Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalist olaraq Naxçıvanda səfərdə olduq. Media tur zamanı jurnalistlərə Naxçıvan səhiyyəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər barəsində ətraflı məlumatlar verildi.
Səfər çərçivəsində xəstəxanalardan başqa yaxından tanış olduğumuz məkanlardan biri də “Duzdağ” Fizioterapiya Mərkəzi oldu.
Yaşı minilliklərə söykənən Duzdağ qədim tarixi və təbii gözəlliyi ilə seçilən Naxçıvanın rəmzi hesab edilir.
Məkanda olarkən jurnalistlərə bildirildi ki, Fizioterapiya Mərkəzi 1979-cu il dekabr ayının 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyətə başlayıb. 1983-cü ilin oktyabr ayından xəstəxanada çarpayıların sayı 100-ə çatdırılıb. 2003-cü ildə xəstəxana ən müasir tələblərə uyğun yenidən qurulmuş, müasir avadanlıqlarla təchiz edilib. Hazırda mərkəz 474 çarpayı ilə dünyanın bir çox ölkələrindən gələn xəstələrə xidmət göstərir.
Mərkəzin yeraltı hissəsi duz mədənində əsas dağ sexində, girişdən 300 metr məsafədə,110 metr dərinlikdə 10 işlənmiş mağarada yerləşir.
Mərkəzin birinci mərtəbəsində qeydiyyat, müayinə, təsərrüfat otaqları, bufet, ikinci mərtəbəsində isə baş həkim, tibb bacısı, iki ordinator otağı, mühasibatlıq, təsərrüfat müdiri və texniki işçilər üçün otaqlar var. Yeraltı şöbənin girişində fizioterapiya kabinəsi və laboratoriya yerləşir.
Yeraltı şöbədə ilin bütün fəsillərində havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Mərkəzdə bronxial astma, xroniki bronxit, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit və allergik rinit xəstəlikləri müalicə olunur.
Duzdağ kimi dünyada mağaralar çoxdur. Belə ki, Almaniyada, Ukraynada, Macarıstanda, Polşada, Çində bu cür mağaralar mövcuddur. Duzdağ mağarası allergik xəstəlikləri olanlara yaxşı təsir göstərir, bəlğəm gətirir, immuniteti bərkidir.
Lakin Duzdağın möcüzəli faydaları qədər əks təsirləri də var. Mərkəzdə çalışan mütəxəssislərin sözlərinə görə kimdəsə zob, bazidov, snekardiya, infarktdan əvvəlki dövr, mədə yarası, yaxud şəkər alergiya xəstəliyi varsa, bura olmaz, Duzdağ onlara pis təsir edə bilər.
Mərkəzdə xəstənin qalma müddəti fərqlidir. Belə ki, 10 yaşına qədər uşaqlar günorta 4-5 saat olmaqla 8-12 günə kimi qalır, 11 yaşından yuxarılar isə axşamı burada gecələyirlər.
Mərkəzdə tətbiq edilən müalicə elmdə speleoterapiya adlanır. Speleo- mağara, terapiya isə müalicə deməkdir. Əgər ehtiyac olarsa, döş qəfəsinin masajı, müalicə-gimnastika da edilir, bəzi dərmanlar təyin edilir.
Kimdəsə mövsümü xəstəlik vardırsa, (polinoz) onların həmin mövsümdən 15-20 gün əvvəl gəlməsi məsləhətdir. 3 yaşına qədər uşaqların bura gəlməsi qadağandır.
Xəstələr şaxtada olduqda temperatur 0-50C, nisbi rütubət isə 5-10 faiz arta bilər.
Mərkəzdə speleoterapiya Ukraynanın Ujqorod xəstəxanasının metodik göstərişlərinə uyğun aparılır. Belə ki, xəstələr ən əvvəl 2-3 gün xəstəxana ərazisində adaptasiya olunur, daha sonra saat 2000-dan - 800-a qədər, böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir.
Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma qeyd olunur.
Xəstələr şaxtaya getməklə bərabər, lazım gələrsə bəzi dərman preparatları, fizioterapiya, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və s. alırlar. Mümkün qədər dərman preparatları az təyin edilir (xəstə kortikosteroidlər alırsa, doza tədricən azaldılır). Speleoterapiya xəstədə boğulma tutmaları olmayan dövrdə və ya remissiya dövründə aparılır.
Məlumata görə mərkəz fəaliyyətə başlayandan bu günə qədər 35000-ə yaxın xəstə müalicə olunub. Bu xəstələrin 30-35 faizində boğulma tutmaları 3-5 il olmayıb. Uşaqlarda isə bu göstərici daha yaxşı olub.
Yaxşılaşma uşaqlarda 4-cü, 5-ci günü qeyd edilir. Böyüklərdə isə bir qədər fərqlidir. Belə ki, xəstəliyin gedişindən asılı olaraq bir qrupunda yaxşılaşma iki həftədən sonra, bəzilərində müalicənin axırında, bəzilərində isə yaşayış yerinə gedəndən 15-30 gündən sonra qeyd edilir.
Bronxial astmalı şəxslərdə speleoterapiyadan sonra boğulma tutmalarının sayı azalır və ya kəsilir, quru öskürək azalır və ya bəlğəmli öskürəklə əvəz olunur, yuxuları yaxşılaşır, təngnəfəslik azalır, qanda leykositlərin və eozinofillərin artmış miqdarı azalır, bəlğəmdə eozinofillər azalır, bronx yolları təmizlənir, xəstələr havanı daha rahat alır, nəbzləri normallaşır və sairə.
Xalidə Gəray
Video və fotolar müəllifindir
Bakı-Naxçıvan-Bakı
Musavat.com