Möhbalıyevin qardaşının bağ evində qəddar qətl törədənə ağır cəza  

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Ramin Əlixanova hökm oxunub.

Musavat.com xəbər verir ki,  Ramin Əlixanov Cinayət Məcəlləsinin 120.2.2-ci -xuliqanlıq niyyətilə qəsdən  adam öldürmə maddəsi ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun həbs müddəti saxlanıldığı gündən hesablanıb.

42 yaşlı Ramin Əlixanov 2021-ci ilin sentyabrında gözətçisi olduğu, Faiq Möhbalıyevə məxsus bağ evində bağban kimi işlədilən Cəfər adlı şəxsi külünglə qətlə yetirib. Kimsəsiz olan Cəfəri qətlə yetirəndən sonra onu həyətdə basdırıb. Faiq Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin qardaşıdır.

O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin rəisi olub. İbtidai istintaq zamanı verdiyi ifadəsində Ramin Əlixanov deyib ki, gözətçisi olduğu bağa oğurluğa girən şəxsi külünglə vurub.

Məhkəmə araşdırmaları zamanı Ramin Əlixanov deyib ki, Cəfəri Möhbalıyevlərin bağ evindən oğurluq etməsi ehtimalına görə öldürüb. Məhkəmə  Ramin Əlixanovun sözlərinə inanmayıb və onu ittiham üzrə təqsirli bilərək ağır cəza təyin edib. Mərhum Cəfərin yaxınları müəyyən edilmədiyindən kimsəsizlər qəbiristanlığında dəfn olunub.

 

E.Məmmədəliyev,
Musavat.com

05.06.2024 16:29
1093