Noyabrın 3-də Moldovada prezident seçkilərinin 2-ci turu keçirilib.
Namizədlər arasında hazırkı prezident Maya Sandu və keçmiş baş prokuror Aleksandr Stoyanoqlo mübarizə aparıb. Stoyanoqlo müstəqil namizəd olsa da, Sosialistlər Partiyası və keçmiş prezident İqor Dodon tərəfindən dəstəklənib. Sandu rəqibini “Moskvanın adamı” adlandırsa da, Stoyanoqlo bu ittihamları rədd edib. Azərbaycandakı Moldova səfirliyində də xaricdəki vətəndaşların səsverməsi üçün seçki məntəqəsi fəaliyyət göstərib.
“Watchdog Moldova” təşkilatının prezidenti Valeriu Paşa, Rusiyada yaşayan işadamı İlon Şorun seçiciləri Moskva, Minsk, Bakı və İstanbula pulsuz nəqliyyatla daşıdığını iddia edib. Moldova Xarici İşlər Nazirliyi isə “Seçki turizminin bəzi əlamətlərinə diqqət yetirildiyini” bildirib.
Moldova Mərkəzi Seçki Komissiyası da bu nəqliyyatın Rusiyada, Belarusda, Azərbaycanda və Türkiyədə həyata keçirilməsinə dair ciddi şübhələrin olduğunu vurğulayıb. Qanunvericiliyə görə, seçicilərin mütəşəkkil daşınması 3 min ley (285 manat) və 6 min ley (570 manat) arasında cərimə, hüquqi şəxslər üçün isə 15 min leyədək cərimə və 6 aydan 1 ilə qədər müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə ilə cəzalandırıla bilər.