.Com

Arzu Nağıyev 

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında maraqlı məqamlara diqqət çəkdi: “Məlumdur ki, Rusiya üçün 10 noyabr bəyanatı çox mühüm strateji əhəmiyyət kəsb edir və bu razılaşmaya uyğun olaraq Cənubi Qafqazda mövqeyini qorumağa çalışır. Bu, çox əhəmiyyətli bir vasitədir, Rusiya həmin bəyanata uyğun olaraq regionda öz maraqlarını təmin etməyə çalışır. Donald Trampın prezident seçilməsindən sonra Moskva daha da ciddi şəkildə bölgəyə nəzarəti gücləndirməyə çalışır. Bunun üçün iqtisadi rıçaqları işə salır, Abxaziyada baş verən hadisələr bu mənada diqqətdən kənarda qala bilməz. Həmçinin Yuxarı Larsdan keçən yükləri yubandırmaqla özünün varlığını sübuta yetirməyə çalışır. Burada həm sərhəd təhlükəsizliyi, həm də nəqliyyat əlaqələrinin necə bərpa olunacağı məsələləri var”. A.Nağıyevin sözlərinə görə, Rusiyanın bu proseslərdə iştirakını nəzərdə tutan amillərdən biri də Ermənistanın Azərbaycanla Zəngəzur dəhlizinə maneəsiz keçid təmin etməsidir: “Rusiyanın istədiyi məsələlərdən biri də dəhlizi öz təhlükəsizlik qüvvələri vasitəsilə nəzarətdə saxlamaq, həm də Cənubi Qafqazın gələcək geosiyasi düzəni ilə bağlı öz maraqlarını qorumağa çalışmasıdır. Çünki Zəngəzur dəhlizi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən bir nəqliyyat əlaqəsi olmaqla, həm Azərbaycanın, həm də regiondakı digər böyük güclərin maraqları baxımından geosiyasi əhəmiyyət daşıyır”. Komitə sədrinin sözlərinə görə, Rusiya üçün başqa bir məsələ ABŞ, Avropa İttifaqı və Türkiyə kimi digər güclərin regiondakı fəaliyyətlərini artırmasıdır, bu da Rusiyanın nüfuzunu zəiflədə bilər: “Moskvanın əsas məqsədi regionda mövqeyini qorumaqdır. Buna mane olan isə Azərbaycanın və Ermənistanın vasitəçisiz ikitərəfli razılaşmalarıdır. Rusiya Zəngəzur dəhlizini öz nəzarətində saxlaması üçün Ermənistana təzyiq edir. Rusiya bu vəziyyətdə həm özünün geosiyasi mövqeyini qorumağa, həm də Ermənistanı öz əlində saxlamağa çalışır. Azərbaycan və Ermənistan isə ikitərəfli müzakirələrlə bu məsələni həll etməyə cəhd edirlər. Regiondakı digər aktorlar isə Rusiyanın nəzarətinin azaldılmasında maraqlıdır. Lakin son hadisələr bir daha göstərir ki, Rusiya mövqeyini qorumaqda acizləşir və bu, gələcəkdə çox ciddi geosiyasi dəyişikliklərə səbəb ola bilər. Əsas məqam kimi onu qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu prosesləri ciddi təhlil edir və müstəqil daxili və xarici siyasət aparır. Biz ölkəmizdə keçirilən çox mühüm, beynəlxalq səviyyəli COP29 tədbirinə ev sahibliyi etməklə nəyə qadir olduğumuzu bütün dünyaya göstərdik”.

Azərbaycanla Ermənistan razılaşdıqca, Rusiya və İran narahat olur" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistanla Azərbaycan arasında 10 noyabr Birgə Bəyannaməsi qüvvədən düşüb: “Çünki bu bəndlər vaxtında yerinə yetirilsəydi, 2023-cu ildə antiterror əməliyyatlarına ehtiyac olmazdı. Rusiya və Ermənistan birləşib 10 noyabr bəyannaməsindən irəli gələn bəndləri vaxtında sabotaj etdilər. Hazırda Rusiya 9-cu bənddə israr edir. Ermənistan isə bundan imtina edib”. Ekspertə görə, Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin yaradılması və Zəngəzur dəhlizinin açılması bu iki dövlət arasında sülh müqaviləsindən sonra həllini tapacaq: “Üçüncü ölkələr bu məsələyə qarışa bilməz. Artıq iki ölkə arasında dəmir yolu xəttinin reallaşması razılaşmaq üzrədir. Bu yola Azərbaycan və Ermənistan nəzarət edəcək. Çünki Zəngəzur dəhlizinin açılması Ermənistanın da maraqlarına xidmət edir. Rusiya çalışır ki, Zəngəzur dəhlizinə özü nəzarət etsin. Ona görə də bunu gündəmdə saxlayır. Amma ərazi Ermənistanındır. Ermənistan rəhbərliyi də Rusiyanın iştirakına icazə vermir. Həm də niyə icazə verməlidir ki?! Azərbaycan və Ermənistan sülh müqaviləsi bağladıqdan sonra üçüncü ölkənin iki ölkə arasında mövcudluğuna ehtiyac qalmır”.

E.PAŞASOY,
“Yeni Müsavat”

20.11.2024 09:02
549