Mosbirja Qazaxıstan Fond Birjasının səhmdarlığından çıxarıldı

“Moskva Birjası” (MOEX) Qazaxıstan Fond Birjasının (KASE) səhmdarları siyahısından çıxıb.

Musavat.com-un KASE-yə istinadən verdiyi məlumata görə, Qazaxıstan Fond Birjası, MOEX ilə 10 oktyabr 2018-ci il tarixində imzalanmış strateji əməkdaşlıq müqaviləsi və müvafiq sazişlərə əsaslanan münasibətlərə xitam verib: “Moskva Birjası KASE kapitalından tamamilə çıxarılıb”.

Qeyd edək ki, bir neçə ay əvvəl ABŞ-ın sanksiya siyahısına daxil edilən Mosbirja, KASE səhmlərinin 13,1 faizinə sahib idi. Bu səhmlərin yeni sahibləri Tethys Capital MMC D.U. "Nigella" qapalı investisiya fondu (səhmlərin 8,5 faizi və ya 91,395 min səhm) və “Balance Asset Management” MMC D.U. "Levköy" birləşmiş qapalı investisiya fondudur (səhmlərin 4,6 faizi). Hər iki səhmdar Rusiya mənşəlidir və 11 oktyabr 2024-cü il tarixinə KASE səhmdarları siyahısına daxil edilib.

Oktyabrın 11-nə olan KASE səhmdarlarının hazırkı siyahısında əsas səhmdar Qazaxıstan Respublikasının Milli Bankıdır, o, 47 faiz paya sahibdir.

Qazaxıstan Fond Birjasının verdiyi məlumata görə, 30 sentyabr 2024-cü il tarixindən etibarən, Mosbirjanın nümayəndəsi Vladimir Krekoten, səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün öz ərizəsi əsasında KASE direktorlar şurasından istefa verib. “KASE, birja bazarının inkişafı, yeni birja məhsullarının tətbiqi və investor bazasının genişləndirilməsi istiqamətində gördüyü işlərə görə MOEX-ə təşəkkür edir. Tərəfdaşlıq dövründə birja strateji layihələr, o cümlədən ticarət və klirinq sistemlərinin modernləşdirilməsi, bütün birja bazarlarında mərkəzi kontragent xidmətlərinin tətbiqi, yeni maliyyə alətlərində ticarətin təşkili, xüsusilə klirinq iştirak sertifikatları ilə repo əməliyyatlarının açılması və s. həyata keçirib”.

Açıq mənbələrdən əldə edilən məlumatlara görə, Nigella MMC kənd təsərrüfatı xammalı, heyvanlar, toxuculuq xammalı və yarımfabrikatların topdan satışı ilə məşğul olur. Şirkət Moskvada qeydiyyatdan keçib. MMC “Levkoy” isə Sverdlovsk vilayətində qeydiyyatdan keçib və səhiyyə, tibb sahəsində fəaliyyət göstərir.

Musavat.com

11.10.2024 18:17
389